İran İsrailə raket hücumu bu hadisənin reeallaşa biləcəyindən xəbər verir
31 iyulda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda qaldığı iqamətgahda, 27 sentyabrda isə “Hizbullah” lideri Həsən Nəsrullah Behrutdakı qərargahında raket zərbəsi ilə öldürüldükdən sonra Yaxın Şərqdə vəziyyət daha da gərgiləşib.
İranın birinci vitse-prezidenti Rza Arif deyib ki, “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsi İsrailin məhvinə gətirib çıxaracaq.
Neçə gündür ki, “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsrailin Livanın cənubunda quru əməliyyatına başlayıb. Bir milyona yaxın livanlıölkəni tərk edib, yüzlərlə ölü və yaralılar var. İsrail Livanı bombalamaqda davam edir. Bu arada İsrail ordusu Livanın cənubundakı bir neçə şəhər və kəndin sakinlərinə çağırış edib.
Bununla bağlı İsrail tərəfinin rəsmi bəyanatında bildirilir.
Bəyanatda bir sıra kənd və şəhərlərin adı çəkilib, əhalisindən dərhal ərazini tərk etmələri istənilib.
Digər bir tərəfdən isə İsrail 3 ölkədən raket atəşinə tutulub. İsrail mediasının məlumatına görə, Livandan (“Hizbullah”), Yəməndən (husilər) və İraqdan ölkəyə raket zərbələri endirilir.
Husilərin Təl-Əvivdəki Ben Qurion hava limanını ballistik raketlərlə atışə tutduğu qeyd edilib. Həmçinin “Hizbullah” da uzaqmənsilli raketlərlə Qüdsə hücum etdiyi vurğulanır.
Raketləri Dəmir Qübbənin zərərsizləşdirməyə çalışdığı qeyd edilir.
SEPAH komandiri Hüseyn Salami Məşhəddə müalicə olunan yaralı “Hizbullah” üzvləri ilə görüşündə deyib ki, bizim ən böyük qayğımız sizlərsiniz və müsəlman İran Livan və Qəzzanın qəhrəman xalqının yanında olacaq.
"Yaxın gələcəkdə dünyanın azadlıqsevər xalqları qələbəni dadacaqlar", - Salami bildirib.
Qeyd edək ki, Hüseyn Salami iki gün əvvəl İsrailin Livana quru hücumu etməyə cəsarət edə bilməyəcəyini demişdi.
İran Prezidenti Məsud Pezeşkian sentyabrın 29-da hökumətin iclasında deyib ki, ABŞ və AB İrana HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə reaksiya verməmək müqabilində atəşkəs vəd etdi.
“Şəhid Haniyənin qətlinə İranın reaksiya verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa ölkələri liderlərinin bəyanatları tamamilə yalandır. Belə cinayətkarlara imkanların verilməsi onları yalnız yeni cinayətlər törətməyə sövq edəcək”, - İran prezidenti bildirib.
Onun sözlərinə görə, İsrailin cinayətləri cavabsız qalmayacaq: “Tarixi təcrübə göstərir ki, azadlıq hərəkatları fərdlər öldürüldükdən sonra yox olmur”.
İranın ali dini lideri Əli Xamenei isə bütün islam ölkələrini İsraillə siyasi əlaqələri məhdudlaşdırmağa və onunla iqtisadi əlaqələri kəsməyə çağırıb.
O, bunu Tehranda Beynəlxalq İslam Birliyi Konfransında bildirib.
“İslam dünyası sionist rejimlə siyasi əlaqələri məhdudlaşdırmalı, mediada ona təzyiqləri artırmalı və məzlum Fələstin xalqının tərəfində möhkəm dayandıqlarını açıq şəkildə göstərməlidir”, - Xamenei əlavə edib.
Türkiyə XİN-in rəsmi bəyanatında bildirilir ki, İsrailin Livana qurudan hücum etməsi bu ölkənin suverenliyinin, ərazi bütövlüyünün pozulması istiqamətində qanunsuz işğal cəhdidir. Hücumun dərhal sona çatdırılması, İsrail əsgərlərinin Livan ərazisindən geri çəkilməsi lazımdır.
