Bakıda Təhsilin İnkişafı Forumu keçirilir.
Sfera.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu (TİF2024) "Tərəfdaşlıqdan Tərəqqiyə" konsept mesajı ilə Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunub.
Forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdən ibarətdir. Eyni zamanda, dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin təşviqi, akademik təsisatların sənaye qurumları ilə fəaliyyətlərinin inteqrasiyası, insan kapitalının inkişafı tədbirin əsas mövzuları sırasındadır.
Tədbir 3 panel üzrə peşəkar moderator və spikerlərin iştirakı ilə baş tutacaq. Dövlət-universitet və sənaye arasında əməkdaşlıq modellərinə nümunə olaraq müştərək tədqiqat mərkəzlərinin yaradılması və fəaliyyəti, tədqiqatlar üzrə tərəfdaşlıq, texnologiyanın transferi, inkubator və innovasiya mərkəzləri, sənaye təcrübə proqramları müzakirə mövzuları arasındadır.
Təhsilin İnkişafı Forumu ilk dəfə olaraq “Təhsildən tərəqqiyə” konsept mesajı ilə 1 noyabr 2023-cü ildə 350-dən artıq nümayəndənin iştirakı ilə keçirilib. Forumdan sonra bir sıra ali təhsil müəssisələri Bakı və regionlarda sənaye qurumları ilə faydalı əməkdaşlıqlara start vermiş və səmərəli layihələr həyata keçiriblər. Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti, iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişaf perspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.
Firuzə Əliyeva