AZ

“Vahid halallıq standartı inanclı şəxslərin işini asanlaşdıracaq” — Deputat

Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır. Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququnu əldə edib. Məqsəd istehsal olunan məhsullarda və təqdim edilən xidmətlərdə, idarəetmə sistemlərində istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi və etimadın formalaşdırılması, halal məhsulların dövriyyəsinin stimullaşdırılmasıdır.

Millət vəkili Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, halallıq standartının qəbul edilməsi önəmli məsələdir. 

C.Məmmədov deyib ki, halallıq standartı bütün müsəlman ölkələrində mal və xidmətlərdə, idarəetmədə geniş tətbiq olunur:

“İllərdir Azərbaycanda bu məsələ müzakirə olunurdu və bir sıra hallarda fikir ayrılıqları yaranırdı. Bəzən hansısa din xadiminin fətvası və ya idarənin qərarı əsas gətirilərək halal qida adı altında məhsullar satılırdı. Bu da vətəndaşların narazılığına səbəb olurdu. Halal məhsulu, xidməti haradan əldə edəcəklərini bilmirdilər. İndi vətəndaşlar hara və kimə, necə müraciət etməli olduqları barədə məlumatlı olacaq, istifadə etdikləri mal və xidmətlərin halallığına əmin olacaqlar. 

Düşünürəm ki, bu, önəmli bir uğurdur və ümumi prosesə töhfə verəcək. Vahid standart insanların, xüsusilə də inanclı şəxslərin işini asanlaşdıracaq”.


Törə Zeynallı
Demokrat.az
Seçilən
28
1
demokrat.az

2Mənbələr