AZ

Məhkəmə qaydasında qeydiyyatdan çıxarılma: Prosedur və müddətlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bəzən elə hallar yaranır ki, mənzildə qeydiyyatda olan şəxs artıq orada yaşamır və ya onun qeydiyyatının ləğvi zərurəti ortaya çıxır. Belə vəziyyətlərdə məhkəməyə müraciət etmək yeganə çıxış yolu ola bilər.
Bəs məhkəmə yolu ilə vətəndaşı qeydiyyatdan çıxarma prosesi necə gedir və bu proses nə qədər vaxt aparır?
Hüquqşünas Emil Aslanovun Oxu.Az-a verdiyi açıqlamaya görə, vətəndaşı qeydiyyatda olduğu ünvandan çıxarmağın müxtəlif formaları mövcuddur və konkret haldan asılı olaraq, məhkəmə müraciətinin əsasları fərqlənir.
"Məsələn, əgər şəxsin həmin mənzildən istifadə hüququ varsa, onu məhkəmə yalnız kompensasiya təyin etməklə qeydiyyatdan çıxara bilər.
Digər tərəfdən, mənzil alarkən əvvəlki sakinlərin qeydiyyatdan çıxarılması, valideynin öz övladını qeydiyyatdan çıxarması kimi hallar fərqli proseslərdir. Mütləq müəyyən edilməlidir ki, qeydiyyatdan çıxarılacaq şəxs həmin ünvanda yaşayır, yoxsa artıq oranı tərk edib. Çünki bu amillərdən asılı olaraq, işlərə fərqli məhkəmələrdə baxılır", - deyə hüquqşünas vurğulayıb.
E.Aslanov vətəndaşlara bu cür işlərdə peşəkar vəkillərin hüquqi yardımından istifadə etməyi məsləhət görür:
"Hesab edirəm ki, belə olan halda iddiaçı tərəfin hüquqları daha etibarlı şəkildə qorunmuş olur. Amma təbii ki, vəkilsiz də həm birinci instansiya, həm də apellyasiya məhkəmələrində iştirak etmək mümkündür. Əgər vətəndaş iddia ərizəsini özü tərtib edə bilirsə, məhkəməyə müstəqil müraciət etməsində heç bir problem yoxdur.
Məhkəmə prosesinə gəlincə, müraciətdən sonra tərəflər məhkəməyə dəvət olunurlar".
"Qeydiyyatdan çıxarılma prosesinin müddəti isə yenə də müraciətin məzmunundan asılıdır. Əgər ekspertiza rəyi və ya digər əlavə prosedurlar tələb olunmursa, rayon məhkəmələrində dörd aya qədər müddətdə işə baxılıb qərar çıxarıla bilər. Lakin Bakı İnzibati Məhkəməsində bu müddət bir qədər uzana bilir. Belə ki, çıxarılacaq şəxsin mənzildən istifadə hüququ, onun kimliyinin müəyyən edilməsi, həmin ünvanda yaşayıb-yaşamadığının araşdırılması üçün aidiyyəti qurumlara sorğular göndərilir və bütün suallar, təkrar edirəm, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarılmalı olan şəxsin qeydiyyatda olduğu ünvanda istifadə hüququnun olub-olmaması, həmin ünvanda yaşayıb-yaşamaması dəqiqləşdirilməlidir", - deyə E.Aslanov bildirib.
Əzizə İsmayılova
Seçilən
40
oxu.az

1Mənbələr