Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun yeni baş katibi Mark Rutte ilə görüşərək ikitərəfli əməkdaşlığın prioritetlərini müzakirə edib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin İşlər İdarəsi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, NATO-nun yeni baş katibinin xüsusi olaraq Ukraynaya getməsi bütün Avro-Atlantik regionun ortaq dəyərlərinin indi harada müdafiə olunduğunu göstərir.
Görüş zamanı Zelenski Ukraynanın əsas məqsədinin alyansa tamhüquqlu üzv olmaqdan ibarət olduğunu açıqlayıb. O, həmçinin bildirib ki, cəbhədə mövqelərini möhkəmləndirmək üçün Ukrayna Silahlı Qüvvələrinə kifayət qədər miqdarda silah, xüsusən də uzaqmənzilli silahlar lazımdır. Lakin ölkənin tərəfdaşları onların tədarükünü gecikdirir:
"Bu ilin iyulunda NATO-nun Vaşinqtonda keçirilən sammitində Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi ilə bağlı əldə edilmiş bütün razılaşmaların qış başlamazdan əvvəl həyata keçirilməsi vacibdir. Ümid edirəm ki, alyans üzvləri Ukrayna səmasının qorunması məsələsində mövqelərini dəyişəcək və Rusiya tərəfindən buraxılan raket və pilotsuz təyyarələrin vurulmasına kömək etməyə başlayacaqlar".
Öz növbəsində M.Rutte bildirib ki, o, NATO-nun baş katibi kimi Ukraynaya dəstəyi artırmaq üçün əlindən gələni edəcək:
"Alyansa üzv ölkələr öz hərbi imkanlarını artırmağı və Ukrayna hərbi-sənaye kompleksini gücləndirməyi planlaşdırır. Ukrayna alyansa qoşulmağa həmişəkindən daha yaxındır".
Gülşən Şərif