AZ

Prezident BMT Baş katibinin birinci müavinini qəbul edib – Yenilənib

17:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da BMT Baş katibinin birinci müavini Amina Mohammedi qəbul edib.

Banker.az xəbər verir ki, Amina Mohammed BMT Baş katibinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı COP çərçivəsində BMT Baş katibini Azərbaycanda məmnuniyyətlə gözlədiyini dedi.

Qonaq ölkəmizdə COP29-un təşkil olunması işində Azərbaycan Prezidentinin rəhbərliyini yüksək qiymətləndirdi. O, BMT-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında COP gündəliyinin irəli aparılması üzrə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, Azərbaycan nümayəndə heyəti ilə yaxşı əməkdaşlığın və əlaqələrin olduğunu vurğuladı.

Amina Mohammed Gələcəyin Paktı sənədinə Azərbaycanın da qoşulmasını və onu dəstəkləməsini yüksək qiymətləndirdi. O, iqlim dəyişikliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri arasında birbaşa əlaqənin olduğunu bildirərək, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri vurğuladı.

BMT Baş katibinin birinci müavini Azərbaycanın sədrlik etdiyi COP-da əsas mövzunun maliyyə məsələsi olacağına toxunaraq, yeni kəmiyyət maliyyə hədəfi ilə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən qarşıya yeni məqsədlərin qoyulacağına və onun müəyyənləşdirləcəyinə ümidvarlığını ifadə etdi.

Dövlətimizin başçısı COP-a hazırlıq prosesində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) və Təşkilatın digər strukturları ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi.

Azərbaycan dövlətinin uzun illər beynəlxalq aləmdə fəal rolunu, həmçinin dünyanın qlobal iştirakçıları arasında bir körpü olduğunu məmnunluqla vurğulayan Prezident İlham Əliyev COP29-un uğurla keçəcəyinə ümidvarlığını ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə fəal əməkdaşlıq həyata keçirdiyini, bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını vurğulayaraq, bildirdi ki, bütün bunlar Azərbaycanda COP29-un uğurla keçiriləcəyinə yaxşı əsas yaradır. Prezident İlham Əliyev ölkəmizin COP29-da konsensusun əldə olunması üçün səylər göstərdiyini bildirdi. Dövlətimizin başçısı “troyka” formatına toxunaraq, Azərbaycanın COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə fəal işlər apardığını dedi.

Görüşdə COP29-un təşkili və ölkəmizin bu mötəbər tədbirə sədrliyi ilə əlaqədar fikir mübadiləsi aparıldı. Bakıda COP-öncəsi keçirilən tədbirin önəmi qeyd edilərək, burada aparılan müzakirələrin COP29-un gündəliyinin müəyyən olunması baxımından vacibliyi vurğulandı.

***

14:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da BMT Baş katibin birinci müavini Amina Mohammedi qəbul edib.

 

 

Seçilən
6
49
banker.az

10Mənbələr