Bəyanatada İsrail-Livan arasında gərginləşən vəziyyətin bölgə ölkələri ilə yanaşı, regiondan kənar ölkələrin də təhlükəsizliyini və sabitliyini təhlükəyə atdığı qeyd edilib:
“Bu təhlükəli işğal cəhdi nəticəsində yeni miqrasiya dalğasının yaranacağı, ekstremistlərin bütün dünyada yer alacağı ehtimalı yüksəkdir. Gedişatın İsrailə siyasi dəstək və silah verən ölkələrə də təsir edəcəyini unutmaq olmaz. BMT Təhlükəsizlik Şurası, beynəlxalq hüquq lazım olan addımı atmalı, Livanın işğalına yönəlmiş bu hücuma qarşı gərəkli önləmləri almalıdır. İsrailin törətdiyi hər cinayət eyni zamanda beynəlxalq hüquqa, BMT-nin tələblərinə zərbədir. Digər tərəfdən bölgədə əmin-amanlığın bərqərar olması üçün atılacaq əsas addım Qəzzada dərhal və daimi atəşkəsin təmin edilməsidir. Qəzzaya sülh gətirmək bütün bəşəriyyətin məsuliyyətidir”, - bəyanatda bildirilib.
İsrail Baş naziri Benyamin Netanyahu qısa çıxışla xalqa müraciət edib.
O, xalqı sınaq günlərinin gözlədiyini bildirib və ordunun göstərişlərinə ciddi əməl etməyə etməyə çağırıb.
“Sizdən iki şeyi xahiş edirəm. Birincisi – arxa cəbhənin göstərişlərinə əməl etmək... Bu, həyatı xilas edir. İkincisi, birlikdə olmaq... Biz möhkəm formada sınaq günlərində birgə olacağıq. Birlikdə dayanıb, birlikdə döyüşüb və birlikdə qalib olacağıq”, - deyə Netanyahu bildirib.
İsrailli ictimai xadim, “Yerusəlimin əli” təşkilatının rəhbəri, lobbist Barux Leviev “Xalq Cəbhəsi”nə bildirib ki, şahidi olduğumuz vəziyyət Yaxın Şərq münaqişəsinin mürəkkəbliyini və çoxşaxəli xarakterini vurğulayır. İsrailin HƏMAS və “Hizbullah” kimi terror təşkilatlarının liderlərini məhv etmək üçün atdığı addımlar millətimizin təhlükəsizliyini təmin etmək üçün uzunmüddətli strategiyanın bir hissəsidir. Bu isə bir çox başqa dövlətlərdən fərqli olaraq bizim xüsusi və unikal hərbi doktrinamıza əsaslanır: “Şübhəsiz ki, bu cür tədbirlər istər-istəməz qisaslara səbəb olur ki, bu da zorakılığın artmasına gətirib çıxarır. Biz isə xalq olaraq bunu çox gözəl başa düşürük.
İran regionun əsas oyunçularından biri kimi nüfuzunu gücləndirmək və anti-İsrail qüvvələrini birləşdirmək üçün bütün imkanlardan istifadə edir. Müsəlman ölkələrinin İsrailə qarşı birləşməsinə çağırışlar münaqişənin daha da genişlənməsinə və Livan, İraq, Suriya və Yəmənə təsir edən coğrafiyasının genişlənməsinə gətirib çıxarır”.
İsrailli ekspert onu da qeyd edib ki, qısa müddətdə hərbi əməliyyatların və diplomatik gərginliyin artacağını gözləmək olar: “Məcburi cavab tədbirlərimizə və üzərimizə qoyulan və bütün sivil dünyanın rifahı naminə apardığımız müharibəyə anlayışla yanaşaraq beynəlxalq ictimaiyyətin sakit və soyuqqanlı qalması vacibdir.
Gizlətməyəcəyəm, son günlər baş verənlər bizdə dərin narahatlıq hissi yaradır. Biz görürük ki, ölkəmiz yenidən münaqişənin mərkəzində necə dayanır və bu, hər birimizin həyatında öz əksini tapır. Livan, Yəmən, İraq və Qəzzadan gündəlik raket hücumları, İranla gərginlik - bütün bunlar bizim gündəlik reallığımızın bir hissəsinə çevrilir. Bir çox dostlarım və həmkarlarım ailələri üçün qorxudan, uşaqların daimi təhlükə şəraitində böyüdüklərindən danışırlar.
