AZ

“Bir dəstə var ki, harada müsəlman əzilir, sevinirlər” - Fərid Abdulla

“Ətrafda müharibələr gedir, biz də episentrdəyik”

Dünya yenə çalxalanır. Hər yerdə münaqişə ocaqları, əməliyyat planları, bir sözlə? yeni müharibələrin bir addımındayıq. Dünyaya tolerantlıq, dözümlülük ideyalarını təlqin edən bəzi dövlətlər də bu münaqişələrə dəstək olur, günahsız insanların ölümünə bais olurlar.

Ekspertlər qeyd edir ki, beynəlxalq aləmin bir neçə ildir müzakirə etdiyi əsas mövzu Rusiyanın Ukrayna və ona dəstək verən ölkələrə qarşı nüvə silahından istifadə edib-etməyəcəyidir. İsrail-İran müharibəsi eyni mövzunu aktuallaşdırıb. Politoloq Elxan Şahinoğluna görə, İsrail etiraf etməsə də, yüzdən çox nüvə silahına malikdir: “İran da etiraf etməsə, ya bir neçə nüvə silahına artıq yiyələnib, ya da hədəfinə çatmağa çox yaxındır. Hələ ki havada raketlər uçuşur, ancaq müharibənin şiddətlənəcəyi halda, bu bölgədə nüvə müharibəsi ehtimalı barədə də danışılmağa başlanacaq: "Heç bir lider nüvə düyməsinə basmaz, çünki bu, fəlakət olar" prinsipi işləməyə də bilər, əks halda, Rusiya rəsmiləri bu mövzuda ehtiyatlı açıqlama verərdilər. Odur ki, regional müharibələr genişləndikcə, nüvə silahına malik olmaq istəyən dövlətlərin sayı artacaq. Misal üçün, Türkiyə və Səudiyyə Ərəbistanı bu haqda düşünməyə başlayacaq". Ekspertin bildirdiyi kimi, əgər iki ölkə arasında müharibə  başlayarsa, bundan digər ölkələr də təsirlənəcək, zərər çəkəcək.

Asif

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, İran-İsrail qarşıdurması Azərbaycan üçün də risklər vəd edir: “Toqquşma regional müharibəyə çevrilərsə, Cənubi Azərbaycandan köç dalğası ilə üzləşə bilərik. "Sionistləri Araz sahilində" axtaran SEPAH “İsrail bazaları” iddiası ilə qarşıdurmanı Azərbaycan üzərinə köçürməyə cəhdlər edə bilər. Sürünən gərginlik davam edərsə, Bakıya qarşı “İsrailin müttəfiqi” iddiası ilə ritorik hücumlar edilə bilər. Bu risklərə qarşı Azərbaycanın sərhədlərini gücləndirməsi, paralel olaraq, neytral mövqeyini hər iki paytaxta yenidən xatırlatması zərurəti yarana bilər".

Narahatlıq doğuran digər məqam isə ictimaiyyətin minlərlə insanın ölümünə, qanlar axıdılmasına, günahsız körpələrin, ahılların, gənclərin ölümünə lağlağı edərək, sanki azarkeşlik edirmiş kimi, bir oyuna baxırmış kimi fikir bildirməsidir. Bu qədər qan axıdılması sanki heç kimin vecinə deyil.  Niyə insanlar bu qədər rəhmsiz olub?

Xristian

Tanınmış ilahiyyatçı Fərid Abdulla bizimlə söhbətdə insanların laqeyd münasibətindən danışıb: “Hər müharibə adı gələndə bəzi insanlar şouya baxar kimi rəftar edirlər. Məsələn, bineyi-qədimdən, qladiator döyüşlərindən bəri, boks və başqa bu qəbil döyüşlər olduqca maraqla izlənirdi. Üstəlik şou verilişlər, kriminal xəbərlər, qalmaqallar, sarı press və sairə insanların bir qismi səs-küyə meyllidirlər. Yəni nəticədə zərəri çəkən sən deyilsən, sadəcə, əylənirsən. Deyirdilər ki, tarixin ən əmin-aman dövrü indi sayılır. Ta qədimlərdən maksimal orta yaş 35 idi ki, kişilər müharibə səbəbindən  qocala bilmirdilər. İndi başqa səbəblərdən qocala bilməsələr də, yenə 60-a çatanlar var. Müharibə adı çəkiləndə bizim regionun şərhlərinə baxın, bir də dinc ölkələrin. Axı bu nə müharibə həvəsidir? Xüsusilə bir dəstə çıxıb ki, harada bir müsəlman əzilir, sevinirlər. O ki qalsın qeyri-müsəlmana. İndi daha orta əsrlər deyil ki, neytral yerdə iki qoşun bir-birinə hücum etsin. İndi konvensiyalar var, sərhədlər var, yaşayış yerləri və sairə var. İndiki dövrdə müharibə ən son qaçılmaz seçim olmalıdır. Küçə döyüşüdür bu məgər?

Hər yanda “biz soyqırımı yaşamışıq” deyənlər, başqa xalqları namərdcəsinə soyqırımına məruz qoyurlar, hədd də tanımırlar. Bizə gəlincə, yenə Avstraliya kimi yerdə olsaq, başa düşmək olardı. Ən qəliz coğrafi mövqedə elə bizik. Ətrafda müharibələr gedir, biz də episentrdəyik. Kaş müharibələr olmasın, dinc insanlar ölməsin. Kaş elə məsələlər rinqdə bir-biri ilə həll edilərdi. Lakin arada körpələr, qocalar, qadınlar, gənclər - kimsəyə pislik etməmiş insanlar ölür. Allah yer üzünə barış və əmin-amanlıq gətirsin. Sonda Hüseyn Cavidin misrasını demək yerinə düşər: “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü!”"

Yazını hazırladı: Afaq MİRAYİQ

Seçilən
65
musavat.com

1Mənbələr