AZ

Nə söz tapa bilirik, nə də başlıq...

Vətən müharibəsində qazanılan qələbənin məntiqi nəticəsi kimi işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Hökumətin planı bəllidir: 90-cı illərin əvvəllərində didərgin salınan bir milyon məcburi köçkünün ömründən çalınan 30 il çox ciddi rəqəmdir və bunu qalib gələn hakimiyyətin özü kompenasasiya edir.

“Qafqazinfo”nun məlumatına görə, dövlət büdcəsindən hər il ayrılan vəsaitin böyük hissəsi də məhz bu istiqamətə yönəldilir. Təkcə ötən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəm olaraq 5588 mln. manat vəsait ayrılıb. Cari ildə isə bu rəqəm 4 milyard manat civarındadır. Gələn il isə dövlət büdcəsinin 10.1 faizi azad olunmuş ərazilərin bərpasına ayrılacaq. İlin sonunadək azad olunmuş ərazilərə daha 25 mindən çox əhali qayıdacaq. Bu statistikanı bir evi tikib ərsəyə gətirməyin nə olduğunu bilənlər daha gözəl anlayır.

Bir sözlə, fasilə, bayram, tətil anlayışı yoxdur, iş gedir. Elə bunun nəticəsidir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən iştirakı ilə tez-tez azad olunmuş ərazilərdə təməlqoyma mərasimləri təşkil olunur, yeni-yeni yaşayış komplekslərinin, evlərinin açılışı olur, yurd-yuvalarına qayıdan ailələrə mənzillərinin açarı ölkə rəhbərliyi tərəfindən şəxsən təqdim edilir. Bu, həm də həmin ərazilərdə rahat və güvən içində yaşamağın birbaşa qarantıdır.

Ancaq təəssüf ki, azad olunmuş ərazilərdə görülən işlərə kölgə salmağa çalışan qüvvələr də var. Vətən müharibəsi günlərində olduğu kimi, bu məqamda da belə lüzumsuz fikirlərin yürüdülməsi heç də təəccüblü deyil. Daima ikili standartlara məruz qalan Azərbaycanın daxilində də barmaqla sayılacaq bəzi şəxslərin ikili oynamasının da səbəbləri başa düşülməyəcək qədər başadüşüləndir.

Xatırlayırsınızsa, bir müddət öncə Cəbrayılda inşa olunan yaşayış komleksinin ilkin görüntüləri yayılmışdı. Sosial şəbəkədə haray qopmuşdu ki, bəs binalar iç-içə tikilib, belə yaşayış kompleksi olmaz-filan...

Təbii ki, bunlar arxı hoppanmadan yürüdülən fikirlər idi. Ancaq sosial şəbəkələr elədir ki, burada olanlar bəzən hər hansı araşdırmaya ehtiyac görmür, heç buna cəhd də göstərmir. Yanıldıqlarını, dezinformasiya qurbanı olduqlarını zamanla anlayırlar. Bunlar həm də tələsgənlik edib siyasətin, strategiyanın nə olduğunu anlamayaraq “Bəs Xankəndi, Xocalı?” sualını verənlərdir. 

Çox qısa zaman keçdi və biz o sözdə bəyənilməyən Cəbrayıldakı yaşayış komleksinin hazır variantını da gördük. Gördüyümüz xarabalığa çevrilmiş, daşı belə külə dönmüş ərazilərdə tikilən dəbdəbəli binalardır. Özü də ənənəvi Sovet binaları kimi yox, yeni dizaynda, müasir düşüncədə, gözoxşayan tərzdə...

Azad edilmiş ərazilərin ölkənin 20 faizini təşkil etdiyini və orada daşın daş üstündə qalmadığını, hələ də minalanmış sahələrin olduğunu nəzərə alsaq, deməli, bərpa-quruculuq işləri xeyli zaman aparacaq. Bu müddətdə təbii ki, yenə neqativ fikirlər səsləndiriləcək. Kimisi tikintidə istifadə olunan daşın rəngini, kimisi qumunu, kimisi də malakeşini bəyənməyəcək. 

Amma heç vaxt fərqində olmayacaqlar ki, 4 il əvvələ qədər “Cəbrayıla yol çəkəcəm” iddiasında olanlar, 8 noyabrda efirdə görünmədən sənədə necə qol çəkdi... 

Emin Səfərov

Seçilən
34
qafqazinfo.az

1Mənbələr