Digər tərəfdən biz başa düşürük ki, İsrail öz vətəndaşlarını qorumalıdır. Terror təşkilatlarının rəhbərlərinin məhv edilməsi bizim təhlükəsizliyimizə yönəlmiş addımdır. Bəli, bu, sonsuz bir zorakılıq dairəsidir, ondan hələ çıxış yolu yoxdur.
İsrail güclü dövlətdir. Xalqımız minilliklər boyu sərgərdan gəzintiləri zamanı dözümlülük inkişaf etdirib.
İsrail düşmənlərlə əhatə olunmuş kiçik dövlətdir, lakin buna baxmayaraq, biz həmişə təhdidlərə müqavimət göstərmək üçün güc tapmışıq. Qabaqcıl texnologiyalarımız, yüksək hazırlığımız və millətin birliyi sayəsində təhlükəsizliyimizə qəsd edən hər kəsə layiqli cavab verə bilirik. Xüsusən də son günlər biz düşmənə intellektual üstünlüyümüzü, kəşfiyyatda peşəkarlığımızı bir daha sübut etdik.
Xülasə, insanların ümidini itirməməsi və bir-birini dəstəkləməsi çox vacibdir. İsrail yarandığı gündən bəri qonşularının davamlı hücumuna məruz qalır. Və demək olar ki, bütün döyüşlərdə qalib gəldik.
Biz hamımız vəziyyətin sabitləşməsini gözləyirik, baxmayaraq ki, buna gedən yol uzun və çətin olacaq”.
Politoloq Elşən Manafovun fikrincə, “Hizbullah" lideri Həsən Nəsrullahın İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində öldürülməsi İsrailin məqsəuygun şəkildə İranı müharibəyə sürekləmək istədiyini göstərir.
"Hizbullah" liderinin təhlükəsizliyi ilə bağlı yüksək səviyyədə tədbirlərin görulməsinə baxmayaraq onun izlənilməsi və yerinin müəyyən edilməsi MOSSAD-ın yüksək səviyyədə profesannalığından xəbər verməklə, informasiyanın "Hizbullah"ın daxilindən və ya İran tərəfindən sızması ilə bağlı ehtimallara əsas verir: “Nəsrullahın şəhadəti İranı son dərəcə ağır bir duruma salıb. İranın Nəsrullahın qətlinə hərbi reaksiya verməsi, onu mütləq şəkildə İsraillə müharibəyə sürükləyəcək. İsrail buna hazırdır və kollektiv Qərbin, ilk növbədə ABŞ-ın onu dəstəkləyəcəyi əmindir. ABŞ-ın İsraili İranın mümkün zərbələrindən qorumaq uçun Yaxın Şərqə yerləşdirdiyi qüvvələrin sayı 40 mini keçib.
İranın isə HƏMAS lideri Haniyənın qətlindən sonra İsraillə mübarizəni yalnız özunə bağlı proiksi qüvvələrinin vasitısilə aparması, onun hazırkı şəraitdə də məhz bu qüvvələri səfərbər etməklə İsrailə mübarizə aparacağını söyləməyə əsas verir. Hərçənd İranla bağlı proiksi qüvvələrinin də hərbi əməliyyatları həyata keçirmək imkanları xeyli məhdudlaşıb”.
Politoloq qeyd edi ki, "Hizbullah" lideri ilə onun bir çox tanınmış komandirlərinin qətli "Hizbullah"ın yaxın perspektivdə özünə gəlməyəcəyini söyləməyə əsas verir. ABŞ və Britanıyanın başçılıq etdikləri koalisiya qüvvələrinin birgə səyləri ilə husilərin də imkanları xeylı daralıb. Bununla belə, Nəsrullahın ölümündən sonra husilərin Netenyahunun qətlinə fərman vermələri və hətta onun təyyarəsinin enəcəyi Ben Qurion hava limanının vurulması ilə bağlı xəbərlər də yayımlandı: “İsrailin Livanda keçirdiyi "peycər əməliyyatlarına" ABŞ-ın məlum reaksiyası, rəsmi Təl-Əvivi ittiham edən bəyənatların verilməməsi də göstərir ki, Yaxın Şərqdə eskalasiyanın gücləndirilməsi istiqamətində İsrailin hərəkətlərini əvvəlcədən ABŞ-la razılaşdırırmış.
