AZ

Millət vəkilləri heyvanların müdafiəsinə qalxdı - Yeni QANUN gəlir 


Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Heyvanlar aləmi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Millət vəkili Tahir Rzayev Referans.az-a qanunvericilikdə heyvanlarla bağlı əksini tapacaq yeni dəyişikliklərdən söz açıb:

"Heyvanların incidilməsi, öldürülməsi müəyyən məsuliyyət yaradır. Bu əvvəl qanunda var idi, amma, indi qanuna yeni dəyişikliklər ediləcək. Zülümə, incildilməyə qarşı olan məsələlərin kadrlarını çəkmək, yaymaq, təbliğ eləmək və bundan kommersiya məqsədləri üçün istifadə eləmək ikinci məsuliyyət yaradacaq. Bu olmaz. Bu kimi hallar baş verərsə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunacaq. Belə davranan insanlara müəyyən cərimələr tətbiq oluna və məsuliyyət daşıya bilər. Bu çox yaxşı haldır. Bir də görürsünüz kimsə itin şikəst olmasını çəkib səhifəsinə qoyub, təbliğat aparır, "TikTok" da müəyyən vəsait qazanmaqçün istifadə edir. Belə hallar dəyişiklikdə öz əksini tapacaq. Biz deputatlar tərəfindən heyvanlarla bağlı addım çox yüksək qiymətləndirildi. Heyvanlara diqqət, qayğı lazımdır. Heyvanlarla bağlı sığınacaqlar yaradılıb. Lakin, hesab edirəm ki, sığınacaqların sayı artırılmalıdır. Hər kəs heyvana qarşı münasibətdə həssas olmalıdır. Çünki heyvanları ilahi yaradıb. Heyvanları şikəst eləmək, zülüm eləmək olmaz". 

Deputat bildirir ki, heyvanların şikəst etməyin dərəcəsi qanunla müəyyən ediləcək: "Ağır və yüngül dərəcədə xəsarət yetirmək və heyvanı öldürməyin cəzaları qanunda ediləcək yeni dəyişiklikdə öz əksini tapacaq". 

Parlament üzvü sonda qeyd edib ki, heyvanlarla rəhmsiz davranmaq haqda qanuna yeni dəyişikliklə bağlı məsələ plenar iclasda müzakirəyə çıxarılacaq. 3 dəfə müzakirədən keçəndən sonra nəzərdə tutulmuş yeni dəyişikliklər qanunda öz təsdiqini tapacaq. 

Şəlalə Babayeva  

Seçilən
13
referans.az

1Mənbələr