AZ

Prezidentin dediyi “daimi diqqət və nəzarət tələb edən” layihələrdə nələr var - təhlil

Çox böyük olan Rusiya bazarına çıxış imkanlarının genişliyi Azərbaycanda aqrar sektorun inkişafı üçün əlverişli zəmin yaradır

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclasına qatılan Azərbaycan Prezidenti İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Görüşdə Vladimir Putin iki ölkə arasındakı qarşılıqlı münasibətlərin inkişafından razı qaldığını bildirib: “Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox artıb- 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır”.

Prezident İlham Əliyev isə qeyd edib ki, Rusiya prezidentinin avqust ayında Azərbaycana reallaşan səfərindən sonra ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır: “Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub.

Siz qeyd etdiyiniz kimi, bu gün həmin məsələləri nəzərdən keçirmək üçün yaxşı imkan var, çünki gündəliyimiz kifayət qədər genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir".

Qeyd edək ki, Rusiya Azərbaycanın üçüncü ən böyük ticarət, qeyri-neft ixracına görə isə birinci tərəfdaşıdır. 2023-cü ildə ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi 17,5 faiz artaraq rekord həddə, təxminən 4,4 milyard ABŞ dollarına çatıb. Son 1 ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5,7 faiz artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında Azərbaycanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsi 2 milyard 947 milyon dollar dollar təşkil edib.

2024-cü ilin yanvar-avqust aylarında ümumi mal dövriyyəsinin 767 milyon dolları Azərbaycandan Rusiyaya ixracın, 2, 2 milyard dollar isə qonşu ölkədən idxalın payına düşüb.  Azərbaycan xarici ticarət əlaqələrində Rusiyanın payı 9,51 faizdir. Bu göstəriciyə görə Rusiya İtaliya və Türkiyədən sonra ölkəmizin üçüncü böyük ticarət tərəfdaşıdır.

Azərbaycanın xarici ölkələrə məhsul ixracının 4,1  faizi Rusiyanın payına düşür. Bu göstəriciyə görə Rusiya ötən illə müqayisədə bir pillə irəliləyərək İtaliya, Türkiyə və İsraildən sonra 4-cü yerdə qərarlaşıb. 

Qonşu ölkənin Azərbaycanın idxalında xüsusi çəkisi 17 faiz təşkil edir.  Hələlik Azərbaycanın idxalında Rusiyanın yalnız Çin çox cüzi fərqlə qabaqlayır.  Ötən ilin avqust ayının yekunlarına görə Rusiya Azərbaycanın idxalında birinci yerdə idi.

Statistik məlumatlara görə, 2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 8,6 faiz təşkil edib.

Rusiya Azərbaycanın qeyri-neft, xüsusilə də kənd təsərrüfatı məhsullarının ən böyük ixrac bazarıdır. Azərbaycanın qeyri-neft məhsulları ixracında ən böyük paya malik ölkə Rusiyadır - 34 faiz. Bu göstəriciyə görə ikinci yerdə olan Türkiyə 18 faiz paya malikdir. 2024-cü ilin 8 ayında Azərbaycandan Rusiyaya qeyri-neft ixracının həcmi 752 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ikinci yerdə olan Türkiyəyə 395 milyon dollar, üçüncü olan Gürcüstana 158 milyon dollar ixracımız olub.

Azərbaycana gələn rusiyalı turistlərin sayında da ciddi artım var. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 501 676  nəfər gəlib. Bu, ötən ilin eyni dövründən 17,7 faiz çoxdur.

Prezidentlərin görüşündə açıqlanan rəqəmlər göstərir ki, iki ölkə arasında investisiya əməkdaşlığı da xeyli inkişaf edib. Hazırda Azərbaycanda Rusiya mənşəli 1000-dən yuxarı şirkət fəaliyyət göstərir.  Rusiya biznesi Azərbaycan iqtisadiyyatının bir çox sahələrində geniş təmsil olunur. Onlar Azərbaycanın müxtəlif sənaye obyektlərində dərman vasitələrinin birgə istehsalı, yük avtomobillərinin yığılması, yük avtomobilləri və kənd təsərrüfatı texnikası üçün xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərirlər.

Azərbaycan şirkətləri də Rusiya iqtisadiyyatına fəal şəkildə sərmayə qoyur. Rusiyanın regionlarında sanatoriya-turizm mərkəzlərinin, mehmanxana komplekslərinin, meyvə-tərəvəz konservləri və çay istehsalı fabriklərinin tikintisi üzrə çoxsaylı layihələr həyata keçirilib və keçirilməkdədir.

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq da getdikcə dərinləşir. Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının əsas tədarükçüsü olan on ölkədən biridir. 2023-cü ildə Rusiyaya meyvə və tərəvəz ixracı təxminən 9 faiz artıb.

Hər iki tərəf nəqliyyat-tranzit sektorunda əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Ötən il ikitərəfli yükdaşımalarının ümumi həcmi 10 faizdən çox artıb. Bu il də müsbət tendensiya müşahidə olunur - ilin birinci yarısında artım 3 faiz təşkil edib.

Rusiya şirkətləri Azərbaycanda “Lada” və “Qazel”, “KamAZ” və “Ural” avtomobilləri üçün servis dəstəyi göstərilir. Bununla yanaşı, perspektivli sahələr arasında gəmiqayırma, metallurgiya, turizm və digərlərini qeyd etmək lazımdır. Azərbaycan sahibkarları Rusiyada aqrobiznes, meşə təsərrüfatı və turizmə, o cümlədən Xəzər dənizinə fəal şəkildə sərmayə qoyurlar. Rusiyalı ekspertlər gələcəkdə yüksək texnologiyalı istehsala və Rusiyanın İT sektoruna Azərbaycandan sərmayə qoyulacağını da gözləyirlər.

