AZ

“İllər ərzində verilən saxta halallıq standartları ləğv edilməlidir” — Eyyub Hüseynov

Xəbər verdiyimiz kimi, Bakıda Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçirilib. Tədbirdə çıxış edən "Azərbaycan Standartlaşdırma İnstitutu"nun (AZSTANDART) Baş direktoru İlham Bayramov deyib ki, ölkədə marketlərdə satılan məhsulların üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur. Onun sözlərinə görə bu günə kimi əsas sertifikatlaşdırma predmeti ət və süd məhsulları olub, lakin marketlərdə halal adı ilə satılan ət və süd məhsullarının üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur. 

İ. Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən Azərbaycan ərazisində halal məhsulların və xidmətlərin sertifikatlaşdırması fəaliyyətinin həyata keçirilməsi üçün mütləq şəkildə Azərbaycan Akkreditasiya Mərkəzindən də akkreditasiya almaq tələb olunur.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, bir çox məhsulların istehsalında qida əlavələrindən istifadə olunur:

“Onların çeşidləri 3 mindən artıqdır. İllər boyu Azərbaycanda halal sertifikat vermək adı ilə xarici və yerli MMC-lər fəaliyyət göstərib. 

QMİ də bu işin içində olub, pul müqabilində ediblər bunu. 8 il bundan öncə AİB məsələ qaldırdı, bu sahədə şəffaflığın təmin edilməsi üçün. Kollegial formada beş müəssisəyə halal sertifikatın verilməsinə nail olduq. Son illər yenidən halal standartın yaradılması məsələsi gündəmdədir. Bu prosesdə mən də iştirak etmişəm. Təkliflər versək də, ürəyimizcə olmayan bir standart qəbul olundu. Halal standarta uyğun məhsul istehsal edən müəssisədə izləmə sisteminin olmasını, xammalın haradan gəldiyini, məhsulun necə hazırlandığını istehlakçıların izləmə imkanının olmasını təklif etdik. Biz təklif etmişdik ki, halal mal istehsal edən müəssisənin kredit, bank borcu olmamalıdır. Bu kimi təkliflərimiz təəssüf ki, nəzərə alınmadı. Zəif bir standart qəbul olundu”. 

Azərbaycanda bir çox müəssisələrin xaricə məhsul çıxarmaq istədiyini qeyd edən E.Hüseynov bildirib ki, müsəlman ölkələrinə məhsul ixrac etmək üçün bu standartların olması zəruridir:

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi illər boyu verdiyi saxta halal standartlarını ləğv etməlidir. Müəssisələrdə yenidən monotorinqlər keçirilməli, inanclı insanların aldadılmasına son qoyulmalıdır. Bu işdə media da aktiv şəkildə iştirak etməlidir. Dünyada il ərzində halal məhsullara insanlar 3 trilyon dollar pul verir. Xristian ölkələrində də halal məhsullara üstünlük verirlər, çünki tərkibi orqanik, təbii olur. Təkcə halal qida məhsulları deyil, turizm, kosmetika sənayesində də halallıq standartları gözlənilməlidir”.


Törə Zeynallı
Demokrat.az
Seçilən
33
demokrat.az

1Mənbələr