AZ

Təhsili və təlim-tərbiyəni məktəbə necə qaytaraq?

Məktəblərdə həm tədris, həm də təlim-tərbiyə prosesi ilə bağlı vəziyyət ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Belə ki, şagirdlərin kütləvi şəkildə repetitor yanına hazırlığa getməsi tədrisin səviyyəsinin aşağı olması qənaətini yaradır. Bundan başqa, məktəblərdə bir sıra neqativ hadisələr baş verir ki, bu da təhsilə inamın azalmasına gətirib çıxarır. Elə son günlər məktəblərdə baş verən bıçaqlanma hadisələri də bunlardan biridir. Tədris sistemində nəyi dəyişmək lazımdır ki, təhsil və təlim-tərbiyə cəmiyyətin gözlədiyi nəticəni versin?

2 ildir qəbul edilən sənəd haradadır?

Təhsil üzrə ekspert Elmin Nuri “Cümhuriyət”-ə bildirib ki, təhsil sistemində bir çox mexanizm, yanaşma, sistemin əsasını təşkil edən kriteriyaların bəlkə də yarıdan çoxu dəyişməlidir:

“Cəmiyyətdə təhsil amilinə, təhsil müəssisəsinə, müəllim nüfuzuna hörmət artmalıdır. Bizim cəmiyyət hər zaman müəllimə, məktəbə hörmət edib. Biz bunu xüsusən də bölgələrdə görmüşük. Müəllim yalnız öz predmetini, öz fənnini tədris edən şəxs kimi deyil, ümumən təlim-tərbiyəni, barışığı, müəyyən bir mənəvi prosesləri tənzimləyən şəxs kimi qəbul olunub. Düşünürəm ki, bu yanaşmaya yenidən qayıtmalı və onun gücləndirilməsi üçün əlimizdən gələni etməliyik. Birincisi, müəllim anlayışına yanaşmanı daha da yaxşılaşdırsaq, bu, məktəbdaxili, hətta məktəbdənkənar təlim-tərbiyə prosesinə də müsbət təsir göstərəcək. İkincisi, gecikdiyimiz bir məsələ var. İki aydan sonra qəbulunun iki ili tamam olacaq qaydalar toplusu, ümumtəhsil müəssisələrində şagird davranış qaydaları cəmiyyətin müzakirəsinə verildi.

Ümumilikdə 6 bölmədən ibarət olan davranış qaydalarında birmənalı qarşılanmayan müəyyən məsələlər var idi. Davranış qaydaları ümumilikdə yox, yalnız pilot olaraq seçilmiş məktəblərdə tətbiq olundu. Çox təəssüf ki, bu mexanizm hələ də olduğu kimi qalıb. Artıq 6 bölməlik davranış qaydalarının ümumi, mərkəzləşdirilmiş qaydada tətbiqinə başlamağa məcburuq. Hələ dərs ili yeni başlayanda bununla bağlı fikirlərimi bildirmişdim. Onda da artıq müəyyən hadisələr baş vermişdi. Beyləqanda bir şagirdin atası həmin şagirdin sinif yoldaşını döymüşdü. Daha sonra başqa məktəbdə müəllim şagirdləri məktəbdən kənarda dərsə məcbur etmişdi”.

“Cəza olmalıdır”

Ekspert bildirib ki, xoşagəlməz halların azalması üçün artıq həmin qaydalara keçməyin zamanıdır:

“Doğrudur, bir çoxumuz qaydalarda çoxlu səhv olduğunu dedik. Xüsusən də şagirdlərin məktəbdən kənarlaşdırılması üçün nəzərdə tutulan bəzi qaydalarda səhvlər var. Ancaq görünən budur ki, məktəblərdə deqradasiya çox güclü gedib. Artıq gecikmədən ümumtəhsil müəssisələrində şagird davranış qaydalarının tətbiqinə başlamalıyıq. Orada əksini tapan bütün qaydalar, məsələn, “qırmızı kart” ən kobud tərbiyə pozuntusuna yol verən, ən ciddi şəkildə xəta törədən şagirdlərin məktəbdən kənarlaşdırılmasını nəzərdə tutan cəza mexanizmi idi. Artıq biz buna başlamalıyıq. Bəlkə bundan sonra müəyyən bir müsbət irəliləyişin şahidi ola bilərik”.