Qeyd edək ki, Azərbaycan-Rusiya iqtisadi əlaqələrində iki mühüm istiqamət xüsusi seçilir. Bunlardan biri energetika sektorunda əməkdaşlıqdır. Rusiya şirkətləri müstəqilliyin bərpasından sonra ölkənin ilk karbohidrogen layihələrində iştirak ediblər və bu gün neft və qaz hasilatı sahəsində böyük təşəbbüslərin səhmdarlarıdır.

Ölkələrin fəal əməkdaşlıq sahələrindən biri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsidir. Asiyadan Rusiyaya yükdaşımaların təmin olunmasında mühüm əhəmiyyətə malik bu dəhlizin inkişafında hər iki ölkə maraqlıdır. Rusiya Qərbin nəzarətindənkənar ticarət yolu kimi, Azərbaycan isə böyük həcmli tranzit gəlirlərinin mənbəyi kimi.  “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqladığı rəsmi məlumata əsasən, bu ilin yanvar-iyul aylarında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının həcmi 434 min 651 ton olubBu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur. Yaxınmüddətli dövrdə Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcminin 10 milyon tona qədər artırılması hədəflənir ki, bu da Azərbaycanla Rusiya arasında münasibətlərin daha da genişlənməsi imkanı yaradır.

Azərbaycanla Rusiya arasında əlaqələr yalnız mərkəzi icra orqanları səviyyəsində deyil, regional strukturlar səviyyəsində də inkişaf etdirilir. Bu ilin əvvəlində Stavropolda Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Bu ilin əvvəlindən regional nümayəndə heyətləri arasında 10-dan çox tədbir keçirilib. Bura Kirov rayonundan olan doqquz iri istehsalat şirkətinin nümayəndələri Bakıya işgüzar səfəri, Krasnoyarsk diyarının, Çuvaşiya, Novosibirsk, Ulyanovsk və Kaluqa vilayətlərinin, Altay diyarının və Rusiyanın digər vilayətlərinin nümayəndələrinin Bakıda olması da daxildir.

ELDEN.jpeg

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanla Rusiya arasındakı münasibətlər bir istiqamətli deyil: “Mən deyərdim ki, münasibətlərin şaxələnmə səviyyəsinə görə bəlkə də Rusiya birinci yerdədir. Yəni münasibətlərin bütün istiqamətləri üzrə əməkdaşlıq münasibətləri inkişaf edib. Qarşılıqlı ticarətin həcmi 4 milyard dollardan yuxarıdır. Rusiya yeganə ölkədir ki, Azərbaycanın müstəqillik dönəmində əsas ticarət tərəfdaşlarının ilk üçlüyünü demək olar ki, heç vaxt tərk etməyib”.

İqtisadçının fikrincə, Azərbaycan-Rusiya birgə layihələri arasında ilk yerdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi dayanır: “Bu dəhliz boyu yaradılmalı olan infrastruktur, hökumətlərarası komissiyaların fəaliyyəti, eyni zamanda enerji sektorundakı əməkdaşlıq ölkələr arasında prioritetlərdəndir. İki ölkə arasında imzalanmış müttəfiqlik bəyannaməsində iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi önəm verilib. Burada nəqliyyat sisteminin, xüsusilə də nəqliyyat-tranzit əlaqələrinin inkişafı mühüm məsələlərdən biridir. Bu, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı baxımından yüksək əhəmiyyət kəsb edir. Eyni zamanda dəhliz boyu təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlıq tam təmin edilməlidir”.

E.Əmirov bildirir ki, çox böyük olan Rusiya bazarına çıxış imkanlarının genişliyi Azərbaycanda aqrar sektorun inkiafı üçün əlverişli zəmin yaradır: “İkitərəfli münasibətlərin dərinləşməsi fonunda Azərbaycandan Rusiyaya aqrar məhsulların ixracı ildən-ilə artır. Təsadüfi deyil ki, Azərbaycanın qeyri-neft ixracında Rusiya demək olar ki, həmişə birinci yerdə qərarlaşır. Digər tərəfdən, sərhəd qonşuluğu, nəqliyyat-logistika əlaqələrinin inkişafı Azərbaycanın Rusiyadan keyfiyyətli və daha ucuz ərzaq məhsulları idxalına imkan yaradır. Bundan əlavə, aqrar emal sənayesinin inkişafında Rusiya təcrübəsindən bəhrələnmək mümkündür”. 

Məlumdur ki, hazırda Rusiya Qərbin ağır sanksiyaları altındadır. ABŞ və Avropa İttifaqı sanksiyaların əhatə dairəsini getdikcə genişləndirirlər. Belə bir şəraitdə Rusiya ilə iqtisadi əməkdaşlıq Azərbaycan üçün təhdidlər formalaşdıra bilər. E.Əmirova görə, bu təhdidlərə rəğmən ölkələr iqtisadi əməkdaşlığı davam etdirməlidir: “Düşünürəm ki, Rusiya ilə Qərb arasındakı gərginliyin hası istiqamətdə inkişafından asılı olmayaraq, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr hər iki ölkə üçün vacib və zəruridir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

phrase_var_article.chosen
107
musavat.com

1phrase_var_article.sources