AZ

"Halal" sertifikat alan müəsissənin banka borcu olmamalıdır - TƏKLİF

Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququnu əldə edib. 

“Halal” sertifikatının verilməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydaların tətbiqinə və istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi və həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halal məhsulların dövriyyəsinin stimullaşdırılmasıdır.

“Halal” sertifikatlarının verilməsi vacibdirmi? Halal qida istehsalı üçün hansı ümumi tələblər olmalıdır?

Mövzu ilə bağlı Valyuta.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, illərboyu Azərbaycanda halal sertifikat vermək adı ilə müxtəlif xarici və yerli MMC-lər fəaliyyət göstərib:

“Bu sertifikatı illərboyu pul müqabilində həll ediblər. Hətta Qafqaz Müsəlmanları İdarəsi də bu məsələdən xəbərdardır. Hələ 8 il əvvəl Azad İstehlakçılar Birliyi bu məsələni qaldırdı, bununla bağlı şəffaflığın yaradılmasını ortaya qoydu. Biz kollegiyal olaraq, o cümlədən KİV-lərin iştirakı ilə şəffaf, monitoriqlərdən sonra ictimai əsaslarla sertifikatların verilməsinə nail olduq. Ölkədə “Halal MMC” deyilən bir MMC-də mövcuddur. Burda laboratoriya fəaliyyət göstərir, mütəxəssislər də var. Son il yarımda İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Standartlaşdırma İnstitunda yenidən halal standartın yaradılması məsələsinə toxunuldu. Mən halal standartın yaradılması üzrə texniki komitənin üzvüyəm, iclaslarda iştirak etmişəm, təkliflər vermişəm”.

Birlik sədri deyir ki,  qəbul olunan standart onun və Azad İstehlakçılar Birliyinin ürəyindən olmayan bir standartdır:

“Məsələn, biz təklif etmişdik ki, halal standartlaşma olunan müəsissələrdə onlayn izləmə olsun. İstənilən adam orda baş verənləri izləyə bilsin. Təklif etmişdik ki, halal mal istehsal edən müəsissənin banklara kredit borcları olmamalıdır. Amma çox təəssüf ki, bunlar nəzərə alınmadı, yüngül şərtlərlə halal standartlar qəbul olundu”. 

Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda bir çox müəsissə istəyir ki, müsəlman ölkələrə məhsul ixrac etsin:
 
“Ona görə də bu sertifikatların verilməsi zəruridir. Qeyd etdiyim ki, illər boyu rüşvətlə verilən standartların ləğv olunması çox zəruridir. Düşünürəm ki, adıçəkilən qurum və AQTA bu vaxta qədər verilən halal standartları ləğv etməlidir. Yenidən monitoriqlər keçirilməlidir. İnancı olan insanların aldadılmasının qarşısı alınmalıdır. Bundan başqa, həmin standartların verilməsində mütləq şəkildə KİV, ictimai təşkilatlar, mütəxəssislər iştirak etməlidir”. 

Davud

Seçilən
22
valyuta.az

1Mənbələr