AZ

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib

“Yüksəliş”

Bakı, 7 oktyabr, AZƏRTAC

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Fariz Rzayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı Ülvi Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev və müsabiqənin işçi qrupu iştirak ediblər.

Təşkilat Komitəsinin üzvlərinə dördüncü “Yüksəliş” müsabiqəsinin yekunlaşması ilə bağlı hazırlanan hesabat təqdim edilib. İclasda dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı ilə əlaqədar təkliflər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. İclasda çıxış edən Komitə üzvləri layihənin gedişatı barədə qarşıdan gələn tədbirlərin uğurlu təşkili üçün bir sıra vacib təkliflər irəli sürüblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Seçilən
46
50
azertag.az

10Mənbələr