AZ

Tenisdə xallar 15-30-40 şəklindədir, çünki ...

Televiziyada tennis oyunlarına baxanda xalların bir az fərqli şəkildə hesablandığını görürük. Bu fərqliliyi izah etmək üçün "Tennisdə xallar 15-30-40 şəklindədir”, çünki... deyərək sözlərimizə başlayaq.

SİA-nın əldə etdiyi məlumata görə, tennis kökləri 12-ci əsr Fransasına uzanan və 19-cu əsrdə İngiltərədə bugünkü formasını alan bir idman növüdür. Bu gün tennis dünyasının ən böyük iki turniri də bu iki ölkədə keçirilir. 1887-ci ildən bəri Londonda keçirilən Uimbledon (Wimbledon) Tennis Turnirində oyunlar çəmən kortda, 1891-dən bəri Parisdə keçirilən “Roland Garros” və ya digər adı ilə Fransa Açıq Turnirində isə torpaq kortda oynanılır. Bu turnirlərdə qadınlar kateqoriyasında iki, kişilərdə isə üç seti qazanan idmançılar qalib gəlir. Bir seti qazanmaq üçün 15-30-40 şəklində adlandırılan üç xalın ardınca dalbadal iki xal almaq lazımdır. 40-dan sonrakı xal “üstünlük” adlanır. Üstünlük xalını əlində saxlayan idmançı növbəti xalı qazana bilməzsə, üstünlük xalı ləğv edilir.

Tennisdə xalların 15-30-40 olması saat üzərində aparılan bir hesablamadan qaynaqlanır. Keçmiş dövrlərdə oyun zamanı xallar saatın rübü ilə, yəni 15, 30, 45 və 60 şəklində ifadə edilirdi. Lakin fransızcada 45 rəqəminin tələffüzü bir qədər uzun olduğundan zamanla daha praktiki olan 40 rəqəmi qəbul olunur. Beləcə, bugünkü 15-30-40-oyun ardıcıllığı yaranır.

Tennisin xal sistemi həmçinin digər idman növlərindən fərqli, dyus (deuce) olaraq adlandırılan bərabərlik anlayışına da malikdir. Əgər hər iki oyunçu 40 xal toplayarsa, dyus vəziyyətinə keçilir və oyunu qazanmaq üçün dalbadal iki xal almaq lazım gəlir. Bəzi oyunlarda 40-40-dan sonra oyunçuların növbə ilə xal qazandığı, lakin bərabərliyi poza bilmədiyi və oyunun dəqiqələrlə davam etdiyi hallar olur. Bu qeyri-adi sistem tennis oyununu digər idman növlərindən fərqləndirən və ona özünəməxsus xarakter verən bir elementdir. Başda bir az mürəkkəb görünsə də, bir neçə set izləmək bu sistemi anlamağa kifayət edir.

Seçilən
67
1
sia.az

2Mənbələr