AZ

Fernandu Santos: “Millidə mentaliteti dəyişmək lazımdır”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santos bu gün azərbaycanlı jurnalistlər üçün mətbuat konfransı keçirib.

Arena.az xəbər verir ki, yığmamızın UEFA Millətlər Liqası çərçivəsində Estoniya və Slovakiya ilə oyunları üçün heyəti açıqlayan portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

Millimizin baş məşqçisi yer aldıqları qrupdakı şansları barədə də söz açıb:

“Slovakiya ilə yenidən qarşılaşacağıq. Zəif rəqib deyil. Qrupu neçə xalla bitirəcəyik, deyə bilmərəm. Çünki gələcəyi görmürəm. Bir şeyi deyə bilərəm ki, futbolçularıma güvənirəm. Bilirəm ki, onları daha yaxşısını edə bilərlər. Onlar da dərk edirlər ki, nələrisə dəyişmək lazımdır. Təbii ki, hər oyuna qələbə üçün çıxırıq. Ən azından mentaliteti dəyişmək lazımdır, komanda kimi fikirləşmək lazımdır. Fərdilikdən əl çəkmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Fərdi olaraq, güclü olmalıyıq. Nələri dəyişmək lazım olduğunu bilirik. Amma bir oyun üçün yox, gələcəyə görə. Futbolçularla işləyəndən sonra gördüm ki, çox həvəslidirlər. Bu yolla davam etməliyik. İnanıram ki, istədiyimizə çatacağıq.

Hansı futbolçu mentaliteti dəyişmək istəməyəcək, seçimimizi başqa futbolçudan yana edəcəyik. Futbolçularıma inanıram. İnanıram ki, mentalitet dəyişikliyinə hazırdırlar. İkinci dəfə bir yerə yığışacağıq. Çətin olsa da, çalışacağıq ki, mentaliteti dəyişək. Qərarlar verməliyik. Buraya nələrisə dəyişmək üçün gəlmişəm. Hansı addımları atmaq lazım olduğunu bilirəm. Hamısına şamil etmirəm, bir çox futbolçu var ki, daha çox özləri haqda düşünürlər. Amma komanda kimi fikirləşmək lazımdır. Dəyişəcək əsas şey budur. Futbolun inkişafını istəyiriksə, bu məsələlər dəyişməlidir. Fərdilikdən əl çəkmək lazımdır”.

“Seçimlərimdə kənar müdaxilələr yoxdur, mümkün deyil”

Fernando Santos kapitan Emin Mahmudovun durumu ilə bağlı bunları söyləyib:

“Düzdür, onun son oyunlarda verdiyi qərarlar xoşuma gəlmədi. Kapitan kapitandır, qərar verməyi bacarmalıdır. Emin keyfiyyətli futbolçudur. Ona görə milliyə dəvət edirəm. Tibbi heyətdən mənə verilən məlumata görə, Eminin heç bir zədəsi yoxdur. Yeganə zədəli Şahruddin Məhəmmədəliyevdir ki, onun xidmətindən istifadə edə bilməyəcəyik. Bəhlul Mustafazadədə zədə şübhəsi var. Bu gün tibbi müayinədən sonra durumuna baxacağıq. Ona görə daha bir mərkəz müdafiəçisi cəlb etdim. Bəhlulla bağlı məsələ aydın deyil.

Emin Mahmudov elə keyfiyyətlərə malikdir ki, bu, hər futbolçuda yoxdur. Elə qərarlar verə bilər ki, hər oyunçu bunu edə bilmir. Heç kəs fikirləşə bilməz ki, milliyə gəlirəmsə, hər zaman oynayacağam. Kim oynayacaq, oynamayacaq, bununla bağlı qərarları baş məşqçi verir. Futbolçular dərk etməlidir ki, onlar burada Azərbaycan mllisinə xidmət edir. Komandamızı da buna görə qurmaq istəyirik. Milliyə dəvət olunmaq o demək deyil ki, 100 faiz oynayacaq. Ola bilsin ki, bəzi oyunçular daha artıq oynayacaq. Bütün millilərdə belədir. Milli komandaya oyunçu seçimini yalnız mən edirəm. Mən və köməkçilərim Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Xaricdə oynayanlar var ki, həmin matçlar da televiziya vasitəsilə diqqətdə saxlanılır. Bu məsələdə əmin ola bilərsiz. Bura heç kəs kiminsə dostudur deyə, cəlb olunmur. Kimsə kimisə daha çox tərifləyir deyə, milliyə cəlb olunmur. Ya da hansısa agentlər tərəfindən. Mənim telefonum bağlıdır. Mən həmişə bu tərzdə işləmişəm, işləməyə də davam edəcəyəm. Bu, mənim məsuliyyətimdir. Bir şeyə əmin ola bilərsiniz ki, seçimlərimdə kənar müdaxilələr yoxdur, mümkün deyil”.

Seçilən
4
13
arena.az

10Mənbələr