AZ

Kreml Kiyevi Yaxın Şərq üzərindən “vurur”: Ukrayna Rusiya qarşısında təklənmək üzrədir

Yaxın Şərqdə baş verənlər hazırda Kremlin maraqlarına tamamilə cavab verir, Ukraynaya gəldikdəsə, ABŞ və Qərbin diqqətinin Rusiya ilə savaşdan hər hansı səbəbdən yayınması, rəsmi Kiyev üçün ən uğursuz variant sayılır... Bu, o deməkdir ki, Yaxın Şərqdə savaşın nəzarətdən çıxması hazırda Ukraynanın gələcək taleyini birbaşa təhdid edir və Rusiyanın indiki situasiyadan maksimum səviyyədə istifadə etməyə çalışacağı qətiyyən şübhə doğurmur...

Dünyada hərbi-siyasi situasiya olduqca təhlükəli istiqamətlər almağa başlayıb. Belə ki, iki önəmli hərbi münaqişə ətrafında baş verən proseslər tədricən nəzarətdən çıxa biləcək mərhələyə doğru yönəlib. Əgər, beynəlxalq siyasi iradə mərkəzləri hərbi münaqişələrin nəzarətdən çıxmasının qarşısını ala bilməzlərsə, bunun bəşəriyyətin gələcək taleyi üçün ən real təhlükə mənbəyinə çevrilə biləcəyi qətiyyən istisna deyil. Və bu baxımdan, indi hərbi münaqişələrin “qlobal qırmızı cizgilər”dən kənara çıxmamasının optimal yolllarının tapılması olduqca vacibdir.

Onu da qeyd etmək lazımdıır ki, dünyanın gələcək taleyinə birbaşa təsir göstərə biləcək iki hərbi münaqişə arasında birbaşa bağlantının yaranmaqda olduğu da müşahidə edilir. Belə ki, Ukrayna savaşının inkişaf istiqamətlərinin istənilən halda, Yaxın Şərq müharibəsinin nəticələrinə təsir göstərəcəyi qətiyyən şübhə doğurmur. Xüsusilə də, Yaxın Şərq müharibəsinin Ukrayna savaşının taleyini həll edə biləcək məzmun almaqda olduğu müşahidə olunur. Və bu baxımdan, yaxın gələcəkdə bu iki hərbi münaqişənin hətta beynəlxalq siyasi iradə mərkəzləri arasında dərin parçalanma yarada biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, son vaxtlar Yaxın Şərq müharibəsi öz əhəmiyyətinə görə Ukrayna savaşından daha ön plana keçməyə başlayıb. Hər halda, Yaxın Şərq savaşı tədricən “qırmızı cizgilər”dən kənara çıxmağa doğru irəliləyir. Xüsusilə də, bu savaşın daha öz əhatə dairəsini genişləndirməkdə olduğu, yolverilməz səviyyədə yayılma arealını artırdığı diqqətdən yayınmır. Belə vəziyyətdəsə, əsas beynəlxalq diqqətin Ukrayna savaşından yayınaraq, Yaxın Şərq müharibəsinin üzərində fokslaşacağı daha çox inandırıcı görünür. Və bu, indi Yaxın Şərqdəki hərbi münaqişənin iştirakçılarından, eləcə də, bu savaşa qatılmaq məcburiyyətində qala biləcək region dövlətlərindən asılı olacaq.

Əgər, Yaxın Şərqdəki hərbi əməliyyatlar sadəcə, Livan ərazisinə yayılmaqla qalmayaraq, İran və İsrail arasında birbaşa silahlı toqquşmalara qədər inkişaf edərsə, bu halda, yeni qlobal savaşın qaçılmazlığına inanmaq lazım gələcək. Belə ki, İranın İsrailə raket hücumu bəzi reallıqları daha aydın təsəsvvür etmək imkanları açmış oldu. Birincisi, məlum oldu ki, İsrail üçün İranla bibaşa savaşa təkbaşına tab gətirmək o qədər də asan olmayacaq. Yəni, İsrail İranla savaşdan qalib ayrılmaq üçün mütləq öz müttəfiqlərinə, xüsusilə də ABŞ-a dəstək üçün müraciət etmək məcburiyyətində qala bilər.

