AZ

Küçədə qalmış qıza ev tutdu, onunla ailə kimi yaşadı, taksi sürücüsü ilə... - Bir cinayətin tarixçəsi

Abşeron rayonunda 1979-cu il təvəllüdlü Musa mübahisə zamanı Ruslana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Musa qeyri-rəsmi nikah münasibətində birgə yaşadığı Səmanın tanışı Ruslanla intim münasibətdə olmasından şübhələnib.

26 noyabr 2022-ci ildə gecə saat 00:30-da o, əvvəlcədən götürdüyü bıçaqla Ruslanın döş qəfəsinə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Musanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

“İstədiyi vaxt evimizə gəlib-gedirdi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Səma ilə arasında qeyri-rəsmi nikah münasibətləri olub: “Zərərçəkmiş Ruslanı taksi sürücüsü kimi tanımışam. Bir gün onun taksisi ilə evə gedərkən 3 manat əvəzinə 10 manat verdikdə müştərisinin olmadığından, pul qazana bilmədiyindən şikayətləndi. Mən də yaxşılıq etmək məqsədilə onun telefon nömrəsini aldım ki, taksi lazım olanda çağıraram.

Həmin vaxtdan mənə və Səmaya taksi gərək olanda Ruslana zəng edirdik. O həm məni, həm də Səmanı gedəcəyimiz ünvana aparırdı. Bu səbəblərdən onunla aramızda yaxın münasibət yarandı. Ruslan istədiyi vaxt evimizə gəlib-gedirdi”.

“Səmanının qohumları şübhələnəndə...”

Musanın sözlərinə görə, bir müddət sonra Ruslanın onlara gəlib-getməsindən narahat olub: “Səma ilə Ruslanın arasında səmimi münasibətin yarandığını hiss etdim. Bu barədə dəfələrlə Ruslana xəbərdarlıq etməyimə baxmayaraq, mənə məhəl qoymadı və hədələməyə başladı.

Mənim Ruslanın evini tanımamağıma baxmayaraq, Ruslan çox vaxt evimə gəlir, süfrəmizdə oturaraq yemək yeyir, bir sözlə, ac-susuz olanda ona kömək edirdim. Dəfələrlə məni işdən götürmək adı ilə gələndə pula ehtiyacı olduğunu deyir, borc adıyla ona pul verirdim. Amma verdiyim pulu geri istəmirdim.

Səmanın qohumları da Ruslanla onun arasında yaxın münasibət olmasından şübhələndikdə mən həmişə inkar edirdim. Ruslanın heç öz ailəsini saxlaya bilmədiyini bildirirdim”.

“Bir yerdə olduqlarını düşündüm”

Musa qeyd edib ki, bir müddət sonra Ruslanın narkotik istifadəçisi olmasından şübhələnib: “İlk tanıdığım vaxt ondan ailəsinin olub-olmadığını soruşdum, mənə ailəsindən ayrıldığını bildirdi.

Mən də Ruslana əgər onunla çörək kəsəcəmsə, gedib ailəsini evinə gətirməsini, ona əlimdən gələn köməyi edəcəyimi söyləmişəm.

Bir gün işdən evə gəldim və Səmanın evdə olmadığını, əşyalarını yığaraq getdiyini gördüm. Harada olduğunu öyrənmək məqsədi ilə ona zəng etdikdə telefonunun sönülü olduğunu gördüm. Ruslanın da telefonu sönülü olduğu üçün məni bloka atdıqlarını düşünərək bir yerdə olduqları qənaətinə gəldim”.

“Hədə-qorxu gəldim”

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Ruslanın yaşadığı ünvana gedib: “Onun özünü evdə tapmadım. Lakin qaynı və dostu onun evindəydilər. Ruslanla maraqlandım, onlara özümü tanıtdım, söhbətləşdim. Onlar təqsiri məndə yox, Ruslanda gördüklərini bildirdilər. Onun Səma ilə münasibətlərindən məlumatlı olduqlarını, düzgün hərəkət etmədiyini dedilər.

Qaynı Ruslanın evə bazarlıq etmədiyini söylədi. Biz bir neçə saat söhbət etdik. Daha sonra Ruslan gəldi, evə girərək çıxdı. Birlikdə piyada hərəkət etməyə başladıq. Ruslanın qaynı ilə dostu isə arxamızca asta-asta gəlirdilər.

Ruslandan Səmanın harada olduğunu soruşdum, xəbərinin olmadığını bildirdi. Hədə-qorxu gələrək onu tutduracağımı söylədim”.

