Bakı, 2 oktyabr, AZƏRTAC
Yaponiyada “Nintendo” və “PlayStation” cihazları üçün keçirilən lotereya, video oyunların insanların rifahına necə təsir etdiyinə dair təbii təcrübə ilə nəticələnib. Burada COVID-19 pandemiyası zamanı aparılan yeni araşdırmaya görə, video oyunları oynamaq psixi sağlamlıq üçün yaxşı ola bilər.
AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, pandemiya 2020-ci ildə qlobal təchizat zəncirlərini pozduqda, video oyunlara tələb mövcud təklifi xeyli ötdü. Buna görə də Yaponiyanın pərakəndə satış şirkətləri iki əsas oyun konsolu markası – “Nintendo Switch” və “PlayStation 5”-i (PS5) kimin ala biləcəyinə qərar vermək üçün lotereya sistemindən istifadə etdilər. Tədqiqatçılar bunu oyunların təsadüfi paylanmasının necə baş verdiyinə dair təbii təcrübə üçün fürsət olaraq görüblər. Ümumilikdə 98 000 nəfər, o cümlədən lotereyada iştirak edən təxminən 8200 adam sorğuda iştirak edib. Sorğu nəticəsində məlum olub ki, bu oyunlar insanların psixoloji sıxıntılarını azaldır və həyatdan məmnunluqlarını artırır.
İnsan davranışının bütün aspektlərini əhatə edən araşdırmaların yer aldığı “Nature Human Behaviour” jurnalında dərc edilən araşdırmaya görə, oyunun ümumi zehni rifahı artırdığı müəyyənləşib.
Oyun və psixi sağlamlıq arasındakı əlaqəni araşdıran Oksford İnternet İnstitutunun tədqiqatçısı Nik Ballou bildirib ki, oyunçulara təsir kiçikdir, lakin hiss edilə biləndir: “COVID-19 pandemiyasının dinamikası, xüsusən də epidemiyanın ilk aylarında, insanların ümumən daha zəif psixi sağlamlıqları, daha az sosiallaşdıqları və hobbi ilə məşğul ola bilmədikləri üçün nəticələri təhrif edə bilər. Pandemiyanın ilkin mərhələlərində insanların həyat xətti olaraq oyunlara müraciət etdiyinə dair çoxlu sübutumuz var”.
N.Ballounun özünün də iştirak etdiyi başqa bir araşdırma, oyunların bəzi insanlara COVID-19 dövrünün zehni yükünün öhdəsindən gəlməyə kömək etdiyini göstərib. Bu araşdırma video oyunları və psixi sağlamlıq arasında səbəb-nəticə əlaqəsini quran ilk tədqiqatlardan biridir.