Məsələnin ən təhlükəli məqamı da məhz elə bununla bağlıdır. Belə ki, Ağ Ev Yaxın Şərqdəki savaşın İsrail-İran müharibəsinə qədər inkişaf etməsində qətiyyən maraqlı görünmür. Hər halda, növbəti prezident seçkilərinin yaxınlaşdığı bir mərhələdə ABŞ İranla hərbi toqquşmalara həvəsli deyil. Halbuki, İsrail-İran savaşı baş verərsə, ABŞ-ın bu müharibəyə birbaşa müdaxilə etmək məcburiyyətində qalacağı da şübhə doğurmur. Və Ağ Evin İsrailə tam dəstək mesajları da bunu növbəti dəfə təsdiqləmiş olur.

Ona görə də, İsrailin İranla bağlı problemləri öz xeyrinə həll etmək üçün ABŞ-ı Yaxın Şərq savaşına cəlb etməyə çalışacağı da qətiyyən istisna deyil. Belə olacağı təqdirdə, ABŞ-ın NATO üzrə bəzi müttəfiqləri də Yaxın Şərq Şərq savaşına müdaxilə etmək məcburiyyətində qala bilərlər. Nəticədə ABŞ və Qərbin əsas diqqətinin məhz Yaxın Şərq hərbi böhranına yönəlmə ehtimalı ön plana keçmiş olacaq. Və bu, Ukrayna savaşının Qərbin gündəmində əsas problem kimi qalmasını çətinləşdirə bilər.

Digər tərəfdən, ABŞ və müttəfiqləri Yaxın Şərqdəki savaşa bulaşmaq məcburiyyətində qalarlarsa, Qərbin Ukrayna savaşına yanaşma tərzinin nisbətən dəyişə biləcəyi də qətiyyən istisna deyil. Hər halda, kollektiv Qərbin bu iki savaşın maliyyə və hərbi yükünü eyni vaxtda çəkə biləcəyi hazırda müəyyən şübhələr doğurur. Üstəlik, Ukrayna savaşı ilə bağlı olduğu kimi, Yaxın Şərqdəki hərbi böhrana münasibətdə də kollektiv Qərbin yanaşma tərzində kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Və bu baxımdan, Yaxın Şərq savaşının Qərb siyasi dairələrini parçalaya biləcəyi qətiyyən istisna deyil.

Göründüyü kimi, indiki situasiyada Yaxın Şərq savaşının nəzarətdən çıxması və yaxud da ümumiyyətlə, yeni qlobal müharibəyə çevrilməsi ABŞ və Qərbin strateji maraqlarından uzaqdır. Halbuki, bu regionda cərəyan edən hərbi-siyasi proseslərin hazırda Rusiyanın maraqlarına uyğun istiqamətlər aldığı da inkaredilməz reallıqdır. Hər halda, ABŞ və Qərb Yaxın Şərq savaşına müdaxilə etmək məcburiyyətində qalarsa, bu, Rusiyaya sərfəli olacaq. Yəni, Kreml ən azından bir müddət Ukrayna savaşında üstünlük qazanmaq üçün öz hərbi resurslarını yenidən toplamaq şansı əldə etmiş olacaq. Və bu, sonrakı mərhələdə Rusiya ordusuna Ukrayna savaş poliqonunda müəyyən əlavə hərbi imkanlar da aça bilər.

Məsələ ondadır ki, Ukrayna savaşı diqqətdən kənarda qalarsa və Qərbin rəsmi Kiyevə həm maliyyə, həm də hərbi dəstəyinin bir hissəsi Yaxın Şərqə yönəldilərsə, bu halda, Rusiya öz ordusunu yenidən tam şəkildə hücum taktikasına doğru yönəldə bilər. Qərbin indiki dəstəyinin zəifləyəcəyi təqdirdə, Ukrayna ordusunun müdafiə potensialının Rusiyanın hücumları qarşısında tab gətirmək baxımından, yetərli olmayacağı da daha inandırıcı görünür. Və bu baxımdan, Kremldə Yaxın Şərq savaşının nəzarətdən çıxacağı mərhələni böyük səbrsizliklə gözlədiklərini də ehtimal etmək olar.

Beləliklə, Yaxın Şərqdə baş verənlər hazırda Rusiyanın maraqlarına tamamilə cavab verir. Ukraynaya gəldikdəsə, ABŞ və Qərbin diqqətinin Rusiya ilə savaşdan hər hansı səbəbdən yayınması, rəsmi Kiyev üçün ən uğursuz variant sayılır. Bu, o deməkdir ki, Yaxın Şərqdə baş verənlər hazırda Ukraynanın gələcək taleyini müəyyən mənada təhdid edir. Və Rusiyanın indiki situasiyadan maksimum səviyyədə istifadə etməyə çalışacağı qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

phrase_var_article.chosen
133
50
musavat.com

10phrase_var_article.sources