AZ

Andres İnyesta futbolçu karyerasını başa vurdu

“Barselona”nın və İspaniya yığmasının keçmiş mərkəz yarımmüdafiəçisi Andres İnyesta peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Arena.az məlumat verir ki, ispan futbolçu bu barədə özünün sosial şəbəkə hesabı üzərindən bəyanat verib.

İnyestanın sonuncu komandası 2023-cü ilin avqustunda qoşulduğu, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Emireyts” klubu olub.

İnyesta futbola “Albasete” klubunda qədəm qoyub. Buradan 1999-cu ildə “Barselona”ya yol tapmış İnyesta 2002-ci ildə “blauqrana”nın heyətində böyük futbolda debüt edib.

İnyestanın karyerasının böyük hissəsi məhz Kataloniya klubu ilə bağlı olub. İnyesta “blauqrana”nın heyətində 674 oyun keçirib, 57 qol vurub, 135 məhsuldar ötürmə verib. 2018-ci ilin iyulunda İnyesta “Barselona”dan ayrılaraq, Yaponiyanın “Vissel Kobe” klubuna keçib.

Andres İnyesta 2006-cı mayında debüt etdiyi İspaniya yığmasının heyətində 131 oyuna çıxıb, 14 qol, 30 məhsuldar ötürmə ilə fərqlənib.

Andres İnyestanın qənimətlər muzeyində “Barselona” ilə İspaniya La Liqası çempionluğu (9 dəfə), İspaniya Kral Kuboku (6 dəfə), İspaniya Super Kuboku (7 dəfə), Çempionlar Liqası (4 dəfə), UEFA Super Kuboku (3 dəfə), FIFA Klub Dünya Kuboku (3 dəfə) var. Həmçinin İnyesta “Vissel Kobe” ilə Yaponiya çempinatının, Yaponiya Kubokunun və Yaponiya Super Kubokunun qalibi olub. İnyesta İspaniyanın U-17 və U-19 yığmaları ilə müvafiq olaraq AÇ-2001 və AÇ-2002-nin qalibi olub. Həmçinin İnyesta İspaniya yığması ilə DÇ-2010-un, AÇ-2008 və AÇ-2012-nin qalibi olub. Fərdi mükafatlara gəlincə, İnyesta 2009-cu ildə İspaniyada ilin futbolçusu, həmçinin 2011/2012-ci illər mövsümündə İspaniyada ilin oyunçusu seçilib. 2012-ci ildə İnyesta Avropada ən yaxşı oyunçu elan edilib.

Seçilən
100
28
arena.az

10Mənbələr