Oktyabrın 3-də Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
“İki sahil” xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini diqqətə çatdırıb. O, gündəliyin birinci məsələsi – Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi haqqında ətraflı məlumat verib. Bildirilib ki, sənədin hazırlanması zamanı ölkənin səhiyyə sahəsindəki cari vəziyyət, mövcud çağırışlar və prioritet istiqamətlər nəzərə alınıb. Həmçinin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, xəstəliklərin profilaktikası, ictimai sağlamlığın yaxşılaşdırılması və tibbi xidmətlərin əlçatanlığının təmin edilməsinə yönəlmiş strateji məqsədlər müəyyənləşdirilib.
İclasda komitə üzvləri iş planının müxtəlif aspektləri ilə bağlı fikirlərini bildirib və təkliflərini səsləndiriblər. Bundan başqa, səhiyyə xidmətlərinin optimallaşdırılması məsələləri də müzakirə edilib.
Sonra gündəliyə daxil olan “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələr zamanı, qanun layihələrinin əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin səmərəli şəkildə təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb. Komitə üzvləri dəyişikliklərin tibbi sığorta sisteminin inkişafına, xidmətlərin daha əlçatan olmasına və vətəndaşların sağlamlıq hüquqlarının qorunmasına müsbət təsir göstərəcəyini vurğulayıblar. Həmçinin qanun layihələrinin müzakirəsində, tibbi sığorta sisteminin genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın artırılması, eləcə də əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının yaxşılaşdırılması məsələlərindən də danışılıb.
Daha sonra iclasda gündəliyə daxil olan sonuncu məsələ - Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb. Müzakirələr zamanı, komitə üzvləri qanun layihələrinin məqsədini və əsas müddəalarını detallı şəkildə analiz edərək Vergi Məcəlləsindəki dəyişikliklərin vergi sisteminin daha səmərəli və şəffaf işləməsinə xidmət edəcəyini vurğulayıblar. Həmçinin sosial sığorta və tibbi sığorta qanunlarına edilən dəyişikliklərin vətəndaşların sosial təminatını artıracağı və tibbi xidmətlərin keyfiyyətini yüksəldəcəyi bildirilib.
İclasda müzakirə olunan qanun layihələrinin əhəmiyyətinin vurğulanması ilə yanaşı, komitə üzvləri tərəfindən atılacaq addımlarla bağlı konkret təkliflər irəli sürülüb.
Beləliklə, iclas parlamentin Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının təsdiq edilməsi ilə, həmçinin gündəlikdəki digər məsələlərin məhsuldar və məqsədyönlü müzakirələri ilə yekunlaşıb.