AZ

Azərbaycanda su paylanma sistemi taraz deyil- beynəlxalq tənqidi rəy...

Image

Rövşən Abbasov: “Su sahəsində yaşanan problemlərin həll olunması üçün su infrastrukturunda çox ciddi dəyişiklik olunmalıdır”

COP29 ərəfəsində Azərbaycanda təbii olaraq suyun təhlükəsizliyi ilə bağlı müzakirələr də artır. ACWA Power Qlobal Su Duzsuzlaşdırma şöbəsinin rəhbəri Udyan Set Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 2-ci günündə çıxışı zamanı deyib ki, Azərbaycanda su təhlükəsizliyi çox ciddi şəkildə regional əməkdaşlıqdan asılıdır.

O bildirib ki, Azərbaycanda su paylanma sistemi tam tarazlı qurulmayıb. Ona görə də bəzi bölgələrdə su çatışmır, bəzi bölgələrdə çoxdur. Azərbaycanda yağış və təbii su hövzələri azdır.

“Biz dayanıqlı həll ortaya qoyub, suya olan tələbatı qarşılamaq üçün innovativ texnologiyalar tətbiq etməliyik. Suyun duzsuzlaşdırılması bu resursa ehtiyacı olan bölgələr üçün çox mühüm həll yolu kimi tapılmışdı. Suyun duzsuzlaşdırılmasında texnoloji yeniliklərdən biri enerji istehlakının və kapital xərcinin azaldılmasıdır. Çünki duzsuzlaşdırma üçün ciddi maliyyə vəsaitinə ehtiyac var”, - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda su təhlükəsizliyi ilə bağlı məsələdə regional əməkdaşlığın vurğulanması təsadüfi deyil. Bu problemlərin həlli üçün hansı addımları atmaq, məsələni necə tənzimləmək olar?

“Abşeron yarımadasının su ilə təmini üçün Xəzər dənizindən suyun götürülüb duzsuzlaşdırılaraq, yarımadanın qərb hissəsinə verilməsi nəzərdə tutulur”

"Sağlam həyata doğru" İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, su idarəsinin təməl qanunları var. Su mənbələrindən az su götürülməlidir: “Digər məsələ odur ki, su daşınmalarının məsafəsi mümkün qədər qısaldılmalıdır. Bu da əsas şərtlərdən biridir. Bəzən mümkün olmadıqda bunu məcburən etmək olur. Məsələn, Bakı şəhərinə uzaq məsəfələrdən su gətirilməsi bunu əsaslandırır. Çünki Abşeron yarımadasının özünün su mənbələri yoxdur. Onu da deyim ki, alternativ sulardan da  istifadə etmək olar. Məsələn, çirkab su və duzsuzlaşdırılmış sulardan yenidən istifadə oluna bilər. Təəssüflər olsun ki, sadaladıqlarımın icra olunması üçün infrastruktur yetərli səviyyədə deyil. Ölkəmizdə çirkab suların təmizlənməsi az halda istifadə edilir. Çirkab suların təmizlənib yenidən istifadə olunması Azərbaycanın su siyasətində yer alıb. Hesab edirəm ki, yaxın gələcəkdə Xəzər dənizinə axıdılan çirkab suyun böyük hissəsi təmizlənərək, bağ və parkların sulanmasında istifadə olunacaq”.

Su daşımalarına gəlincə, ekspert bildirdi ki, Abşeron yarımadasının su ilə təmini üçün Xəzər dənizindən suyun götürülüb duzsuzlaşaraq, yarımadanın qərb hissəsinə verilməsi nəzərdə tutulur. Bu da su  idarəçiliyi baxımından kifayət qədər məqsədəuyğundur: “Sovet dövründə su mənbələrinin ekoloji məsələlərinə, təhlükəsizliyə diqqət edilmirdi. O vaxt ekoloji təhlükəsizlik arxa planda idi. Ağına-bozuna baxmadan çoxlu ərazilərdə torpaq kanallar quruldu, köhnə suvarma sistemlərindən istifadə olunurdu. Təəssüf ki, köhnə suvarma sistemi bu gün də davam edir.   Bu kimi problemlər su təminatı ilə bağlı məsələdə Azərbaycanı bir qədər çətin vəziyyətə saldı”.

Ekspert hesab edir ki, su sahəsində yaşanan problemlərin həll olunması üçün su infrastrukturunda çox ciddi dəyişiklik olunmalıdır.

Günel CƏLİLOVA





Seçilən
5
baki-xeber.com

1Mənbələr