AZ

ATƏT yurdundan qovulmuş Qərbi azərbaycanlılarsız “İnsan ölçüsünü” necə aparıb...

Image

Ramil Həsən: “Azərbaycanlıların mütləq və mütləq beynəlxalq hüquq və sülh çərçivəsində öz dədə-baba torpaqlarına qayıtmasının vacib olduğunu bildirdim”

Oktyabrın 8-də Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində Qərbi Azərbaycan İcması tərəfindən qayıdış hüququ mövzusunda yan tədbir keçirilib. 

Tədbirin əsas məqsədi Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququnun təmin edilməsinə beynəlxalq səviyyədə diqqəti artırmaq olub. Tədbir zamanı qayıdışın hüquqi, humanitar və praktiki aspektləri geniş şəkildə müzakirə edilib.

Tədbirdə moderatorluğu şərhçi və jurnalist Dr. Harvey Dzodin edib. Qərbi Azərbaycan İcmasının (QAİ) sədr müavini Ramil Həsən çıxış edərək, Ermənistanın törətdiyi etnik təmizləmə, icmanın qayıdış hüququ sahəsində gördüyü işlərdən danışıb və bu mövzunu qlobal gündəmdə saxlamaq üçün həyata keçirilən səyləri vurğulayıb. Bosniya və Herseqovinadan olan məcburi köçkün Erna Yaşareviç köçkünlük ilə bağlı şəxsi hekayəsini bölüşərək, ədalətin təmin edilməsinin barışıq üçün zəruri şərt olduğunu qeyd edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparat rəhbəri Aydın Səfixanlı Ermənistanın Qərbi azərbaycanlıları etnik təmizləməyə məruz qoyması və onların qayıdışına imkan verməməsi səbəbindən meydana çıxan insan hüquqları pozuntuları barədə çıxış edib. 

Bu tədbir beynəlxalq ictimaiyyətin diqqətinin Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların problemlərinə və onların qayıdış hüququnun təmin edilməsi məsələsinə yönəltmək üçün faydalı olub. Tədbir, eyni zamanda, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına, ədalət və barışığa nail olmaq üçün beynəlxalq dialoqa töhfə verib.

“Əminik ki, biz bir gün mütləq və mütləq ata-baba torpaqlarımıza qayıdacağıq”

Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən “Bakı-Xəbər”ə təqdim etdiyi videoaçıqlamada bildirib ki, oktyabrın 8-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Varşava İnsan Ölçüsü Konfransı çərçivəsində Qərbi Azərbaycan İcması olaraq artıq ikinci dəfədir ki, beynəlxalq bir layihəni, beynəlxalq bir tədbiri həyata keçiriblər. R.Həsənin sözlərinə görə, konfransda  Qərbi Azərbaycan İcmasının beynəlxalq münasibətlər sistemində tandılması və QAİ olaraq beynəlxalq təşkilatlar, beynəlxalq münasibətlər sistemində soydaşlarımızın  haqqlarının, hüquqlarının, geri qayıdış hüququnun bərpası istiqamətində məsələlər diqqətə çatdırılıb. “İçində mənim ailəm də olmaqla, 300 mindən çox azərbaycanlı ki, 1987-1991-ci illər ərzində zorla indiki Ermənistdan ərazisindəki dədə-baba torpaqlarından qovulmuş, Ermənistan tərəfindən köç etdirilmişdi. Bu, bu barədə geniş beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə həyata keçirdiyimiz silsilə tədbirlərdən biri kimi yadda qalacaq. Bu istiqamətdə bir çox beynəlxalq təşkilatların təmsilçilərinin, Polşada akkreditasiya olunmuş diplomatik korpus nümayəndələrinin, ATƏT yanında fəaliyyət göstərən media mənsublarının, qeyri-hökumət təşkilatlarının iştirak etdiyi bu vacib tədbir amerikalı siyasi şərhçi, doktor  Harvey Dzodinin moderatorluğu ilə həyata keçirilib. Mən QAİ-nin İdarə Heyətinin sədr müavini olaraq icmamızın fəaliyyəti, Qərbi azərbaycanlıların haqlarının və hüquqlarının Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Milli Azlıqlar Konvensiyası çərçivəsində tanınması, 300 mindən çox azərbaycanlının sırf etnik mənsubiyyətinə görə qovulması ilə bağlı geniş məlumat verdim. Azərbaycanlıların mütləq və mütləq beynəlxalq hüquq və sülh çərçivəsində öz dədə-baba torpaqlarına qayıtmasının vacib olduğunu bildirdim. Bu istiqamətdə ciddi cəhdlə fəaliyyət göstərdiyimizi, dəfələrlə Ermənistan hökumətinə və bir çox beynəlxalq təşkilatlara müraciət etməyimizə baxmayaraq, bugünə qədər Ermənistan hökumətindən bizim təkidli tələblərimizə, müraciətlərimizə cavab verilmədiyi ATƏT-in Varşava İnsan Ölçüsü  Konfransı çərçivəsində keçirilən QAİ-nin bu tədbirində  beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bir daha vurğuladıq ki, QAİ olaraq təşkil etdiyimiz bu konfrans çərçivəsində biz ədalətin bərpa olunması, ləyaqətli və təhlükəsiz şəkildə ata-baba torpaqlarımız sayılan indiki Ermənistana, Zəngəzura, Göyçəyə, İrəvana, Zəngibasara, doğma yurdlarımıza qayıtmaqla bağlı səylərimizi sona qədər  davam etdirəcəyik”. 

R.Həsən vurğuladı ki, 10 yaşında ikən ailəsi və yüzminlərlə soydaşımızla birlikdə Ermənistan tərəfindən ata-baba ocağından didərgin salınıb. R.Həsənin sözlərinə görə, onun ailəsi ilə bərabər yüzminlərlə azərbaycanlının ordan köç etməsi ilə bağlı bu haqsızlığa artıq son qoyulması üçün bir nöqtə, bir nəticə hasil edilənə qədər QAİ addımlarını davam etdirəcək. R.Həsən qeyd etdi ki, bu istiqamətdə beynəlxalq hüququn vermiş olduğu bütün imkanlar çərçivəsində qayıdış hüququnun təsbiti, eyni zamanda da insanlarımıza vurulmuş maddi-mənəvi zərərin ödənilməsi, əllərimizdən zorla alınmış olan bütün torpaqlarımızın geri qaytarılması, mədəni abidələrimizin məhv edilməsi, bununla əlaqədar bizə vurulmuş bütün ziyan və zərərlərin qarşılanması Ermənistan tərəfindən həyata keçirilməlidir.   R.Həsən deyir ki, şübhəsiz, Ermənistana dönmək istiqamətində həyata keçirilən siyasət çərçivəsində bizim mədəni hüquqlarımızın, dil hüquqlarımızın, seçki hüquqlarımızın, gələcəkdə oradakı təhlükəsiz və ləyaqətli yaşayış, qayıdış hüququmuzun təmini ilə əlaqədar atdıqları addımlarla bağlı bu prosedə aktiv olmağa davam edəcəklər: “ Əminik ki, biz bir gün mütləq və mütləq ata-baba torpaqlarımıza qayıdacağıq”-deyə R.Həsən bildirdi.

İradə SARIYEVA





Seçilən
21
baki-xeber.com

1Mənbələr