AZ

“Kitabxanaya kitab hədiyyə edirik” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə yeni nəşr olunmuş kitablar hədiyyə olundu.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbyacan Jurnalistlər Birliyinin üzvü, şair, yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Xuraman İsmayılova “Görkəmli dövlət xadimi Heydər Əliyev”, “Şuşa 270”, “Qərbi Azərbaycan”, ”Azərbaycan ekologiyası” biblioqrafik göstəriciləri və özünün 65 illik yubileyinə həsr olunmuş “Xuraman İsbi qızı İsmayılova” biblioqrafik göstəricini kitabxanaya hədiyyə etdi.

“Görkəmli dövlət xadimi Heydər Əliyev” biblioqrafik göstərici Ümummilli Lider, dünya siyasi tarixində xüsusi yeri olan, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur. Kitabın ideya və ön söz müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Biblioqrafik göstəricinin ilk səhifəsində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. Burada Heydər Əliyev haqqında məlumatlar 7 bölmədə qruplaşdırılaraq, görkəmli, dünya miqyaslı siyasi xadim olan Heydər Əliyev şəxsiyyətinin bütün tərəflərini işıqlandırır.

Biblioqrafik göstəricidə materiallar xronoloji ardıcıllıqla əlifba sırası ilə verilmişdir. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədi ilə əlifba göstəriciləri də tərtib olunmuşdur.

“Şuşa 270” biblioqrafik göstərici “Şuşa İli” çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondunda olan sənədlər əsasında tərtib olunmuşdur. Burada “Azərbaycan Respublikasında 2022-ci ilin Şuşa İli elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. Biblioqrafik göstəriciyə Şuşanın tarixinə, coğrafiyasına, maddi-mədəni abidələrinə, ədəbi mühitinə, görkəmli şəxsiyyətlərinə həsr olunmuş məlumat mənbələri daxil edilmişdir.

“Qərbi Azərbaycan” biblioqrafik göstəricisinin ilk səhifəsində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri verilmişdir. Biblioqrafik göstəricidə Qərbi Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı və incəsənətinə dair kitab və məqalələr elm sahələri üzrə qruplaşdırılmışdır. Dissertasiya və avtoreferatlar ayrıca bölmədə verilmişdir. Bu göstərici Qərbi Azərbaycanla bağlı ilk fundamental biblioqrafik nəşrdir. Kitabın ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazır: ”Bu Azərbaycanda Qərbi Azərbaycan haqqında aparılmış çoxsaylı tədqiqatların, yazılmış monoqrafiyaların və məqalələrin elmi salnaməsidir”.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş AMEA-nın Mərkəzi Elmi Kitabxanasının hazırladığı “Azərbaycan ekologiyası” biblioqrafik göstəricidə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri verilib.

“Azərbaycan ekologiyası” biblioqrafik göstəricidə ətraf mühitlə bağlı kitab və məqalələr, dissertasiya və avtoreferatlar əlifba sırası ilə qruplaşdırılmışdır. Kitab ekologiya və onunla əlaqəli sahələrdə fəaliyyət göstərən elmi işçilər, doktorantlar, tələbələr və digər mütəxəssislər üçün faydalıdır.

“Xuraman İsbi qızı İsmayılova” biblioqrafik göstəricisi şair, yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovanın 65 illik yubileyinə həsr olunub. Kitabda tanınmış ziyalılarımızdan tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovanın, filologiya üzrə fəlsəfə doktoru Əsəd Cahangirin, Əməkdar jurnalist Flora Xəlilzadənin, filologiya elmləri doktoru Esmira Fuadın, şair Azadə Novruzovanın və b. Xuraman İsmayılova haqqında ürək sözləri verilib. Kitabda X.İsmayılovanın əsərlərinin biblioqrafiyası, tərtib etdiyi və redaktoru olduğu kitablar, dövri mətbuatda və məcmuələrdə çap olunmuş məqalələri, başqa dillərdə əsərləri xronoloji ardıcıllıqla qruplaşdırılmışdır. “Könül dəftərinin son yarpaqları” bölməsində müəllifin şeirləri təqdim olunur.

Biblioqrafik göstəricilərlə Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanasında tanış olmaq mümkündür.

 

Seçilən
12
sabahinfo.az

1Mənbələr