AZ

Ekosistemdən silinən heyvanlar - TƏHLÜKƏ

Heyvansevərlərin ilk birliyi 1824-cü ildə İngiltərədə yaradılıb və bundan sonra bənzər icma və birliklər bütün Avropaya yayılmağa başladı. Tarixə məlum olan ilk heyvan hüquqları hərəkatı 19-cu əsrdə İngiltərədə başlayıb. Bu hərəkat 1876-cı ildə qəbul edilən "Heyvanlara qarşı qəddarlıq haqqında" qanunun qüvvəyə minməsi ilə nəticələnib. İngiltərəli heyvansevərlər 1882-ci ildə heyvanlara yaxşı şəraitdə baxılmasını, qorunub saxlanılmasını və onlarla yaxşı rəftar edilməsini təmin etmək üçün bir araya gələrək “Heyvanların Mühafizəsi İttifaqı”nı qurdular. Daha sonra bir çox ölkələrdə yaradılan dərnəklər birləşdi və Haaqada “Dünya Heyvanları Mühafizə Federasiyası” yaradıldı. Bu təşkilat 1931-ci ildəki iclasında 4 oktyabr tarixini “Ümumdünya Heyvanların Müdafiəsi Günü” elan etdi.

Yaşadığımız dünyanı onlarla paylaşırıq, çünki heyvanlar təbiətin tarazlığının qorunmasında mühüm rol oynayır. Ekosistem içində heyvanların böyük yeri var. İnsanların bəzən ehtiyatsız, bəzən də etinasız davranışları nəticəsində bəzi heyvanların nəsli kəsildiyi, bəzilərinin isə yox olmaq ərəfəsində olduğu mərhələdəyik. Bir tərəfdən dünyada sürətlə artan əhali, planlaşdırılmamış tikintilər, urbanizasiya, betonlaşan həyat, təbii ərazilərin məhv edilməsi, meşələrin yandırılması, qanunsuz ov canlılar aləminin tarazlığını pozur, canlıları məhvə sürükləyir, digər tərəfdən isə heyvanlar işgəncələrə məruz qalır, maddi mənfəət və əyləncə məqsədi ilə pis rəftar görürlər. Heyvanlar, xüsusiə itlər və pişiklər ac qalır, kifayət qədər qidaya çıxışları olmur, urbanizasiya sayəsində qeyri-sağlam həyatları olur.

Bütün canlılar üçün ən böyük təhlükə müharibələrdir. Çünki tarix boyu bütün müharibələr biosferi dəyişmək potensialına malik dağıdıcı qüvvə olub. Bu mənfi təsirlər təkcə birbaşa münaqişələr nəticəsində deyil, həm də nüvə silahlarının istifadəsi, hərbi təlimlər zamanı baş verir. Məsələn, bomba atıldığı zaman həmin ərazidəki insanlarla bərabər heyvanlar da dəhşətli şəkildə öldürülür, həmçinin yaşayış mühiti dəyişir, atılan bombanın səbəb olduğu kimyəvi çirklənmə, bombanın yaratdığı yüksək desibelli səslər heyvanların ölümlərindən əlavə fizioloji və psixoloji problemlər yaşamasına səbəb olur, biomüxtəlifliyin azalması, canlı növlərinin nəslinin kəsilməsi və s. ilə nəticələnir. Dənizdən olan hücumlarda sualtı partlayıcıların istifadə və səs dalğaları da dənizin altında yaşayan heyvanların həyatına ciddi təsir edən vəziyyətlərdir. Bu partlayışlar zamanı yaranan təzyiq su altında yaşayan heyvanların ölümünə və ya ciddi zədələnməsinə səbəb olur.

Ekosistem canlıların gözlənilməz ölümü, təbii fəlakətlər və ya insandan qaynaqlanan səbəblər nəticəsində pozula bilər. Son illər müxtəlif baş verən meşə yanğınları da minlərlə canlının məhvinə gətirib çıxardı. Ermənistanın 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçılıq siyasəti nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində də fauna məhv edildi. Qarabağ müharibəsi zamanı ermənilərin Qarabağ ərazisində basdırdıqları çoxsaylı minalara insanlarla bərabər vəhşi təbiətin nadir növdən olan heyvanları da düşür.

İşğaldan azad olunmuş ərazilərdə biomüxtəliflik komponentlərinin tarixi areallarına qaytarılması davam etdirilir. Həssas ekosistemlərin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması üçün əsas fəaliyyətlərdən hesab olunan reintroduksiya layihələri davam etdirilir. İşğal dövründə bioloji müxtəliflik komponentlərinə ciddi ziyan dəymiş Qarabağ bölgəsində də bu layihələrin icrası planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə fauna növlərinin-ceyran, bezoar keçisi, dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.

Artıq balıq növlərinin populyasiyasının bərpası, ceyran fərdlərinin Cəbrayıl və Zəngilan rayonları ərazisinə, əvvəllər məskunlaşdıqları areallarına qaytarılması üçün üçün işlər görülüb. Hazırkı dövrədək ümumilikdə, 293 baş ceyran ölkənin təbii areallarına reintroduksiya edilib və aparılan son sayğı monitorinqlərinin nəticələrinə görə, Azərbaycanda 7000-dən artıq ceyran fərdinin yayılması qeydə alınıb. Xüsusilə zubrların Azərbaycanda tarixi məskunlaşma yerlərinə qaytarılması prosesi aparılır.

Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan Beynəlxalq Qırmızı Siyahıda olan növlər də var. Ermənistan Respublikası tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanları bu cür rəftara məruz qalmamalıdır. Azad edilmiş ərazilərdə ekoloji fəlakət ürək ağrıdır.

Ekosistemdə hər şey bir-biri ilə zəncirvari bağlıdır. Bir canlının məhv olması digər canlılar üçün də təhlükədir. Heyvanların mühafizəsi məsələləri ilə bağlı cəmiyyətdə maarifləndirmə aparılmalıdır. Biz insanlar olaraq öz gələcəyimiz üçün heyvanları qorumalı və onları yaşatmalıyıq. Heyvanlar potensial təhlükə deyil, onlar ekosistemin mühafizəçiləridir. Yaşayış yerlərinin və meşələrin məhv edilməsinin, vəhşi təbiətin yoxa çıxmasının qarşısı alınmalıdır. Heyvanların tükləri və dəriləri üçün öldürülməsi cinayət əməli sayılmalı, buna son qoyulmalıdır.

Lalə Mehralı

Seçilən
21
sesqazeti.az

1Mənbələr