Oktyabrın 8-i Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə ümumilikdə 28 məsələ daxil edilib. Həmçinin, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklifi də yer alıb. Bu dəyişiklik, əsasən, cərimələrin tətbiqi və artırılması ilə bağlıdır.
Belə ki, heyvanlarla rəhmsiz rəftar edilməsinə, hər növ nəqliyyat vasitələrindən yerə atılan zibilə, yerə siqaretin atılmasına, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələrin artırılması təklif olunub.
Bundan öncə də parlamentdə bir sıra sahədə müvafiq qaydaları pozmağa görə cərimələrin məbləği artırılıb.
MÖVZU İLƏ BAĞLI:
Siqareti yerə atanların NƏZƏRİNƏ: 300 manat cərimələnəcəksiniz
Sonuncu dəfə 2024-cü ilin iyun ayında “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə görə, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməyə görə cərimənin məbləği 200 manat müəyyən edilib.
Həmçinin, əlillərin avtomobilləri üçün nəzərdə tutulmuş dayanacaqlarda digər nəqliyyat vasitələrinin saxlanmasına görə cərimələr 6 dəfə artırılaraq 60 manata çatdırılıb. Eyni zamanda, velosiped, avtobus zolaqlarına daxil olan, səkilərdə avtomobil saxlamağa görə cərimələr tətbiq edilib.
Bəs maraqlıdır, cərimələr nə qədər effektiv olur?
Mövzu barədə Bizim.Media-ya danışan deputat Razi Nurullayev deyib ki, cərimələr insanların şəhər mühitində daha nizam-intizamlı yaşamasına xidmət edir:
“İstənilən halda cərimələrin effekti olur. İnsanlar cərimələnməmək xatirinə maddələrin qoyduğu məhdudiyyətlərə boyun əyməli olurlar. Əvvəllər məndə də belə düşüncə var idi ki, cərimələrin ciddi şəkildə artırlması o qədər də effektiv olmur.
Amma son zamanlar olan müraciətlərdən və eyni zamanda, sosial şəbəkələrdəki müzakirələrdən aydın olur ki, insanlar cərimələrlə bağlı məlumatları yaxından izləyirlər, narahat olurlar, öz fikirlərini də bölüşürlər. Bu, yaxşı haldır.
Ona görə də bu və digər şəkildə cərimələrin artırılması həm ictimai asayişin qorunması, təbiətin qorunması, insanların şəhər mühitində daha nizam-intizamlı yaşaması, bir çox qanunsuz fəaliyyətlərə son verilməsi və yaxud qanunsuzluqların qarşısının alınması və azaldılmasına xidmət edir. Hazırda artırılması nəzərdə tutulan cərimələr elə sahələri əhatə edir ki, insanlar qanunsuzluq edib, cərimələnməyə bilərlər.
Məsələn, maşının pəncərəsindən içdiyin su qabını birbaşa yolun ortasına atıb getmək nə deməkdir?!
Bu, başqaları üçün də təhlükə yaradır. Bir həftə bundan qabaq bir taksinin içərisində gedən şəxslər arxa pəncərədən plastik butulkanı (su qabı) bizim maşının düz təkərinin altına atdılar. Yaxşı ki, o şüşə yox, plastik idi. Maşınımız bir az təhlükəli manevr etməli oldu. Bu, nə dərəcədə düzgündür? Heç kim bunu etməsin, cərimə də olunmasın”.
Milli Məclisin üzvü hesab edir ki, bəzi cərimələr doğru olmaya bilər:
“Elə cərimələr var ki, o cərimələrlə bağlı məndə də fikir ayrılığı yaranıb, nə dərəcədə düzgün olması ilə bağlı suallar səsləndirib, narahatlığımı bildirmişəm. Xüsusilə də yol hərəkətinin tənzimlənməsi ilə bağlı... Çünki insanlar işə gecikir, tələsir, çatdıra bilmir, işdən qovulmasından qorxur və məcbur olub qaydaları pozmağa məcbur olur. Bizdə ictimai nəqliyyat o dərəcədə inkişaf etməyib, metro stansiyaları şəhərin hər yerinə getmir.
İnsanların ictimai nəqliyyata, metroya əlçatanlığı zəifdir...
Belə bir vəziyyətdə yol hərəkəti qaydalarının da sərtləşdirilməsi bir yandan xeyir edəndə, digər yandan insanlara zərər vurur. Amma indiki cərimələr isə tam əsaslandırılmış cərimələrdir. Kimsə təbiətdə ocaq qalamasın, Qırmızı Kitaba düşən heyvanları ovlamasın, elektrik enerjisini çaya, göl hövzəsinə atıb ordakı bütün canlıları məhv eləməsin. Nə var, nə var, ordan 10-15 dənə balıq çıxaracaq. Bu kimi məsələrdə cərimələrin artırılması bu sahədə nizam-intizam yaradar”.
Günay Şahmar, Bizim.Media