Çin iqtisadi çətinliklərlə üzləşir, lakin onun müdafiə xərcləri sürətlə artır və bəzi sahələrdə hərbi sənayesi ABŞ-ı əhəmiyyətli dərəcədə qabaqlayır.
Herbiand.az bildirir ki, bu barədə Foreign Affairs məlumat yayıb.
Nəşr bildirir ki, Çin ABŞ-ı çəkindirmək üçün nəzərdə tutulmuş silah sistemlərini sürətlə inkişaf etdirir və istehsal edir. Onun müdafiə sənayesi sanki hərbi şəraitdə olduğu kimi effektiv fəaliyyət göstərir.
Çin artıq geniş miqyasda silah istehsal etmək qabiliyyətinə görə ABŞ-ı qabaqlayıb. Hətta ABŞ-ı böyük fərqlə geridə qoymaqla dünyanın ən böyük gəmi istehsalçısı olub.
2021-ci ildən 2024-cü ilin əvvəlinə qədər Çin müdafiə müəssisələri 400-dən çox qabaqcıl döyüş təyyarəsi və 20 böyük döyüş gəmisi istehsal edib. Ölkə həmçinin, nüvə başlıqları ehtiyatını iki dəfə, ballistik və qanadlı raketlər ehtiyatını isə iki dəfədən çox artırmağı bacarıb. Bundan əlavə, yeni gizli bombardmançı təyyarə hazırlanıb.
Həmin dövrdə Çin peyk buraxılışlarının sayını 50% artırıb. Ölkə yeni silah sistemlərini ABŞ-dan 5-6 dəfə tez əldə edir.
Nəşrin fikrincə, bütün bunlar ölkəni “hərbi ağır çəki”yə çevirib. Amerika müdafiə sənayesi isə bu cür inkişaflarla ayaqlaşa bilmir. Onun resursları və çevikliyi yoxdur, həmçinin kritik qüsurları var.
Bəxtiyar CƏFƏRLİ