AZ

Vətən Müharibəsi Qəhrəmanı: “Geriyə çəkilməyə haqqımız yox idi!” – FOTOLAR

Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad edilməsindən dörd il ötür. 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz və Talış kəndlərini işğaldan azad etdi.

Bu xoş müjdəni tviter hesabından xalqımıza çatdıran dövlətimizin başçısı Madagiz qəsəbəsinin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı. Beləliklə, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Suqovuşan qəsəbəsi və Talış kəndi Vətən müharibəsinin yeddinci günündə azadlığına qovuşdu.

Bu hərbi əməliyyatların iştirakçılarından biri də Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevdir. O, 1996-cı il martın 19-da Cəlilabad rayonunun Təklə kəndində anadan olub.  2013-cü ildə Zərifə Əliyeva adına Cəlilabad rayon 7 saylı orta məktəbi bitirib. Elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2017-ci ildə akademiyanı bitirib.

Qəhrəmanımız Medianews.az-a bildirib ki, onda hərbçi peşəsinə hələ uşaq vaxtlarından böyük maraq yaranıb. Elə bu maraq da onu hərbi ali təhsil almağa vadar edib: “Oğlanlarda hərbiyə maraq uşaqlıqdan yaranır. Adətən oğlanlar müəyyən vaxtdan sonra ya polis, ya müəllim, ya da əsgər olmaq istəyir. Məndə də belə oldu. Hərbiyə marağımın artmasına və hərbşi peşəsini seçməyimə əsgərlərimizin şücaəti, Azərbaycan televiziya kanallarının əsgərlərimizi, vətənpərvərlik hissini təbliğ etməsi də təsir etdi. Bu hiss məni Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qədər gətirdi. Ali Hərbi Məktəbi 2017-ci ildə bitirdikdən sonra ixtisasım üzrə zabit kimi xidmətə başladım”.

İkinci Qarabağ müharibəsindən söhbət açan Q.Ağayev 2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı ilə döyüşlərə qatıldığını bildirib: “Biz, xidmət etdiyim bölüklə Kəlbəcər istiqaməti üzrə Murovdağ silsiləsinin yüksəkliyinə sızaraq, ərazini və postları düşməndən azad etdik. Üçrəngli, ay-ulduzlu bayrağımız məhz Murovdağ yüksəkliyinin Murov silsiləsində ucaldı. Oranı döyüş yoldaşlarımla müəyyən vaxt ərzində ac-susuz, istirahət etmədən mühafizə etdik, sonra digər bölməmizə təhvil verib aşağı endik. Daha sonra isə Suqovuşan istiqamətində tapşırıqlara cəlb olunduq. Suqovuşan strateji mövqe olduğu üçün bizim hərbi tapşırıqlarımız da çox çətin idi. Biz davamlı olaraq hücum həyata keçirirdik. Döyüşdüyümüz günlərdə yüksəklikləri azad edir, dost bölməyə təhvil verir, təchizatımızı yeniləyib, növbəti yüksəkliyin alınmasını həyata keçiridik. Döyüşümüz intensiv xarakter daşıyırdı, amma daimi olmurdu. Çünki, döyüşdüyümüz günlərdə sursatımız azalanda məcburən əldə etdiyimiz mövqelərdə dayanır, şəxsi heyətin bir qismi arxaya gedib sursat gətirir, yaxud birlikdə sursat gətirilməsini gözləyir, yenidən tərtiblənib qaldığımız yerdən döyüşü davam etdirirdik. Bu qısa fasilə müddətində yaralanmış, döyüş qabiliyyətini itrimiş, şəhid olmuş yoldaşlarımızı səfərbərlik heyəti ilə bəlli yerlərə təxliyə edirdik. Bundan sonra hücuma davam edirdik”.

