AZ

Daşkəsən rayonunda şəhid anaları ilə görüş keçirilib

Daşkəsən, 9 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin 4-cü ildönümü ilə əlaqədar daşkəsənli Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin anaları ilə görüş təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov vurğulayıb ki, sərhəd bölgəsində yaşayan igid daşkəsənlilər də hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə istər ön cəbhədə, istərsə də arxa cəbhədə fəal iştirak etmiş, yüzlərlə gənci qəhrəmancasına vuruşmuşdur. Onlardan 64 nəfəri Birinci, 34 nəfəri isə İkinci Qarabağ müharibəsində müqəddəs şəhidlik zirvəsinə ucalıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova isə qeyd edib ki, İB olaraq onlar da dövlətimizlə yanaşı şəhid ailələrinin yanında olub, hər cür kömək göstərməyə çalışırlar.

Çıxış edən şəhid anaları onlara hər zaman göstərilən həssas münasibətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açılıb, dualar oxunub.

Görüşdə şəhid analarının müraciət və təklifləri də dinlənilib.

Seçilən
35
azertag.az

1Mənbələr