İsrail Hərbi Hava Qüvvələrinin Livanın Baalbek-Hermel, Bekaa, Dağlıq Livan, Nəbatiyyə, Sayda və Tir əyalətlərindəki şəhər və qəsəbələrə endirdiyi aviazərbələr nəticəsində 22 nəfər ölüb, 80 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi yanında Təcili Əməliyyatlar Mərkəzi “X” sosial şəbəkəsində yaydığı gündəlik icmal hesabatında məlumat verib.
Məlumata görə, ən çox qurban cənub regionlarda qeydə alınıb; burada 12 nəfər ölüb, 37 nəfər yaralanıb. Ölkənin şərqindəki Bekaa vadisində 7 nəfər ölüb, 2 nəfər yaralanıb, Nəbatiyyədə 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Nazirlikdən qeyd edilib ki, Beyrut çərşənbə günü bombalanmayıb.
Mərkəzin məlumatına görə, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri İsrailin hava hücumları və artilleriya atəşləri nəticəsində ölənlərin sayı 2 141-ə yüksəlib, 10 mindən çox insan yaralanıb.