"İsrail İrana hücum edərsə, cavabı daha güclü və qətiyyətli olacaq..."
İranın xarici işlər naziri Abbas Araqçı bəyan edib ki, İsrailin İrana mümkün hücumuna İran qətiyyətlə və tərəddüd etmədən cavab verəcək.
Moderator.az xəbər verir ki, bu barədə o, Tehranda Strateji Tədqiqatlar Mərkəzində (IPIS) çıxışı zamanı bəyan edib. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
Tədbirdə İraq, Yəmən, Livan və Suriya səfirləri iştirak edib. Araqçı qeyd edib ki, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə qarşı keçirdiyi "Əl-Aksa daşqını" əməliyyatının nəticələri İsrail üçün faydalı olmayıb.
"Son illər müqavimət qüvvələri yoxuşlar və enişlər yaşayıb, lakin hər dəfə onlar öz yolunu daha sürətlə davam edib", - o, qeyd edib.
O, İsrailin İranın infrastrukturuna hücum etmək təhdidlərini də şərh edib. "Biz İsrailə İranın iradəsini sınamağı məsləhət görmürük. Hücumun baş verəcəyi təqdirdə bizim cavabımız daha güclü olacaq. Biz cavab tədbirlərimizdə tərəddüd etməyəcəyik", - o, əlavə edib.
"Tehran İsrailin sionist rejiminin həyasız cinayətlərinin qarşısının alınması üçün tədbirlər görür..."
Abbas Araqçı məlumat verib ki, o, Səudiyyə Ərəbistanı və regionun digər ölkələrini ziyarət edəcək. Məqsəd tərəfdaşlarla regional problemləri müzakirə etmək və İsrailin Qəzza bölgəsi və Livanda cinayətlərinə son qoyulması üzərində işləməkdir.
"Bizim region hadisələri ilə bağlı dialoqumuz davam edir, məqsədimiz sionist rejiminin Livanda həyasız cinayətləri və Qəzzada davam edən cinayətlərinin qarşısını almaqdır", - Araqçı bəyan edib.
"İranın İsrailə iki dəfə zərbəsi İran İslam Respublikası Silahlı Qüvvələrinin iradəsi və qətiyyətini nümayiş etdirib. Ona görə də hamı bilir ki, düşmən İsrailin istənilən strateji səhvi nəticəsində cavabımız daha da sərt olacaq. Bu zaman biz tərəddüd etməyəcək və ya tələsməyəcəyik", - o, əmin edib.
"Mənim Beyrut və Dəməşqə səfərlərim zamanı İranın ismarıcı aydın olub, yəni Tehran müqavimət hərəkatına bütün vasitələrlə dəstək verməkdə davam edəcək və heç kimin buna şübhəsi olmamalıdır. Bu yaxınlarda müqavimət hərəkatına endirilən zərbələr onun döyüşçülərinin iradəsi və qətiyyətinin gücünə təsir göstərməyəcək", - Abbas Araqçı deyib.