AZ

Təhsil eksperti: Məktəbəqədər hazırlıq qrupları cəmiyyətin maraq dairəsindədir

''Məktəbəqədər hazırlıq qruplarını əvvəlki kimi məktəbdən alıb bağçalara vermək lazımdır. 5 yaşlıların hazırlığı başlayıb, əksəriyyəti cılız, balaca, oyuncaq boydadır. Çoxunun heç partadan başı çıxmır. O nə bilir dərs, oxumaq, yazmaq nədir. Hara tələsirsiniz ay valideynlər? Niyə qoymursuz ki, uşaqlar oynasın, uşaqlığını yaşasın? Valideynlər uşaqlarını məktəbəqədərə gedir deyə, bağçalardan çıxarıblar. Amma əsl məktəbəqədər hazırlıq qrupu bağçada olur. Məktəb müəllimləri yox, bağça müəllimləri məktəbəqədər təhsilin ixtisası üzrə oxuyurlar. Ona görə də məktəbdəki hazırlıq qruplarında 1-ci sinfin proqramı keçilir. 1-ci sinfin proqramının özü 7 yaşlı uşaq üçün ağırdır, o ki qaldı 5 yaşlı uşaq ola. O gün mənə bir valideyn şikayətlənirdi, deyir uşağı 1-ci sinfə qoymuşam, müəllim deyir bu nədir, bu heç hərf yazmağı bilmir. Valideyn deyib ki, öyrənsin deyə 1-ci sinfə gəlir də, uşaq harda öyrənməli idi? Müəllim də cavab verib ki, mənim sinfimdəki bütün uşaqlar məktəbəhazırlıq qrupunda öyrənib. Bir sözlə, uşaq 1-ci sinfə gələndə oxumağı bacarmalıdır. Elə bilirsiz könüllü öyrənir o 5 yaşlılar? Yox, ağlaya-ağlaya, göz oyuncağında qala-qala''.
Bu fikirləri sosioloq Lalə Mehralı öz feysbuk hesabında paylaşıb. Maraqlıdır bu yanaşma nə dərəcədə düzgündür? Valideynlər uşaqları erkən hazırlığa qoymaqla yanılırlarmı?

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, əslində 5 yaşlı uşaqların məktəbə hazırlıq qruplarına getməsində problem yoxdur:

''Çünki bu tədris metodu icbari deyil, könüllü xarakter daşıyır. Təbii ki, qərar verilərkən uşağın fiziki, zehni və psixoloji cəhətdən hazırlıq səviyyəsi də nəzərə alınır. Bir uşağın zehni qabiliyyətini isə ən yaxşı valideyn bilir. Yəni, dövlət bu seçimi valideynin ixtiyarına buraxıb. Bəziləri məktəbəqədər hazırlıq qruplarının mövcudluğundan narazılıqlarını bildirirlər. Sanki, bu məcburidir və yaxud uşaqlara yük düşür. Öz təcrübələrimdən deyə bilərəm ki, heç bir müəllim valideynə uşağının məktəbə hazırlıq qrupunda oxuması üçün yalvarmır. Əksinə, bununla bağlı valideynlər müəllimdən, məktəb rəhbərliyindən icazə istəyir. Bu o deməkdir ki, məktəbə hazırlıq qrupları cəmiyyətin maraq dairəsindədir. Dünyanın hər yerində bu cür mərhələli yarım təhsil pillələri mövcuddur. Əslində məktəbə hazırlıq qrupları ibtidai təhsil üçün "razminka" rolunu oynayır. Bu isə çox əhəmiyyətlidir. Hazırlıq qruplarında 1-ci sinifin proqramının keçilməsinə gəlincə isə iddianı təkzib etməsəm də razı deyiləm. Çünki bu ilki proqramla tanış olmamışam. Ona görə də əlimdə olmayan datalarla bağlı fikir yürütmək doğru olmaz".
Seçilən
109
sherg.az

1Mənbələr