Dünyanın ən güclü məşqçilər siyahısında planetin 500 ən güclü mütəxəssisi yer alıb.
Sportinfo.az xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1658 xala malikdir. O, dünyada 140-cıdır.
Avropa Liqasının Liqa mərhələsindəki iki məğlubiyyətlə 17 xal itirən 52 yaşlı mütəxəssis 7 pillə geriləyib. O, Şenol Günəş və Domeniko Tedesko kimi çalışdırıcıları üstələyir.
"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 57-cidir. O, Xorxe Sampaoli, Fatih Terim, Artur Jorje, Massimiliano Alleqri, Erik ten Haq, Ange Postekoqlu kimi tanınmış mütəxəssisləri qabaqlayıb.
Millimizi çalışdıran Fernandu Santuş 1624 xalla siyahıda 183-cüdür. Portuqaliyalı Berdıyevlə Qurbanovdan geri qalsa da, Vensan Kompani və Deyan Stankoviç kimi simaları qabaqlayır.
"Neftçi"nin dünən istefaya göndərdiyi sabiq baş məşqçisi Roman Qriqorçuk dünyanın 414-cüsüdür. O, Azərbaycandan 1480 xalla gedir.
Siyahıya "Mançester Siti"nin 2239 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir. Antonio Konte 2089 xalla ikinci, Unai Emeri 2071 xalla üçüncüdür.