Avropada Rusiya-Ukrayna müharibəsi bitməmiş, Yaxın Şərqdə köhnə münaqişə ocağı yenidən alovlanıb. Oktyabrın 7-də bu münaqişənin 957-ci günüdür. Həmin tarixdə Qəzza zolağını idarə etməklə Fələstində ikihakimiyyətlilik yaratmış HƏMAS İsrailə hücum edib.
Həmin gün hücum səhər tezdən Qəzzadan İsrailin mərkəzinin raket atəşinə tutulması və minlərlə yaraqlının yəhudi dövlətinin ərazisini zəbt etməsi, müdafiə zolağını yarması, mindən çox dinc sakini, həmçinin yüzlərlə polisi öldürməsi ilə başlayıb. Həmin hücum nəticəsində yüzlərlə israilli və xarici vətəndaş əsir götürülərək zolaqda girov saxlanılır.
Rəsmi məlumatlara görə, HƏMAS 2023-cü il oktyabrın 7-də 251 nəfəri oğurlayıb. 2024-cü il sentyabrın 1-nə olan informasiyaya əsasən, hazırda 101 girov saxlanılır. Onların 97-si 2023-cü il oktyabrın 7-də, 4-ü isə 2014-cü ildə oğurlanıb. Girovlardan 84-ü kişi, 14-ü qadın, ikisi 5 yaşa qədər uşaqdır. Məlumata görə, girovların 39-u artıq sağ deyil. Həmin şəxslərin meyitləri Qəzzada HƏMAS tərəfindən saxlanılır (bura 2014-cü ildə oğurlanmış Adar Qoldin və Oron Şaul da daxildir).
2023-cü il noyabrın 24-dən 30-dək 81 israilli, 24 xarici ölkə vətəndaşı sərbəst buraxılıb.
Bir ildə hücumlar nəticəsində İsraildə 1 700 nəfər həlak olub, 15 min nəfər yaralanıb. Ölənlər arasında İsrail, ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Avstriya, Almaniya, Macarıstan, İrlandiya, İtaliya, İspaniya, Latviya, Litva, Portuqaliya, Rumıniya, Argentina, Çili, Peru, Paraqvay, Ukrayna, Rusiya, Azərbaycan, Belarus, Moldova, Braziliya, Çin, Hindistan, Şri-Lanka, Kamboca, Tailand, Filippin, Nepal, Cənubi Afrika, Sudan, Türkiyə, Özbəkistan, Qazaxıstanın vətəndaşları da var.
Məlumatlara əsasən, son 50 ildə İsrail bu sayda itki verməyib.
Bu, təxmini statistikadır. Müharibə bitəndən sonra bir çox rəqəmin müəyyənləşəcəyi istisna edilmir.
Yəhudi dövləti yarandığı gündən ərəblər onu məhv etməyi hədəfləyib. Tərəflər arasında 12-dən çox müxtəlif motivli silahlı qarşıdurma olub. Bunlar nəticəsiz bitib. Başqa sözlə, ərəblər İsraili məhv edə bilməyib. Habelə müstəqil Fələstin dövlətinin tam olaraq tanınmasını təmin etməyiblər.
Ərəblərin savaşına 1979-cu il fevral inqilabından sonra İran hakimiyyəti də din-siyasi ideoloji iddia adı altında girişib. Bu "İsrailə ölüm!" şüarı adı altında regionda, o cümlədən, Fələstində HƏMAS, Livanda "Hizbullah", İraqda "Kataib Hizbullah" və s. kimi siyasi-silahlı qruplar yaradıb.
Tehran hakimiyyəti bu kimi qruplar vasitəsilə həm bölgədə öz hegemonluğunu təmin etməyə, həm də regional aparıcı aktor olduğunu göstərməyə çalışır.
Oktyabrın 7-dək özünü müxtəlif şəkildə gizlədən, nəzərdən, diqqətdən kənarda qalmağa səy göstərən İran bu tarixdən sonra bir növ bütün planları, hərbi texnikası, tərəfdarları ilə ifşa olunub.
