AZ

Gələn il pensiya və maaşların artımı şəxsən Prezidentin nəzarətinə alındı...

Image

“Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb.

Xatırladaq ki, VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılması ilə bağlı göstəriş verildiyini bildirib.

Elşad Məmmədli: “Azərbaycanda minimum əmək haqqının artımı və pensiyaların indeksləşmə prosesi çox ciddi şəkildə dövlət tərəfindən nəzarətdə saxlanılır”

Minimum əməkhaqqının və minimum pensiyanın artırılması barədə fikir bildirən iqtisadçı ekspert Elşad Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda minimum əmək haqqının artımı və pensiyaların indeksləşmə prosesi çox ciddi şəkildə dövlət tərəfindən nəzarətdə saxlanılır: “Bununla bağlı hüquqi normativ aktlar mövcud olub ki, onlarla bu proses tənzimlənir. Son illər minimum əmək haqqı, ölkə üzrə əmək haqqı fondunun artması ilə bağlı qabaqlayıcı tədbirlərin şahidi oluruq. Görünən odur ki, artımlar daha böyük vəsaitlərin  əvvəlki ilə nisbətən dövlət büdcəsindən sosial istiqamətə ayrılmasını nümayiş etdirməkdədir”.

Iqtisadçı alim onu da əlavə etdi ki, minimum əmək haqqı ilə bağlı qərar dövlət başçısı tərəfindən qəbul olunur: “Müstəqil ekspert kimi proqnozum ondan ibarətdir ki, növbəti ildən bu, təxminən 400 manat civarında olacaq”. 

Eldəniz Əmirov: “2025-ci il yanvarın 1-dən etibarən minimum əmək haqqının 16 faizə qədər qaldırılması gözlənilir”

Iqtisadçı Eldəniz Əmirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 2025-ci il yanvarın 1-dən etibarən minimum əmək haqqının 16 faizə qədər qaldırılması gözlənilir: “345 manatlıq hazırkı məbləğin 400 manata çatdırılacağını zənn edirəm. 400 manata çatdırılacağı təqdirdə isə bu artıq 16 faizlik artım deməkdir. Azərbaycanda inflyasiyanın səviyyəsi də azalmaqdadır. İnflyasiya özünün 2022-ci ildə çatdığı maksimum həddindən davamlı olaraq azalmaqdadır. Azərbaycanda 2024-cü il üçün 2023-cü ilin sonunda verilən inflyasiya proqnozu 5,3 faiz ətrafında idi. Lakin makroiqtisadi sabitliyin və ümumiyyətlə, qlobal iqtisadiyyatda inflyasiyanın artım dinamikasının səngiməsi Azərbaycanda da proqnozları yeniləməyə zərurət yaratdı. Bununla bağlı həm Mərkəzi Bank, həm də Maliyyə Nazirliyi tərəfindən inflyasiyaya dair proqnoz göstəriciləri azaldılıb. Belə ki, bu ilin sonunda təxminən 3 faiz civarında inflyasiyanın olacağı gözlənilir”.

Günel CƏLİLOVA





Seçilən
70
baki-xeber.com

1Mənbələr