Vaşinqton, 8 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden Florida istiqamətində sürətlə irəliləyən “Milton” qasırğasına görə bu həftə Almaniya və Anqolaya planlaşdırılan səfərlərini təxirə salıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ ev məlumat yayıb. “Milton” qasırğasının proqnozlaşdırılan trayektoriyasını və gücünü nəzərə alaraq Prezident cənub-şərqdə “Helene” qasırğasının təsirlərini aradan qaldırmaq üçün davam edən tədbirlərlə yanaşı “Milton” qasırğasına qarşı hazırlıqlara və ona cavab tədbirlərinə nəzarət etmək üçün Almaniya və Anqolaya səfərlərini təxirə salır”, - deyə Ağ evdən bildirilib.
Qeyd edək ki, sentyabrın sonlarında ABŞ-ın cənub-şərq sahillərində hökm sürən “Helene” qasırğası 6 ştatda 200-dən çox insanın həyatına son qoyub. “Milton” qasırğasının isə oktyabrın 9-u axşam saatlarında Florida ərazisinə çatacağı proqnozlaşdırılır. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, “Milton” qasırğası Floridada ən dağıdıcı qasırğadır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton