AZ

Yaşıl iqtisadiyyatda uçota dair vəsait hazırlanıb

Bakı, 2 oktyabr, AZƏRTAC

Ətraf mühitin deqradasiyası və təbii resurslardan təbiət qanunlarına məhəl qoymadan, gələcək nəsillərin maraqları nəzərə alınmadan və yalnız iqtisadi mənafe baxımından yanaşmaqla amansızcasına istifadə beynəlxalq ictimaiyyətin davamlı inkişaf və sosial məsuliyyət anlayışlarına marağının artmasına səbəb olub. Məhz bu baxımdan daha məsuliyyətli və dayanıqlı iqtisadiyyatın bir hissəsi olaraq yaşıl iqtisadiyyatın tətbiqinə zərurətin güclənməsi inkaredilməz bir zərurətə çevrilib.

AZƏRTAC Azərbaycanda keçiriləcək COP29 və ekoloji nəzarət sisteminin təşkilini tənzimləyən normativ hüquqi sənədlərin zəruriliyi ilə bağlı Auditorlar Palatasının sədri Vahid Novruzovun məqaləsini təqdim edir.

Sosial və ekoloji monitorinqlər təşkilatın sosial, ətraf mühit və etik fəaliyyətinin şəffaf və sistemli şəkildə nəzərdən keçirilməsini təmin etməklə hesabatlılığı və şəffaflığı artırır. Buna görə də, sosial-ekoloji hesabatlılıqlar təşkilatlara maliyyə göstəricilərindən kənara çıxmaq və onların cəmiyyətə və ətraf mühitə təsirini qiymətləndirməyə imkan yaratmaqla hesabatlılığı, maraqlı tərəflərin cəlb olunmasını, risklərin idarə edilməsini, reputasiyanı və ümumi davamlılığı təşviq edirlər.

Yeni dövrün çağırışları nəzərə alınmaqla, sosial və ekoloji nəzarət sisteminin təşkilini və inkişafını tənzimləyən normativ hüquqi sənədlərin hazırlanması, bu sahə üzrə vahid informasiya bankının (bazasının) yaradılması, sosial və ekoloji auditor fəaliyyəti ilə məşğul olacaq kadrların hazırlanması, onların peşə-ixtisas səviyyəsinin daim təkmilləşdirilməsi qarşıda duran ən vacib vəzifələrdəndir. Əsas hədəflərdən biri də dayanıqlı maliyyəni tənzimləyən standartlaşdırılmış təlimat və normativlərin yaradılmasıdır.

Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” adlandırılması və beynəlxalq birliyin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsi bunun bariz nümunəsidir.

COP29-un Azərbaycanda keçirilməsi üzrə tədbirlərin reallaşdırılmasına dəstək məqsədi ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) və Azərbaycan Respublikasının Auditorlar Palatası arasında 2023-cü il dekabrın 1-də imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq birgə əməkdaşlıq çərçivəsində “İstixana qazlarının uçotunun əsasları” (“Dayanıqlı inkişafla bağlı açıqlamalara dair MHBS standartları əsasında”) adlı metodik təlimat çap edilib.

İqlim dəyişmələrinə diqqət yetirilməsinin aktuallığının və karbon emissiyalarının normativ yoxlamalarının artdığı bir şəraitdə sahibkarlıq fəaliyyətinin subyektləri tərəfindən istixana qazlarının emissiyalarının uçotu, hesabatlılığı sahəsində şəffaf və standartlaşdırılmış təcrübələrin qəbul edilməsi vacib olub. MHBS S2 iqlimlə bağlı maliyyə və qeyri-maliyyə açıqlamalarını dəqiq ölçmək, açıqlamaq və idarə etmək üçün prinsiplərə əsaslanan təlimatlar təklif edərək bu məqsəd üçün sağlam çərçivə təqdim edir.

MHBS S2-nin tətbiq edilməsinə xas olan çətinlikləri və mürəkkəbliyi dərk edərək, bu təlimat əsas anlayışları aydınlaşdırmaq, ən çox verilən sualları cavablandırmaq və istixana qazlarının emissiyaları ilə bağlı əsas anlayışı genişləndirmək məqsədi daşıyır.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları kontekstində hazırlanmış “Dayanıqlı inkişafla bağlı açıqlamalar” auditorlar və mühasiblər, bütün maraqlı tərəflər, həm də bütövlükdə ictimaiyyət üçün birmənalı əhəmiyyət kəsb etməklə, bu sahədə keçirilən tədbirlərə öz töhfəsini verəcək.

Bu təlimat aşağı karbonlu iqtisadiyyata doğru yolda müsbət dəyişikliyə təkan verən, “İqlimlə bağlı açıqlamalar” İXQ emissiyaları və əlaqəli tələblər haqqında anlayışın əldə edilməsinə kömək edən dəyərli elmi-metodik vəsait olacaq.

Seçilən
80
1
azertag.az

2Mənbələr