Dünyada aparılan araşdırma nəticəsində hər 3 uşaqdan birində uzağı yaxşı görmə problemi olan - miyop xəstəliyinin olduğu məlum olub. Tədqiqatçılar bu nisbətin zamanla artacağını bildirib. Onlar 2050-ci ilə qədər təxminən 740 milyon uşaq və gəncin miop ola biləcəyi qənaətinə gəliblər.
Miyop uşaqlar, yeniyetmə və gənclər digər həmyaşıdları ilə müqayisədə hər gün iki dəfə artıq smartfonlardan istifadə edirlər. Araşdırmalar göstərir ki, normal görməsi olan uşaq hər gün təxminən 2-4 saat telefonla vaxt keçirir, mioplar isə təxmini 5 saat telefonla məşğul olurlar.
Bəs uşaqları miyop riskindən necə qorumaq olar, noyə görə miyop uşaqların sayı getdikcə artır?
Məsələ ilə bağlı həkim-oftalmoloq Aynurə Əliyeva “Operativ Media”ya açıqlama verib.
Həkim-oftalmoloq miyop uşaqların eynəklərini yalnızca uzağa baxmaq üçün istifadə etməli olduqlarını, amma onların buna düzgün əməl etmədiyini bildirib:
“Miopiya, yəni yaxından görmə refraksiya qüsuru olan uşaqlar (mənfi sferik linzalı eynək daşıyıcıları) adətən eynəklərini yalnızca uzağa baxmaq üçün istifadə etməlidirlər. Lakin eynəklər yüksək görmə təmin etdiyi üçün mioplar demək olar ki, eyneyi heç çıxarmırlar. Həm yaxın, həm orta ,həm də uzaq məsafə üçün istifadə edirlər.
Uşaqların həyat tərzi dəyişilib, rəqəmsal cihazlar artıq tədrisin ayrılmaz hissəsidir. Uşaqların demək olar 95%-də smartfon var. Onların çoxu həmişə onlayndır. Uzun müddət yaxın məsafədə smartfon istifadəsi miopiyanın inkişaf riskini artırır. Smartfonlardan yaxud rəqəmsal cihazdan kitab və başqa bir yazı oxumaq, gözdən aralılıq məsafəsi, ölçü, kontrast, işıq spektrı baxımından ənənəvi oxumaqdan fərqlənir.
Görmə “gigiyenasına" riayət olunmadığı halda uzun müddət və yaxın məsafədə smartfon istifadəsi miopiyanın artmasına səbəb ola bilər. Hər bir uşaq, xüsusi ilə mioplar açıq havada, yaşıllıqda daha çox vaxt keçirməli, aktiv həyat tərzi, idmanla məşğul olmalıdır.
Onu da qeyd edim ki, Covid19 pandemiyası ilə əlaqədar distant tədris, karantin rejimi miop hallarının artmasına səbəb olub.
Buna görə valideynlər və uşaqlar diqqətli olmalıdırlar. İmkan daxilində qaydalara maksimal riayət etməyə, idman məşğul olmağa, düzgün qidalanmağa, açıq havada vaxt keçirməyə və yaxşı yuxu rejiminə sahib olmalıdırlar".