Kollektiv Qərbə qarşı mübarizədə İranı müdafiə edəcək beynəlxalq güclər tərəfindən rəsmi Tehranı eskalasiyanın gücləndirilməsinə səbəb ola biləcək addımlardan çəkinməklə bağlı çağırışlar hazırki şəraitdə İranı qlobal qarşıdurmaya səbəb ola biləcək addımlardan çəkinməyi tövsiyə edir.
İran prezidenti Məsud Pezeşkianın Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiysı çərçivəsində tədbirlərdə keçirdiyi görüşlər zamanı İranın İsraillə müharibəsindən Qərbin ölkə daxilində igtişaşlar yaratmaq və İranı daxildən parçalamaq uçun cəhdlərdə bulunacağı ilə bağlı xəbərdarlıği İran hakim siyasi elitasının hadisələrə necə ehtiyatla yanaşaraq qərarlar qəbul edəcəyindən xəbər verir. Pezeşkian İranda başlanacaq igtişaşların İranın daxildən parçalanmasına və İran ərazisində Kürdistan, Bəlucistan, Xuzistan, Sistan və Azərbaycan kimi yarımmustəqil dövlətlərin yaranmasına hesablandığını deməklə İranı gözləyən mümkün geosiyasi və sosial təlatümlərə işarə etmişdir.
Bəzi mütəxəsislər hadisələrin bu səmtdə inkışafının
qarşısının alınması üçün rəsmi Tehranın proiksi qüvvələrlə bağlı məsələlərdə Qərblə gizli sövdələşmələrə gedəcəyini istisna etmirlər.
Proiksi qüvvələrinin zərərsizlışdirilməsinə rəsmi Tehranın razılığı isə onun bölgədə olan nüfuzunun sarsılmaslna gətirib çıxara bilər.
Hər şey İran siyasi elitası daxilində əldə edilə biləcək razılıqlardan və İranın bölgədə nüfuzunun sarsılmasında maraqlı olmayan qlobal oyunçuların bu məsələlər ətrafında İrana dəstəklərindən asılı olaraq intişar tapacaq”.
Politoloq Vüqar Dadaşov isə qeyd edib ki, İsrailin yeritdiyi siyasət nəinki Yaxın Şərq üçün, bütünlüklə dünya üçün böyük riskləri reallığa çevirib. Heç şübhəsiz ki, İsrail aqressiv, dağıdıcı siyasəti ilə ölkə üçün təhdid hesab etdiyi bütün qüvvələri ancaq hərbi yolla məhv etmək yolundadır. Əvvəllər də qeyd etdiyim kimi, İsrail Fələstin, ərəb məsələsini köklü şəkildə, yəni təhdidin yarana biləcək ehtimalını belə məhv edir. Fələstin müqavimətinin bir hərbi, bir siyasi qüvvə kimi, sosial bazası qalmayıb. Təkcə son gedən müharibə ilə İsrail Qəzza bölgəsində 45 min fələstilini öldürüb: “Bir sıra Qərb, xristian ölkələrinin formal anti İsrail mövqeyi formal xarakterlidir və əslində də "razılığı" gizlətmək məqsədi daşıyır. Yəni, İsrailin Yaxın Şərqdə güc mərkəzi kimi, söz sahibi olmasını region qəbul etmək məcburiyyətindədir.
İrana gəldikdə isə, İsrail artıq İranın bəyanat və hərbi gedişləri demək olar ki heç eşitmir, nəinki onu ciddiyə alsın. İran bütün gücü və imkanlarını ifşa edib. SEPAH zabiti Həsən Səyyad Xudayinin Tehranda öldürülməsi, Höccətullah Ümidin, HƏMAS-ın ikinci şəxsi Salehin, Qasım Süleymaninin, İsmayıl Haniyənin, nəhayət “Hizbullah” lideri Həsən Nəsrullahın və adını çəkmədiyimiz onlarla yüksək çinli İrana aid şəxslərin öldürülməsinə İran heç cürə cavab verə bilməyib, daha doğrusu heç real cəhddə göstərməyib. İran heç bir halda İsraillə açıq müharibəyə getməyəcək. İsrail ona təhdid hesab etdiyi qüvvələri mərhələli şəkildə və ayrı-ayrılıqda məhv etməyi davamlayacaq”.
