AZ

XİN başçısının hədəsi: Azərbaycan-İran münasibətləri yenidən pisləşir?

"Abbas Əraqçinin bu açıqlamasına baxmayaraq, Tehranın indiki mərhələdə Azərbaycanla münasibətləri korlamaqda maraqlı olduğunu düşünmürəm"

Hurriyyet.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə İranın XİN rəhbəri Abbas Əraqçinin Tehranın İsrailə hava məkanını açan istənilən dövləti özünə düşmən hesab edəcəyilə bağlı verdiyi bəyanatı şərh edərkən deyib.

"Yaxın Şərqdə müharibə genişlənir. İran bir neçə gün öncə İsrailə raket zərbələri endirdi. Bu da bir növ xəbərdarlıq xarakteri daşıyır. Ancaq İsrailin hava hücumundan müdafiə sistemləri də özünü yaxşı göstərdi. Tehranın İsrailə hava məkanını açan istənilən dövləti özünə düşmən hesab edəcəyilə bağlı açıqlamaları ondan xəbər verir ki, İran proksi qüvvələrlə Təl-Əvivin başını qatmaq, onu zəiflətmək niyyətindədir. Bu proksi qüvvələri isə "Hizbullah" və husilərdir. İsrail də "Hizbullah" liderinin öldürülməsinin ardınca iranlı general və nüvə sahəsində çalışan alimlərinin öldürülməsini davam etdirəcək. Livanda quru əməliyyatların başlanması da məzh bundan xəbər verir", deyə Rüstəm Tağızadə bildirib. 

Həmsöhbətimiz qeyd edib ki, İran rəsmisi bu açıqlama ilə guya hədə-qorxu gəlmək istəyir:

"İran XİN rəhbərinin bu açıqlamasına baxmayaraq, düşünmürəm ki, Tehran indiki mərhələdə Azərbaycanla münasibətləri korlamaqda maraqlı olsun. Bunu İranın qonşuları olan digər dövlətlərə də şamil etmək olar. İran rəsmisi bu açıqlama ilə guya hədə-qorxu gəlmək istəyir. Ancaq bu baş tutan siyasi metod deyil. İndiki durumunda İranın bilərəkdən öz düşmənlərinin sayını artıracağı ağlabatan görünmür".

Ekspert deyir ki, belə bir addıma əl atması İrana yaxşı mənada heç nə verməyəcək: 

"Əksinə, ona qarşı çıxanların sayını artıra bilər. İsrailə hava məkanının açılıb-açılmamasına qərar vermək hər bir ölkənin öz daxili işidir. İran başqasının yerinə buna qərar verə bilməz. İsrailə hava məkanını açan ölkələrə İranın etirazı olsa da, bu sadəcə nota şəklində olacaq. Bu addıma görə, həmin ölkələrə hər hansı bir müdaxilə isə nəzərdə tutulmayacaq".

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran İsrailə öz hava məkanını açan hər kəsi, istənilən dövləti düşmən hesab edəcək. "Biz artıq başqa ölkələrin nümayəndələrinə demişik ki, İsrailə hava məkanını açan hər kəsi düşmən hesab edəcəyik. Amma ümid edirəm ki, heç kim belə icazə verməyəcək", deyə Əraqçi bildirib. 

 

Rüfət Sultan

Seçilən
63
50
hurriyyet.az

10Mənbələr