“Yetim qız idi, küçələrdə qalmışdı”

Təqsirləndirilən şəxs deyib ki, Səma yetim qız olub, onlar tanış olana kimi küçələrdə qalıb: “Tanış olduqdan sonra xeyli xərc çəkərək onu müalicə etdirmişdim. Ruslan Səmanın yerini gizlətdiyi üçün aramızda mübahisə yarandı. Mən bıçağı çıxararaq niyyətim olmadan ona xəsarət yetirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Ruslanı vurduğu bıçaq hər zaman onun üzərində olub: “Həmin bıçaqdan işləyən zaman istifadə etmişəm. Bıçaqla Ruslana bir dəfə xəsarət yetirmişəm. Ruslan mənə hücum etdiyi zaman papağımda bıçaq olduğunu düşündüm. Xəsarət yetirdikdən sonra Ruslanın qaynı ilə dostu bizi araladı”.

“Ötelə apardığımı söylədi”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ruslanın sözlərinə görə, Səma ona zəng edərək taksi ilə onu işə aparmasını istəyib: “Onu səhər tezdən işə apardım, sonra özüm də işə getdim. Həmin gün Səma evdən qaçıb. Musa isə məndən şübhələndi.

Səmanı səhər işə apardıqdan sonra görmədiyimi, axşam tərəfi Səmaya zəng edərək evə aparmağın lazım olub-olmadığını soruşdum. O, evə getməyəcəyini bildirdi. Mən gecə evə gec saatda maşınsız gəldim.

Qapının ağzında məni görən Musa nalayiq sözlər deməyə başladı. Mənim Səmanı otelə apardığımı söylədi. Aramızda mübahisə yarandı. Ruslan mənə bıçaqla xəsarət yetirərək qaçdı.

Mən xəsarətdən sonra yıxıldım. Amma toparlanaraq ayağa qalxdım. Qonşumuzdan məni xəstəxanaya aparmasını istədim. O da məni xəstəxanaya apardı”.

“Gedib-gəlməyimə qadağa qoydu”

İş üzrə şahid qismində ifadə verən Səmanın sözlərinə görə, Lənkəran rayonunda qeydiyyatda olsa da, Xırdalan şəhərində Quşçuluq yeni yaşayış massivində kirayədə yaşayır: “Musanı 2016-cı ildən tanıyıram. Onunla həmin il “20 Yanvar” metrostansiyasının yaxınlığındakı kafedə ofisiant işləyən zaman tanış olmuşam. Həmin vaxtdan ev tutaraq birlikdə yaşamağa başlamışıq.

Təxminən 1 il əvvəl Musa Quşçuluq massivində kirayə ev tutdu. Xırdalan şəhərində “Köhnə bazar” adlanan bazardan mənim üçün paltar aldıqdan sonra evə getmək üçün taksiyə əyləşdik. Taksini sürən şəxslə, yəni Ruslanla Musa arasında səmimi münasibət yarandı.

Həmin vaxtdan etibarən bizə taksi lazım olduğu vaxtlarda Ruslana zəng edərək onunla ünvanlara gedib-gəlirdik. Ruslanla gedib-gəlmək rahat idi. Lakin sonradan Musa mənim Ruslanla gedib-gəlməyimə qadağa qoymağa başladı. Bu zəmində aramızda tez-tez mübahisələr oldu”.

Səma bildirib ki, sonuncu dəfə Musa ilə 25 noyabr 2022-ci ildə Ruslanla münasibətini kəsmək üçün mübahisə edib: “Bundan sonra Musa işə getdi. Qısqanclıqlarından bezdiyim üçün artıq onunla yaşamaq istəmirdim. Aramızda olan sonuncu mübahisədən sonra əsəbləşdim. Əşyalarımı həyətdəki qonşunun evinə yığdım ki, Musa gələndə əşyalarımı yığaraq getdiyini fikirləşim.

Əşyalarımı qonşunun evinə yığdıqdan sonra Xırdalan şəhərində yaşayan bacımgilə getdim və orada qaldım”.

“Mənə bir söz deməyib”

Səmanın ifadəsinə görə, noyabrın 26-da bacısıgildə olduğu zaman Ruslan saat 2 radələrində istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Musa tərəfindən bıçaqlandığını bildirib: “Ruslanın yatdığı xəstəxanaya getdim. Hadisə barədə mən sonradan öyrəndim, məlum oldu ki, Musa Ruslanı qısqanclıq üstündə bıçaqlayıb. Musa ilə mübahisə edən zaman mənə Ruslandan uzaqlaşmağım barədə xəbərdarlıq etsə də, onu vuracağı barədə hər hansı bir söz deməyib”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Musa 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Seçilən
3343
7
qlobal.net

7Mənbələr