Bu tarixədək İran "Hizbullah", HƏMAS, Yəməndəki husilər və başqalarının əli ilə İsraili vururdu. Ötən bir ildə isə Tehran iki dəfə aprel və oktyabrda İsraili raket atəşinə tutub.
Birinci hücumu apreldə Dəməşqdə İranın diplomatik missiyasının İsrail tərəfindən vurulduğunu əsas göstərərək edib.
İkinci hücumu isə Tehran oktyabrın 1-də reallaşdırıb. Bildirib ki, bu, HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyənin öldürülməsinə cavab tədbiridir.
Qeyd edək ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. İran isə İsrailə ikinci raket hücumunu bu hadisədən iki ay sonra edib. Əslində isə bu "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsinə cavab idi. Çünki bu qruplaşmanın başçısı öldürüldükdən sonra Tehran rəsmiləri buna cavab verəcəklərini bildirirdi.
Çünki bu halda İran İsrail ərazisinə təcavüz etmiş sayılır.
Bütün hallarda Tehran ötən 45 il ərzində etmədiyni bir ildə törədib. İsrail isə onun iki hücumunu hələ cavabsız qoyub.
Bununla belə İsrail Müdafiə Ordusu Livana quru əməliyyatı başlayandan "Hizbullah"ın 450 üzvünü, o cümlədən müxtəlif rütbəli və vəzifəli 30 komandirini öldürüb. Habelə "Hizbullah"ın yeni lideri Haşim Safiuddinin də hava hücumu nəticəsində zərərsizləşdirildiyinə dair məlumatlar yayılıb.
Müxtəlif mənbələrdən yayılan informasiyalara əsasən, İranın beşdən çox generalı, habelə yüksəkrütbəli zabitləri İsrailin Suriya, Livan və İraq ərazisində keçirdiyi əməliyyatlar nəticəsində öldürülüb.
Hətta İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xaricdə fəaliyyət göstərən Qüds qoşunlarının komandanı general İsmayıl Kaaninin də İsrail bombardmanları nəticəsində öldüyünə dair məlumat yayılıb. Yeri gəlmişkən, onun xələfi general Qasim Süleymani 2020-ci ilin yanvarında ABŞ hərbçiləri tərəfindən öldürülmüşdü.
Müharibənin əsas tərəflərindən sayılan İran bu savaşda hələ uduzur.
Generalların itkisi, "Hizbullah"ın Livanda lidersizliyi, HƏMAS-ın Qəzza zolağından sıxışdırılması, habelə hərəkatın fəaliyyətinin mədhdudlaşdırlması, İraq və Suriyada qüvvələrinə, bazalarına endirilən zərbələr İranın böyük itki verdiyini təsdiqləyən faktlardır.
İsrail xarici işlər naziri İsrael Kats özünün "X" hesabında "Hizbullah"ın öldürülən liderlərinin şəkillərini paylaşaraq İranın Ali Rəhbəri Əli Xameneini etiketləyərək yazıb: "Proksilərini götür və Livanı tərk et!"
Bunu Tehrana özünəməxsus ultimatum kimi də qəbul etmək olar. İndiyədək İsrail-İran münasibətlərində belə hədələyici çıxışlar olmamışdı.
Ötən bir ildə İranın nüfuzu da düşüb. Ölkə daha riskli ölkəyə çevrilib. İran iqtisadiyyatı xarici sərmayəçilər üçün əlverişsiz vəziyyətə düşüb. Bu isə İsrailin İrana atacağı mümkün bomba və ya raketdən daha təsirlidir.
Belə ehtimal olunur ki, mövcud riskləri azaltmaq üçün İran hakimiyyəti "qara bazar"da neft və təbii qaz satışının həcmini artıracaq.
Bu baxımdan beynəlxalq ictimaiyyətin bu istiqamətə diqqət ayıracağı istisna deyil.
