“İrana Yaxın Şərqdə heç vaxt olmamış hücum gözlənilir”.
Ulusal.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu İsrail ordusunun generalı və Baş Qərargahın Kəşfiyyat İdarəsinin sabiq rəisi Amos Yadlin deyib.
Təbii ki, bu cür açıqlamalar təsadüfi deyil və İrana təsirli zərbə endirmək üçün fürsət axtaran İsrailin hazırda əlinə düşmüş imkanı buraxacağı inandırıcı görünmür. ABŞ-nin hərbi cəhətdən regionda aktivləşməsi, öz hərbi rəhbərlərini, esmineslərini, hətta havada “yanacaq doldurma məntəqəsi” kimi istifadə olunan təyyarələrini bölgəyə göndərməsi İsrailin cavab zərbəsinin sadə və ötəri olmayacağının siqnallarını verir. Bir sözlə, çox böyük ehtimalla zərbə mütləq halda endiriləcək. Açıq qalan yalnız hansı hədəflərə, hansı intensivlikdə və hansı müddətdə suallarıdır…
Qeyd edək ki, oktyabrın 5 və 6-da ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Maykl Kurilla İsrail Müdafiə naziri Yoav Qalant və İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi ilə görüşüb. Rəsmi məlumatda deyilir ki, görüşdə İranın təhdidlərinin yaratdığı təhlükə, regionda sabitliyin yaradılması və İsrailin təhlükəsizliyinin təmin edilməsi səyləri müzakirə edilib. Bu görüşün özü qarşıda ciddi hadisələrin olacağının carçısıdır…
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns isə deyir ki, yaxın həftələrdə Yaxın Şərqdə münaqişənin regional miqyasda daha da kəskinləşməsinə dair real təhlükə var. Corciya ştatında çıxış edən Börns bildirib ki, həm İsrail, həm də İran liderləri genişmiqyaslı müharibəyə can atmasalar da, eskalasiya riski yüksəkdir: “Biz ciddi nəticələrə səbəb ola biləcək gözlənilməz toqquşmaların və anlaşılmazlıqların potensialını görürük”. Börns həmçinin qeyd edib ki, İsrailin İrana cavabının qlobal bazarlar da daxil olmaqla mühüm nəticələri olacaq. Ona görə də bu cavabın necə, hansı gücdə olacağı olduqca önəmlidir.
Onun dediyinə görə, ABŞ üçün ən vacib vəzifə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaqdır. Ancaq adətən ABŞ-nin bu cür bəyanatlarından sonra orada deyilənlərin tam əksi baş verir. Necə ki, bundan əvvəl dəfələrlə Yaxın Şərqdə, Ukraynada və digər “qaynar nöqtələr”də bunu müşahidə etmişik. Nədənsə ABŞ-nin guya “vəziyyətin gərginləşməsinin qarşısını almaq” cəhdləri hər dəfə fiaskoya uğrayır…
“Bizim məlumatımız var ki, İranın raket hücumuna İsrail cavab verəcək. Pentaqon İsraili İranın nüvə obyektlərinə hücum ehtimalı ilə bağlı qiymətləndirməsi barədə məlumatlandırıb”. Bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Maykl Kurilla deyib.
Yəni, ABŞ daha əvvəl Baydenin də bildirdiyi kimi, İranın nüvə obyektlərinə hücumun əleyhinədir. Lakin yaxın keçmiş göstərir ki, İsrail heç də hər zaman ABŞ-nin elan etdiyi rəsmi(!) arzu və istəklərinə uyğun davranmır. Bunun özü də ABŞ-nin regionda apardığı ikibaşlı siyasətin təzahürüdür.
Beynəlxalq hüququ dəfələrlə kobud şəkildə pozan İsrailə rəsmən “olmaz” deyilsə də, İsrail istədiyini edir. Ancaq bütün bu cür “şıltaqlıqları”na rəğmən, yenə də ABŞ tərəfindən ən yüksək səviyyədə, hər cür vasitələrlə dəstəklənir. Təbii ki, bu dəfə də belə olacaq…“AzPolitika.info”