Vətən Müharibəsi Qəhrəmanı Q.Ağayev ankoloji xəstəlik səbəbindən ordu sıralarından tərxis olunduğunu və müalicəsi bitdikdən sonra dövlət qulluğunda xiddmətinə davam etdiyini söyləyib. 44 günlük müharibədə qarşılaşdığı hadisələrdən danışan müsahibizim deyib ki, müharibə insanlığın ölümüdür: “Cənab Prezident müharibəyə qədər hər gələn beynəlxalq təşkilat nümayəndələrinin, xarici diplomatların diqqətinə çatdırırdı ki, biz müharibə istəmirik. Biz istəyirik ki, sülh yolu ilə bu problem həllini tapsın, torpaqlarımız işğaldan azad olunsun. İstəməzdik ki, canlı itkilər olsun. Amma döyüş meydanı insanlığın öldüyü yerdir. Təsəvvür edirsiniz, siz nə qədər alicənab, insanlıq hissi ilə dolub-daşsanız belə, qarşınızda sizi öldürə biləcək silahlıya bir balaca mərhəmət etsəniz, yaxud da ləng davransanız bu, sonunuzu gətirib çıxaracaq. Döyüş meydanında vəziyyət çox çətin olur. Müharibənin yazılmamış qanunları var. Ancaq qarşıdakı düşməni məhv etməyə fokslanırsan. Xocalıda soyqırımına məruz qalan vətəndaşlarımızın, Birinci Qarabağ müharibəsindən indiyənə qədər olan şəhidlərimizin qisası, bütün bunların fonunda icra edəcəyimiz hərbi tapşırığın Azərbaycan üçün, qələbə üçün mühüm rol oynaması bizdən yalnız irəli getməyi, düşməni məhv etməyi tələb edirdi. Geriyə çəkilməyə haqqımız yox idi. Düşmən bizdən nə qədər yüksəklikdə yerləşsə belə, onları məhv etməyə daim hazır olurduq. Şəxsi heyət arasında mənəvi-psixoloji ruh yüksək səviyyədə idi. 44 gün ərzindəki döyüşlərdə büdrədik, amma yıxılmadıq, əzildik, lakin yenidən təpər tapıb ayağa qalxdıq, yaralı halımızda belə, daim düşmən üzərinə getdik. Nəyin bahasına olursa-olsun qarşıya qoyulan tapşırığı yerinə yetirməliydik və yetirdik”.

Vətən Müharibəsi Qəhrəmanı vurğulayıb ki, Şuşada, Suqovuşanda, Füzulidə, Murovda əks-hücum əməliyyatları yeni taktika və silahların tətbiqi, uyğunlaşdırılması, mobil qrupların çevik hərəkəti, ən əsası isə Ali Baş Komandana bütün şəxsi heyətin sonsuz inamı və güvəni sayəsində uğur qazandı: “Əsas məsələ sadəcə mobil qrupların çevik hərəkəti, müasir silahların yüksək taktiki texniki xüsusiyyətləri deyil, Azərbaycan əsgərinin öz Müzəffər Ali Baş Komandanın əmrini eşitməsi, vahid komandanlığın əmrinə dəqiq riayət etməsi və verilən tapşırıları canla-başla yerinə yetirməsi idi. Vətən Müharibəsindən sonra bütün dünya dövlətləri çalışır ki, bizim döyüş bacarığımızı, taktikalarımızı, hərbi əməliyyatlarımızı mənimsəsin. Bu müharibənin taktikası ilə onların taktikası oxşar olsa da insalar fərqlidir. Bizdə olan vətənpərvərlik hissi, vətən eşqi, yurd niskili  hər bir yüksəkliyi, silahı, hədəfi üstələyir”.

Sonda xatırladaq ki, Qəzənfər Ağayev Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncama əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adına layqi görülüb. Eyni zamanda dövlət başçısının 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Bundan başqa, Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə o, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə də təltif edilib.

Nailə QASIMOVA

Seçilən
16
medianews.az

1Mənbələr