AZ

ABŞ rəsmiləri mövcud reallığı nə qədər tez dərk etsələr, bir o qədər yaxşı olar



ABŞ-ın Azərbaycana yönəlik təzyiqləri yeni bir şey deyil. Uzun illər ərzində biz dəfələrlə Birləşmiş Ştatlar tərəfindən bu cür təzyiqlərlə üzləşmişik. Hələ müstəqilliyimizi yeni əldə etdiyimiz dönəmdə, ərazilərimiz işğal altına düşəndə, insanımıza qarşı ermənilər tərəfindən soyqırımlar törədiləndə ABŞ 907-ci düzəlişi qəbul etməklə bizə qarşı olan mövqeyini ortaya qoyub. Ondan sonrakı dövrdə ATƏT Minsk Qrupunun həmsədri kimi otuz illik bir dövrdə də işğalçıya qarşı deyil, işğala məruz qalan ölkə olaraq bizə qarşı təzyiqlərinı şahidlik etmişik. İndi isə, yəni Vətən müharibəsində qələbədən sonra regionda yaranmış yeni reallıqlar fonunda regon ölkələrini özündən asılı vəziyyətə salmaq yolu tutumuş ABŞ, bölgənin əsas gücü olaraq bizi özü üçün hədəf seçib.

Bu gün istər ABŞ-ın, istərsə də digər Qərb dairələrinin Azərbaycana qarşı irəli sürdüyü ittihamların əsas məqsədi də ölkəmizin müstəqil siyasətini sarsıtmağa, bizləri müti və sözəbaxan ölkəyə çevirməyə hesablanıb. Onları düşünürlər ki, müxtəlif bəhanələrlə təzyiqlər yolu ilə bizi Ermənistan kimi özlərindən asılı ölkəyə çevirə biləcəklər. Bir neçə gün əvvəl Amerika Konqresinin 60 ermənipərəst konqresmenin Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etməsi də bunun bariz sübutudur. Böhtanlarla dolu olan bu müraciətin Dövlət departamenti rəsmilərinin özləri tərəfindən yazıldığı və sonradan Konqress tərəfindən ünvanlanmış müraciət kimi təqdim edilməsi artlq heç kimdə şübhə doğurmur. Görünən odur ki, ABŞ-da bir qism Qərb dövlətləri kimi onların iradəsi olmadan Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə barışa bilmir.

Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair Qərb dövlətləri və onların nəzarətində olan aryı-ayrı təşkilat və fondları tərəfindən irəli sürülən iddiaların obyektivlikdən uzaq olduğu və bu iddiaların əsasında siyasi motivlərin dayandığı hər kəsə yaxşı məlumdur. Ümumiyyətlə isə otuz il ərzində torpaqlarımızın işğal altında qalmasına, ərazilərimizin dağıdılmasına, mülki insanlarımızın qətlə yetirilməsinə, Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə göz yuman, taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı bir dəfə də olsun səsini çıxarmayan ABŞ Konqresinin indi bizi nədəsə ittiham etməyə nə hüququ nə də haqqı çatmır. ABŞ Konqresi bizi ittiham etməkdənsə yaxşı olar ki, öz ölkələrinin insan hüquqları konvensiyalarına qoşulmamasına, BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmamasına aydınlıq gətirsin. Ya da Ermənistanın özündə ən müstəqil ekspertlərin və qeyri hökumət təşkilatlarının hazırladığı hesabatlara baxaraq bu ölkədə insan hüquqlarının vəziyyətinə dair çağırışlar etsin. Yox bunlar baş vermirsə demək ki, məqsəd həqiqətən də insan hüquqlarının qorunması yox, bundan istifadə edərək ölkəmizə təzyiq etməkdən ibarətdir.
Təbii ki, bu təzyiqlərin hər hansı bir nəticəsi olmayacaq. Hətta ölkəmiz əleyhinə yeni sanksiyalar qəbul olunsa belə ölkəmizin bu təzyiqlərə boyun əyməyəcəyi aydındır. Bunu ABŞ rəsmiləri də nə qədər tez dərk etsələr, bir o qədər yaxşı olar.

Yusif Bağırzadə, politoloq
Seçilən
23
newscenter.az

1Mənbələr