AZ

Agent vakansiyası

Belə bir dialoq təsəvvür edin:

-Qardaş, neçə aydır, işsizəm, uyğun vakansiya yeri bilmirsən?

-Bilirəm. Amerika informator işinə könüllülər yığır, yaxşı da maaş verəcəklər.

Dialoqun mabədi artıq iş axtaranların tamahından, işə, maaşa olan ehtiyaclarının şiddətindən, vətənpərvərliklərindən asılıdır. Davam edə və etməyə bilər.

Adam işsizdirsə, acdırsa, hindən toyuq oğurlamaqdan tutmuş ta MKİ-yə informasiya ötürməyə qədər hər işə gedə bilər.

Hərçənd belə məsələlərdə qorxu adlanan əyləc sistemi də var. MKİ-yə CV (si-vi) göndərməyə də hər adamın hünəri çatmaz.

Budur, xəbər var ki, ABŞ-nin MKİ-si Çin, İran və Şimali Koreyada məlumat verənləri işə götürmək üçün yeni bir kampaniya başladıb. Elan veriblər.

Heç demə, MKİ bundan əvvəl Rusiya üzrə belə bir elan verib və xeyli rusu “iş”lə təmin edib. RF-nin Xarici Kəşfiyyat İdarəsi (XKİ) onlardan nə qədərini ifşa edib, nə qədərini tikanlı məftilləri olan müəssisələrdə təkrarən “iş”lə təmin edib, səhih məlumat yoxdur. Amma MKİ ilə XKİ arasında şiddətli mübarizənin getdiyi bəllidir.

Bir də Rusiya ədliyyəsi bir xeyli tanınmış sənət adamlarını “xarici agent” kimi ittiham edir. Ukrayna ilə bağlı mıkk edən adam “agent” adlandırılır.

Əslində MKİ-nin İran, Çin və Şimali Koreyada agent axtarması gözə kül üfürməyə oxşayır. Yəni baxın, bu ölkələrdə agentlərimiz yoxdur, amma oralarda agentə ehtiyacımız var, bilmirik nə edək.

Ola bilər, MKİ belə bir kampaniya elan etməklə əsl agentlərindən iz azdırır. Ya da kim bilir, bəlkə doğrudan da bu qəddar ölkələr MKİ-nin agentlərini bir-bir dənləyib edam ediblər, ta biri də qalmayıb. Beləcə, vakansiya əmələ gəlib.

Çin və İran bir az şükürlüdür, amma Şimali Koreyada sərhədi keçən istənilən əcnəbi agent hesab edilir. 8 il qabaq Otto adlı bir amerikalı tələbəni tutmuşdular, təcridxanada nə iynəsi vurdularsa, yazıq ABŞ-yə təhvil veriləndən 3-4 gün sonra öldü. Tramp isə Kim Çen Ina heç nə demədi.

Belə şeylərdə İran da sərtdir, kimdənsə şübhələnib tutursa, casus olduğunu sübut edə bilməsə də, “casusluğa təşəbbüs etməkdə” suçlayıb, iş kəsir. O vaxt iki şairimizi və bir tədqiqatçımızı 5-6 ay zindanda yatırtdıqdan sonra, iş vermədilər, buraxdılar. Biri hələ də işsizdir.

İndi ABŞ istəyir İranda agent saxlasın. Görünür, onlar bizim klassik ədibimiz Mirzə Fətəlinin (Xamneyi onun kəndçisidir) “Aldanmış kəvakib” romanını oxumayıblar, oxusalar, bilərdilər ki, Mirzənin hələ 167 il qabaq yazdığı həmin əsərin axırıncı cümləsi belədir: “Vallah, bu ingilis tayfası qəribə axmaqdır; belə xətərli millət ilə az qalmışdı cəng başlayalar”.

Göydəki ulduzları aldadan xətərli qövm bayrağında cəmi 50 ulduzu olan ABŞ-nin başına nə oyun gətirməz?

Heç Çin də agentlərini başını sığallamır, tutanda edam edir.

Yəni adı çəkilən ölkələrdə ABŞ-yə işləmək təhlükəlidir, işin axırında edam var. Ona görə də MKİ-nin sosial şəbəkələrdə yerləşdirdiyi təlimatlara çətin ki “layk” qoyan olsun. Adı çəkilən ölkələrin də əks-kəşfiyyatı güclü işləyir – hamıdan şübhələnirlər, çox adam tuturlar, onların içində əsl casus da gedir.

Amma elə ölkələr var ki, orda xaricə məlumat ötürənlərə pis baxmırlar – yetər ki, hərbi sirr və ya kommersiya sirri olmasın. Daha hansı siyasi qüvvələrin proqramı nədir, kim kiminlə koalisiya qurmaq istəyir, haradan maliyyələşirlər, hakimiyyətə gəlsələr, nə edəcəklər, ölkədə inflyasiya neçə rəqəmlidir, korrupsiya indeksi nə yerdədir – bunlar sirr deyil və kimsə götürüb onları xaricə ötürsə, cinayət sayılmayacaq. Zatən, internet resursları o cür açıq ölkələrin daxili vəziyyəti haqda informasilarla doludur. Şimali Koreyada isə insanların nə yeyib-içdiyi sirrdir, bunu xaricə ötürən adamı itə yedizdirərlər.

Yaxşı ki, ABŞ bizim ölkə üçün agent vakansiyası elan etmir. Bunun bir nəticəsi o olardı ki, xeyli işsiz vətəndaşımız iş tapardı, CV göndərən, amma işə qəbul edilməyən vətəndaşların sayı isə alovlu patriotların bağrını çatladardı.

Sonda casuslarla bağlı bir lətifə: Ötən əsrin 80-ci (səksəninci) illərində ABŞ paraşütlə çoxdan hazırladığı bir casusu Sibir tərəfdən SSRİ ərazisinə atır. Casus tayqada bir talaya enir, paraşütünü gizlədir, yola düzəlir, gəlib bir xutora çıxır. Sahədə işləyən kəndli onu görən kimi deyir: “Ey, Con, Amerikada nə var, nə yox?”

Casus mat qalır, yaxınlaşır, təmiz rus dilində soruşur ki. bura bax, mujik, nə bildin ki, mən amerikalıyam.

Kəndli deyir: “Bunu bilməyə nə var? Burda səndən başqa zənci yoxdur”.

Seçilən
45
2
medianews.az

3Mənbələr