AZ

İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə hər kəsin səsi və maraqları nəzərə alınmalıdır -ŞƏRH

İqlim

Bakı, 9 oktyabr, AZƏRTAC

COP iqlim dəyişikliyi ilə bağlı problemlərin müzakirəsi və iqlim dəyişikliyi nəticəsində yaranan problemlərin qarşısının alınması, yaxud azaldılması ilə bağlı effektiv tədbirlərin uzlaşdırılması üçün ən böyük və ən effektiv platformadır. Azərbaycan bütün tərəflərin, təmsil olunan həmfikir qrupların və müşahidəçi qismində çıxış edən (tərəf olmayan) digər maraqlı aktorların fikir və rəylərini diqqətə alacağını – inkluziv COP təşkil edəcəyini bəyan edib.

İqlim dəyişikliyinin ən çox təsirinə məruz qalan və ən çox risk altında olan yerlər məhz Fransanın müstəmləkə altında saxladığı Dənizaşırı ərazilərdir. Biz buraya Niderlandın Karib dənizi hövzəsindəki koloniyalarını da əlavə edə bilərik. Bu ərazilər iqlim dəyişikliyinin ağır nəticələri ilə üzləşsələr də, beynəlxalq səviyyədə diqqətdən kənarda qalırlar. Əgər biz inklüziv COP prosesindən danışırıqsa və iqlim dəyişikliyi ilə mübarizədə ədalətli, bütün tərəfləri əhatə edən yanaşma tətbiq etməyi hədəfləyiriksə, o zaman kiçik ada dövlətləri (SIDS) ilə yanaşı, müstəmləkə statusunda olan ərazilərin də COP-a dəvət edilməsini arzulayırıq.

Bu ərazilərin sakinləri, müstəmləkəçiliyin davam edən təsirləri ilə yanaşı, öz həyat tərzlərinə birbaşa təsir göstərən iqlim dəyişikliyinin necə böyük fəsadlar törətdiyini dünya ictimaiyyətinə çatdırmaq istəyirlər və bu məsələni ölkəmizin təşəbbüsü ilə keçirilən tədbirlərdə dəfələrlə qaldırırlar. Onlar iqlim dəyişikliyinin ən ağır nəticələri, xüsusilə də dənizin səviyyəsinin qalxması və ekosistemlərinin məhv olması kimi problemlər ilə üz-üzə qalıblar. Lakin onları idarə edən müstəmləkəçi dövlətlər bu problemlərə laqeyd münasibət sərgiləyir, həyati əhəmiyyətli risklərin aradan qaldırılması və ya azaldılması üçün vəsait xərcləməkdən imtina edirlər.

Avropa dövlətləri öz ərazilərində iqlim dəyişikliyi ilə bağlı bir sıra tədbirlər həyata keçirsələr də, bu yanaşmalar təəssüf ki, onların müstəmləkə idarəsində saxladığı dənizaşırı ərazilərdə tətbiq olunmur. Bu isə həmin ərazilərin sakinlərinin iqlim dəyişikliyinə qarşı hazırlıqsız qalmalarına, mövcud problemlərinin daha da dərinləşməsinə gətirib çıxarır.

Hesab edirik ki, müstəmləkə xalqların nümayəndələri də COP-da iştirak etməli, onların səsləri dinlənilməli və bu ərazilərin üzləşdiyi çətinliklər beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilməlidir. Onların iştirakı iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə hər kəsin səsini və maraqlarını nəzərə almaq üçün vacibdir. Bu xalqların nümayəndələri COP-da iştirak etməklə iqlim dəyişikliyinin onların həyatlarına və regionlarına verdiyi zərərlər barədə müstəmləkəçi dövlətlərin məsuliyyət daşıdığını bəyan etmək niyyətindədirlər.

phrase_var_article.chosen
28
azertag.az

1phrase_var_article.sources