O, vurğulayıb ki, İranın rəsmi Livana ordu yeritmək istəyi ciddi qəbul edilməsə də, Rusiya XİN başçısı Lavrovun yaxın Şərqlə bağlı bu günki açıqlaması vəziyyətin gedişatına təsir edə bilər, əlbəttəki Rusiya real addımlar atarsa. Ancaq, Rusiya Ukrayna cəbhəsində ciddi çətinliklər ucbatından real hərəkətə keçəcəyi güman edilmir. Proses üçüncü dünya müharibəsinə aparır.
Politoloq Zeynal Əmrəliyev isə bildirib ki, “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsindən 2 ay öncə HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra İsrailin öz düşmənlərinə qarşı ikinci böyük uğuru sayıla bilər. İsrailin əl-qol açmasının ən böyük səbəbi ABŞ-dakı prezident seçkiləridir. Benyamin Netanyahu bu kampaniyadan ən çox qazanan liderdir. İsrail yaxşı bilir ki, əgər İran hücum etsə ABŞ-ın mövcud hökuməti onu müdafiə etməli olacaq. Əks halda respublikaçılar bu məsələdən maksimum istifadə edəcəklər. ABŞ-da formalaşan yəhudi lobbisi ilə isti münasibəti olan Donald Tramp İsrailə əlindən gələn cürə yardım göstərir. Buna görə Netanyahu vəziyyətdən istifadə edərək maksimum şəkildə hərəkət edir. Daha bir niyyəti isə İranın Qərblə münasibətlərini normallaşması prossesinə mane olmaqdır. İslahatçı Məsud Pezeşkianın əsas missiyası Qərblə münasibətləri normala salmaqdır. Ayətullah Əli Xamenei məhz buna görə Pezeşkiana seçkidə yaşıl işıq yandırıb. İsrail bu cür əməliyyatlar həyata keçirməklə bir güllə iki quş vurur. Həm bacardıqca HƏMAS və “Hizbullah”ın üzərinə gedir, həm də İranı müharibəyə cəlb etməyə çalışır. İranın HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra sakit qalması İsraili daha çox ruhlandırdı. Tehran İsrailə qarşı lokal əməliyyat həyata keçirə bilərdi. Ancaq Qərblə körpü rolunu oynayan vitse - prezident Məhəmməd Cavad Zərif prezident Məsud Pezeşkianı, prezident isə ali dini lideri Əli Xameneini inandırdı ki, heç bir əməliyyata ehtiyac yoxdu. Ehtimal ki, İran öz cavabını noyabrdan sonraya saxlamışdı, ancaq gecikdi. “Hizbullah” da İsrailə qarşı sakit davrandı və bunu təşkilatın lideri Həsən Nəsrullah canı ilə ödədi. 2006-cı İsraili müharibədə faktiki məğlub etmiş, Livanı müdafiə etməyi bacaran “Hizbullah” bu dəfə İsrail qarşında zəif duruma düşdü. Ehtimal ki, Nəsrullahı saxlayan Tehrandan gələn göstəriş olub. İran “Hizbullah”ı əmin edib ki, sakitliyini qorusun. Halbuki İsrail HƏMAS-a qarşı əhəmiyyətə başlayanda “Hizbullah” ona cavab verməli idi. İlk zərbəni vuran “Hizbullah” olsaydı gücü öz əlinə alacaqdı. “Hizbullah” bunu hesablanmadı ki, Fələstindən sonra İsrail Livana hücum edəcək. Həsən Nəsrullah bilməli idi ki, İsmayıl Haniyəni öldürən İsrail ordusunun növbəti hədəfi məhz özüdür. Harda olsa da onu vuracaqlar. Netenyahunun bu əməliyyatı İranda dialoq tərəfdarlarına, xüsusilə prezident Pezeşkiana ciddi zərbə vurdu. İsrail SEPAH-a istədiyini verdi. Ali dini liderin İsrailə cihad elan etməsi faktiki olaraq yeni prezidentin xarici siyasətinin iflasıdır. Artıq İran güc siyasətinə üstünlük verməli olacaq. Pezeşkianın