“Şagirdə gülmək onun üçün ən böyük travmadır”

Həmsöhbətimiz deyib ki, şagird davranış qaydalarında nizam-intizam məsələləri özünü bir neçə kriteriyada göstərməlidir:

“Birincisi, fiziki təhlükəsizlikdir. Bugünlərdə orta ümumtəhsil məktəbində bir şagird digərini bıçaqlayıb. Ancaq şagird davranış qaydalarının birinci proseduru fiziki təhlükəsizliyin qorunmasıdır. İkincisi, psixoloji sağlamlıqdır. Buldinq elədir ki, fiziki təhlükə olmasa da, psixoloji ağırlığı çox ola bilər. Üçüncüsü, məktəbdaxili münasibətlərdir ki, burada kollektivçilik olmalıdır. Bəzən şagird dərsini danışa bilmir, sinif yoldaşları ona gülür. Bu, şagird üçün çox böyük bir travmadır. Belə olduğu təqdirdə hansı təlim-tərbiyədən danışa bilərik? Bir şagirdə xəsarət yetirmək üçün ona mütləq yumruq, təpik atmaq lazım deyil.

Elə həmin situasiyada ona gülmək onun üçün ən böyük travmadır. Növbəti məsələ əlverişli öyrənmə mühitidir. Bu, çox vacibdir. İstər fiziki, istərsə də psixoloji baxımdan buldinqin olduğu yerdə heç cür əlverişli öyrənmə mühitindən danışa bilmərik. Məktəbdə ən güclü laboratoriyalar olsa da, ölkənin ən güclü müəllimləri orda dərs keçsə də, əgər buldinq səbəbindən əlverişli öyrənmə mühiti yoxdursa, tədris uğurundan danışmaq olmaz. Bu detalların həyata keçirilməsində gecikirik, çox şeylər itiririk”.

“11 il oxuyub “3” ala bilmirsə...”

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlunun fikrincə isə, tədrisin müxtəlif istiqamətinə nəzarət üçün islahatlar aparılıb, müvafiq agentliklər yaradılıb:

“Ancaq yenə də problemlərin bir qismi qalmaqdadır. Ötən il nə qədər neqativ hallar baş verdi. Hətta elə məsələlər var ki, mediaya sızmır, məktəbin özündə həll olunur. İlk növbədə təhsildə sosial-psixoloji xidməti yeniləmək lazımdır. Onlar çox da ciddi imtahandan keçmir, maaşları da elə də yüksək deyil. Sosial-psixoloji xidməti təşkil edənlərin şagirdlərlə, valideynlə danışmasında, körpü yaratma qabiliyyətində müəyyən qədər zəiflik var. Şagirdlər o qədər çox olur ki, psixoloqlar hamısı ilə məşğul ola bilmirlər. Bundan başqa, hazırda direktor və direktor müavini olmaq heç də asan deyil. Bu, yaxşı haldır. Hər adam məktəb direktoru ola bilmir. Bu sahədə də müəyyən qədər ciddi addım atıldı, ancaq bu da kifayət etmir”.

Ekspert deyib ki, hüquq-mühafizə orqanlarının iştirakı ilə profilaktik tədbirlər daha da artırılmalıdır:

“Tədbirlər konkret nəticəyə yönəlməli, təhsilverənlərin psixoloji vəziyyəti daim nəzarətdə saxlanılmalıdır. Hadisəni qabaqlamaq lazımdır. Təhsilalanların təhsilə cəlbi üçün tədbirlər çox vacibdir. Hər il buraxılış imtahanlarında zəif nəticə göstərən məktəblər olur . Nazirlik həmin məktəblərlə işləməli, həmin kollektivə baxış keçirməlidir. Şagird məktəbdə 11 il təhsil alır və hər il növbəti sinifə keçirsə, “3” səviyyəsində nəticə göstərmirsə, məktəbin verdiyi təhsildə də müəyyən problemlər ola bilər. Araşdıranda görürük ki, cinayət törədənlərin çoxu təhsilsiz insanlardır. Xüsusilə ailə faciələrini misal göstərmək olar. Burada məktəbin də təsiri var”.

Nigar Abdullayeva

"Cebheinfo.az"

Seçilən
3
50
cebheinfo.az

10Mənbələr