AZ

COP29 Azərbaycana bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etmək fürsəti verir – ŞƏRH

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a bir aya yaxın vaxt qalıb. Noyabrın 11-22-də keçiriləcək böyük tədbirə ciddi şəkildə hazırlaşan Azərbaycanın üzərinə düşən öhdəliyi layiqli səviyyədə yerinə yetirəcəyinə heç bir şübhə yoxdur. 2024-cü ilin Prezident İlham Əliyevin Sərəncamı əsasında ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin bu konfransa nə dərəcədə həssas yanaşmasından xəbər verir. Bu günə qədər Bakıda keçirilmiş beynəlxalq tədbirlərin ən mötəbəri hesab olunan COP29-u təşkil etməklə Azərbaycan öz gücünü, imkanlarını, mədəniyyətini dünyaya təqdim edəcək. Bu isə olduqca vacib amillərdir. Şübhəsiz ki, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

O bildirib ki, ərazi bütövlüyünü öz gücünə təmin edə bilmiş Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar mötəbər tədbirin keçiriləcəyi günlərdə daha aydın görünəcək. Bir daha bəlli olacaq ki, Azərbaycanın bərpa etdiyi tarixi ədalətin təməlində beynəlxalq hüququn aliliyinə sarsılmaz inam dayanır. Konfrans çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyəti ölkəmizə təşrif buyuracaq. İştirakçıların sayı Avropa Oyunlarında, Beynəlxalq Astronavtika Konqresində və digər tədbirlərdə iştirak etmiş xarici qonaqların sayından dəfələrlə çox olacaq. Dünya ictimaiyyətinin diqqəti iki həftə ərzində Azərbaycanda olacaq. Biz, həmçinin öz enerji siyasətimizi bu tədbirdə təbliğ və təşviq edə biləcəyik. Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan yaşıl enerji ilə bağlı çox sanballı layihələrlə çıxış edir. Azərbaycan Hökuməti 2030-cu ilə qədər enerji tələbatının 30 faizinin bərpaolunan mənbələr hesabına ödənilməsini hədəf kimi müəyyənləşdirib. Bərpaolunan enerji mənbələri iqlimlə bağlı hədəflərə nail olmaqda ən perspektivli həll yolu təklif edir. Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının 35 faizə qədər, 2050-ci ilə qədər isə 40 faizə qədər azaldılması öhdəliyini götürüb. Təbii ki, tədbirlərdə Azərbaycanın əsas gündəliyi yaşıl enerji ilə bağlı olacaq. Çünki yaşıl enerji imkanlarının genişləndirilməsi enerji siyasətimizin əsasını təşkil edir. Biz, eyni zamanda, bu mötəbər tədbirdə iştirakçıların diqqətinə çatdıracağıq ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış Ermənistan minlərlə hektar meşəlik əraziləri məhv edib, çaylarımızı, su anbarlarımızı çirkləndirib, talançılıq, dağıdıcılıq siyasətini yürüdüb. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını yaşıl enerji zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.image-2024_10_07_6703992f6da96COP29 çərçivəsində keçiriləcək tədbirlərdə həm dünyanın, həm də Azərbaycanın ekoloji problemlərinin diqqət mərkəzində olacağını deyən deputat əlavə edib: “Sözsüz ki, COP29-da qəbul ediləcək ən vacib qərarlardan biri inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ödəniləcək iqlim fəaliyyəti üzrə yeni maliyyə məbləğinin müəyyənləşdirilməsi olacaq. Hazırda bu məbləğ 100 milyard dollardır. Bakıda isə yeni məbləğ müəyyən olunacaq. Bildirilir ki, 100 milyard dollar iqlim dəyişmələrinin ən çox təsir etdiyi ölkələrin problemlərinin həlli üçün kifayət deyil. Dünya ictimaiyyəti bu məbləğin 1 trilyona qədər qaldırılmasını gözləyir. Bu məsələdə, ilk növbədə, G7 ölkələrinin üzərinə böyük məsuliyyət düşür. COP29 Azərbaycana bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etmək fürsəti verir. Dövlətimiz iqlim dəyişmələrinin mənfi təsirlərindən ən çox əziyyət çəkən ölkələrə, kiçik ada dövlətlərinin problemlərinə də xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq, konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcək. COP29 beynəlxalq məsələlərin müzakirəsi üçün platforma rolunu oynayacaq. Azərbaycanın bu təşəbbüsü beynəlxalq təşkilatlar, inkişaf etməkdə olan ölkələr tərəfindən müsbət qarşılanır. Dünyanın nüfuzlu siyasi xadimləri çıxışlarında Bakıda keçiriləcək COP29 konfransına istinad edir, iqlim dəyişmələri ilə bağlı müxtəlif çağırışlar səsləndirirlər. Dünyanın ən böyük problemlərdən biri olan iqlim dəyişmələrinin Bakıda müzakirə olunması konfransın beynəlxalq əhəmiyyətini qaçılmaz edir. İmzalanması gözlənilən “Bakı Sazişi” vacib sənəd kimi dünya tarixinə düşə bilər. Başqa sözlə ifadə etsək, dünyanın bir nömrəli qlobal probleminin həlli ilə bağlı Bakıda qərar qəbul oluna bilər”.

Seçilən
16
26
dogru.az

10Mənbələr