ən böyük səhvi Haniyə öldürülərkən tam reaksiya verməmək oldu. Halbuki Qüds qüvvələri “Hizbuallah” və digər proksi qüvvələrlə birləşərək İsrailə qarşı müəyyən əməliyyatlar həyata keçirə bilərdi. SEPAH-ın güclənməsindən narahat olan Pezeşkian buna getmədi. Dialoq yoluna sadiq qaldı. Yeni prezidentin ən böyük bədbəxtçiliyi odur ki, o, ABŞ-da prezident seçkiləri keçirdiyi zaman hakimiyyətə gəlib. Bu seçkilər onun əl qolunu bağlayır. Yeni İran hakimiyyəti Qərbdə kimlə danışacağını bilmir və hər şey aydınlaşana qədər sakitliyini qoruyur. Bundan istifadə edən İsrail isə onun müttəfiqlərinin başını üzür. Qaldı İsrailin potensial hədəflərinə. Bunlar HƏMAS lideri Yəhya Sinvar və Qasım Süleymaninin varisi olan Qüds qüvvələrinin komandiri general İsmail Qanidir. Ehtimal ki, İsrail bu dəfə birbaşa İranın öz generalı olan Qaniini aradan götürmək istəyəcək. Bu isə İrana açıq meydan oxumaqdır. İsrail İranı daha çox müharibəyə cəlb etmək üçün nə lazımdırsa edir, ən incə nöqtələri vurur. Bu əlbətdə düşünülmüş taktiki gedişlərdir. Yəhudi dövləti məlum zamanlamadan maksimum istifadə edir və bundan sonra da etməkdə də davam edəcək.
Qeyd edək ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, oktyabrın 1-də İran ərazisindən İsrailə raket zərbələri endirib. İran tərəfindən İsrailə 100-dən çox ballistik raket atılıb.
Hazırda İsrail hava hücumundan müdafiə sistemləri İran raketlərini zərərsizləşdirir. Son məlumata görə, İran İsrailə ümumilikdə 400-dən çox raket atıb.
Böyük Britaniyanın Baş naziri Keyr Starmer İranın İsrailə genişmiqyaslı raket hücumundan sonra Britaniya xalqına müraciət edib.
Axar.az xəbər verir ki, o, İsrailin yanında olduqlarını və onun bu təcavüz qarşısında özünümüdafiə hüququnu tanıdıqlarını bildirib.
İsrail Baş naziri Benyamin Netanyahu deyib ki, İrandakı rejim bizim özümüzü müdafiə etmək və düşmənlərimizə cavab zərbələri endirmək əzmimizi anlamır.
“Sinvar və Deif bunu başa düşmədilər, Nəsrullah və Şükür bunu anlamadılar və yəqin ki, Tehranda bunu başa düşməyənlər var.
Onlar başa düşəcəklər”, - deyə o bildirib.
Netanyahu əlavə edib ki, İran bu gün axşam (1 oktyabr - red.) böyük səhvə yol verdi və bunun bədəlini ödəyəcək.
İsrail mediası yazıb ki, İranın İsrail paytaxtı Təl-Əvivə genişmiqyaslı raket zərbələri nəticəsində 7 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
"Ynet" nəşrinin yazdığına görə, İsrail hərbi kabineti İrana birbaşa zərbələr endirilməsi ilə bağlı konsensusa gəlib.
Bildirilib ki, İsrail hərbi kabinetinin üzvlərinin 80 faizi İrana birbaşa zərbələr endirilməsini vacib sayır.
İranın ali dini lideri Ayətullah Əli Xamenei isə İslami müqavimət qüvvələrinin İsrailə qarşı hücumlarının daha da genişlənəcəyi barədə xəbərdarlıq edib.
“Müqavimət cəbhəsinin sionist rejimin çürümüş bədəninə (İsraili nəzərdə tutur – red.) zərbələri daha da sarsıdıcı olacaq”, - Xamenei yazıb. İranın İsrailə hücumunu İran lideri Qurandan bir sitatla şərh edib: “Allahın köməyi ilə və qələbə yaxındır”.
Cavid