AZ

Laçının mədəniyyət paytaxtı olması şəhərə sərmayə və turist cəlb edəcək

MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. 

 

Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandığını söyləyib.

 

Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilməsi qürurvericidir:

 

“Çünki Laçın respublikanın unikal ərazilərindən biridir. Coğrafi, təbii şəraitinə görə şəhər füsunkardır. Turizmin inkişafı üçün Laçın çox əhəmiyyətli yerdir. Sözsüz ki, rayonun şəraiti, burada gedən tikinti-quruculuq və bərpa işləri şuranın belə qərara gəlməsinə zəmin yaradıb. Bu, təbii hesab edilməlidir. Çünki hazırda işğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işləri nəinki Azərbaycan vətəndaşlarının, eləcə də dünyanın bir çox ölkələrinin diqqət mərkəzindədir. Yenidənqurma işlərinə sülhsevər insanlar böyük önəm verirlər. Azərbaycan tarixən öz mədəniyyəti, milli-mənəvi dəyərləri, qonaqpərvərliyi ilə seçilib. Bu gün də ənənələr davam edir. Laçının mədəniyyət mərkəzi elan edilməsi, əlbəttə ki, onun gələcək inkişafı üçün çox əhəmiyyətlidir. Çünki bura çoxsaylı turistlər gələcək. Bununla əlaqədar çox böyük təşviqat işləri həyata keçiriləcək. MDB böyük nüfuza malik birlikdir. Bu birliyin qərarı sözsüz ki, hər birimizi qane edir”.

Deputat vurğulayıb ki, hər bir vətəndaş Laçının mədəniyyət mərkəzi kimi tanıdılması və şahlandırılması istiqamətində köməyini əsirgəməməlidir:

 

“Laçının belə bir statusa layiq görülməsi Azərbaycan və onun inkişafı üçün bir dəyərdir. Azərbaycan prezidentinin təşkilatçılığı ilə son illərdə işğaldan azad edilən ərazilərdə həyata keçirilən yenidənqurma işləri həmin ərazilərin gülüstana, dünyanın diqqət mərkəzinə çeviriləcəyini göstərir. Ərazinin sakinləri öz ata-baba yurdlarına köçdükdən sonra Şərqi Zəngəzur və Qarabağ dünyanın ən müasir şəhərləri kimi ictimaiyyətin diqqət mərkəzində olacaq. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir. Laçının bir mədəniyyət mərkəzi kimi tanıdılması, şahlandırılması üçün hər bir vətəndaş öz köməyini əsirgəməməlidir”.

 

Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib ki, Laçının MDB mədəniyyət mərkəzi seçilməsi Prezident İlham Əliyevin yeni yaratdığı reallığın qəbul edilməsinin göstəricisidir:

 

“Hesab edirəm ki, Şərqi Zəngəzurun Laçın şəhərinin MDB-nin mədəniyyət mərkəzi elan edilməsi bir sıra aspektlərə görə xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi Laçın şəhəri ilə bağlı fikir ayrılıqları, ixtilaf vardı. Ermənilər bu əraziləri qaytarmaq istəmirdilər. Azərbaycan həyata keçirdiyi qətiyyətli siyasəti nəticəsində, bu məqsədinə də nail oldu. Laçın artıq Azərbaycandır. Laçın şəhərinin MDB-nin mədəniyyət mərkəzi seçilməsi Azərbaycanın, Prezident İlham Əliyevin yaratdığı yeni reallıqların qəbul edilməsi deməkdir. Bunu Azərbaycanın növbəti böyük uğuru kimi qiymətləndirirəm. Artıq bütün ölkələr Azərbaycanın yaratdığı reallığı qəbul edir, onun əldə etdiyi uğurları dəstəkləyir”.

 

C.Məmmədovun fikrincə, bu, həm də ermənilərə bir dərsdir:

 

“30 il işğal altında qalmış Laçın bu gün azaddır. Laçınlılar,artıq burada məskunlaşırlar. Eyni zamanda Laçının mədəniyyət mərkəzi elan edilməsi Azərbaycan həqiqətlərini bilmək, dərk etmək, onu dünya ictimaiyyətinin nəzərinə çatdırmaq üçün imkanlar yaradacaq. Beləliklə, bu ərazilərin Azərbaycana məxsus olduğu növbəti dəfə sübut olunacaq. Hesab edirəm ki, bu, eyni zamanda ermənilərə bir dərsdir. Ermənilər də artıq  yersiz iddialarına son qoymalı olduqlarını dərk etməlidirlər. Ermənilər Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdırlar”.

 

Milli Məclisin Füzulidən olan deputatı Vüqar Bayramov söyləyib ki, Laçın yalnız iqtisadi potensialı və strateji möqeyinə görə deyil, eyni zamanda tarixinə və mədəni ənənələrinə görə seçilir:

 

“2025-ci ilin yanvarın 1-dən Laçın şəhərinin MDB-nin mədəniyyət mərkəzinə çevrilməsi bu bölgəmizin bir tərəfdən regional mədəniyyətə mövcud, həm də potensial töhfəsini xarakterizə edən faktorlardandır. Eyni zamanda bu, həm də birmənalı şəkildə Azərbaycanın haqq işinin və əldə etdiyi zəfərinin region tərəfindən qəbul edilməsidir. Azərbaycanın qədim şəhərlərindən olan Laçın 30 il erməni işğalında olub, şəhər dağıdılıb, mədəni və tarixi abidələrə ciddi ziyan vurulub. Amma Laçın yeni inkişaf mərhələsinə qədəm qoyub. Həm sürətli məskunlaşma prosesi gedir, həm də tarixi və mədəni abidələrimizin bərpası istiqamətində işlər həyata keçirilir”.

V.Bayramov qeyd edib ki, MDB-nin Laçınla bağlı qərarı bütövlükdə Şərqi Zəngəzurun tanıdılması baxımından vacibdir:

 

“Mədəni layihə olmasına baxmayaraq, bu, eyni zamanda iqtisadi və strateji əhəmiyyət daşıyır. Bölgənin tanıdılmasına və bölgəyə sərmayə cəlb olunmasına xüsusi töhfə verir. Xüsusilə sərmayə və turistlərin cəlb olunmasına qərarın xüsusi dəstək olacağı gözlənilir. Bu baxımdan, yalnız Şərqi Zəngəzur üçün yox, bütövlükdə ölkəmiz üçün vacib və strateji qərarlardan biridir".

Seçilən
12
modern.az

1Mənbələr