AZ

XİN başçılarının görüşündə...

Oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Nazirlər əvvəlcə məhdud tərkibdə, sonra isə plenar iclasda görüşüblər. XİN başçıları Rusiyanın 2024-cü ildə sədrliyinin prioritetlərinin həyata keçirilməsi kontekstində birgə fəaliyyətin yekunlarını, MDB-də çoxşaxəli əməkdaşlığın inkişaf perspektivlərini, o cümlədən, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ənənəvi və yeni çağırışlara, təhdidlərə qarşı mübarizə, mədəni və humanitar əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı olacaq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə çıxış edib. Nazir çıxışında Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, süni intellekt, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verib. Təşkilata üzv dövlətlərlə qarşılıqlı səfər və təmasların artırılmasının ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığa töhfə verdiyi, o cümlədən Xarici İşlər Nazirləri Şurası formatının öz növbəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində faydalı olduğu vurğulanıb.

C.Bayramovun çıxışında humanitar və gənclər sahəsində əməkdaşlıq üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan planların üzv ölkələr və xalqlar arasında əməkdaşlıq və yaxınlaşmaya töhfə verəcəyinə dair inam ifadə olunub. Ölkəmizin “Birliyin mədəniyyət paytaxtı” təşəbbüsünə xüsusi önəm verdiyi, bu istiqamətdə növbəti il üçün Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması haqqında dövlət başçıları tərəfindən qəbul edilməsi nəzərdə tutulan qərarın bu ildə mədəniyyət sahəsində birgə genişmiqyaslı layihə və tədbirlərin təşkilinə imkan verəcəyi diqqətə çatdırılıb.

Ceyhun Bayramov: Təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylər vacibdir

Nazir MDB çərçivəsində radikalizmə qarşı əməkdaşlıq məsələlərinin effektiv tənzimlənməsi sahəsində beynəlxalq hüquqi bazanın təkmilləşdirilməsi, maarifləndirici tədbirlərin və kadr potensialının gücləndirilməsinin əhəmiyyətini də qeyd edib. Mülki təyinatlı süni intellekt sahəsində əməkdaşlığın, habelə bu sahənin beynəlxalq hüquq normaları, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət, dövlət nəzarəti və etik prinsiplər əsasında inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Sözügedən sahə üzrə təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərin vacibliyi qeyd edilib, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, o cümlədən cari ilin sentyabrında keçirilən Kiberdiplomatiya üzrə ilk beynəlxalq konfransdan bəhs olunub.

Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən danışıqlar prosesinin aparıldığını və görülən hazırlıq işlərinin qlobal iqlim fəaliyyətinə mühüm töhfə olması məqsədilə genişmiqyaslı sədrlik fəaliyyəti həyata keçirildiyini diqqətə çatdırıb.

Növbəti görüş Qazaxıstanda keçiriləcək

Qeyd edək ki, XİN başçılarının görüşündə aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb, 2025-ci il üçün nazirliklər arasında çoxsəviyyəli məsləhətləşmələr planı, Gənclərin Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsinə dair 2025-2026-cı illər üçün fəaliyyət planı və Aşqabad şəhərinin MDB-nin yeni İdman İmkanları Şəhəri elan edilməsinə dair 2024-2025-ci illər üçün fəaliyyət planı təsdiqlənib.

Bundan əlavə, iclasda vəkillik, media və könüllülük hərəkatının inkişafı sahələrində dörd yeni baza təşkilatının yaradılması ilə bağlı qərarlar qəbul olunub. Eləcə də, MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2025-ci il aprelin 11-də Qazaxıstanda keçirilməsi barədə qərar qəbul edilib.

N.BAYRAMLI

Seçilən
10
11
yeniazerbaycan.com

10Mənbələr