HƏMAS-ın hücumu, "Hizbullah" və husilərin onu müdafiə etməsi İsrailin əsas arxası sayılan ABŞ-nin Yaxın Şərqə əlavə qüvvə yeritməsinə, regionda əməliyyatlarda iştirakını artırıb.
Ştatlar birmənalı olaraq İsrailin atacağı addımı dəstəkləyəcəklərini, onu müdafiə edəcəklərini bildirir.
Bu müharibə ABŞ-yə Rusiya və Çinin davranışını, regionda rolunu müşahidə etmək üçün əlavə imkan yaradıb.
Məlumata görə, Rusiya İrana "S-400" zenit raket kompleksi verib. Bildirilib ki, Moskva Tehrana ölkəsinin hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədilə yardım edir.
Rusiya və Çin məsələyə açıq müdaxilə etməsə də, son zamanlar beynəlxalq səviyyəli aksiyalarda Moskva ilə Pekin bir mövqedən çıxış edir. İran-Rusiya münasibətlərinin nəzərə alsaq Yaxın şərqdə bu iki qüvvənin yerini müəyyənləşdirmək çətin olmaz.
İsrailin qonşusu Livan "Hizbullah"a görə yenə müharibənin episentrlərindəndir. 10 gündən artıqdır paytaxt Beyrut yenə atəş altındadır. Son günlər ölkə ərazisini minlərlə insan tərk edib. Livan İsraillə sərhəddən qoşunlarını çıxarıb.
Belə anlaşılır ki, rəsmi Beyrut "Hizbullah" məsələsinin həllində yəhudi dövlətini müdafiə edir.
Ancaq bu hadisələrdə müttəfiqlik və tərəfdarlıq məsələsində Fransa etibarsız çıxıb. Rəsmi Parisinin "həm axurdan, həm naxırdan yemək" taktikası uğursuzluğa düçar olur. Ötən gün Fransa prezidenti Emmanuel Makron "İsrailə silah tədarükünün dayandırılması" təklifi ilə çağırış edib.
İsrail hökumətinin Baş naziri Benyamin Netanyahu ona cavab olaraq deyib: "Sizinlə, yaxud sizsiz İsrail qalib gələcək". O əlavə edərək bildirib ki, bütün sivil xalqlar İranın qüvvələrinə qarşı döyüşən İsrailin yanında yer almalıdır. Baş nazir bildirib ki, Makron və bəzi qərb liderləri İsrailə silah embarqosu tətbiqinə çağırış edir: "Onlara ayıb olsun!"
Bu baxımdan birillik müharibə Yaxın Şərqdə, özəlliklə Livanda möhkəmlənmək istəyən Fransanın mövqeyini laxladır. Perspektivdə onun regionda söz sahibi olaraq qalacağı ehtimalı azalır. Makron bu çıxışı ilə antisemit kimi davranıb.
Körfəzdəki ərəb ölkələri iqtisadi əməkdaşlıq şurasının üzvləri bu hadisələrdə daha çox səbir nümayiş etdirir. Ona görə də belə anlaşılır ki, bu savaş ərəb-İsrail deyil, İran, ona bağlı silahlı qruplaşmalarla İsrailin savaşıdır. Ərəb dövlətləri müharibədən əvvəl yəhudi dövləti ilə münasibətləri genişləndirmək, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq etməyi planlaşdırırdı. Hətta İsraili tanıyacaqlarına dair bəyanatlar da səslənirdi. İsrail hücum regionun gələcək təhlükəsizliyi üçün nəzərdə tutulan bu layihələrin dayanmasına səbəb olub.
Birillik müharibə din və Fələstin dövləti adından edilən bu kimi spekulyasiyalara da aydınlıq gətirib.
Beləliklə, fələstinlilərin və livanlıların taleyini əllərində bayraq edənlər bölgəyə, onlara əmin-amanlıq deyil, yenidən qaçqınlıq, ölüm, qan gətirib. Dini təəssübkeşliyi, mədəniyyətlərin toqquşmasını bəhanə edənlərin regiondan çıxarılmasının vaxtı çatıb. Bunu birillik müharibə də təsdiqləyib. /Report/