AZ

Xankəndidə bayrağımızın ucalması Prezidentin 20 illik fəaliyyətinin zəfər zirvəsidir ŞƏRH

Oktyabrın 15-i Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və heç vaxt unudulmayacaq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsidir. Bu unudulmaz tarix bir xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir. O, göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Həmin gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndidə dalğalanmaqla yanaşı, eyni zamanda şəhərin inzibati binasının üzərinə Dövlət Gerbimiz həkk edildi. Bu, həm də Qarabağ iqtisadi rayonuna vurulan Azərbaycanın dövlət möhürüdür. Eyni zamanda milli dövlətçilik tarixində SSRİ-nin parçalanmasından sonra ərazi bütövlüyümüzün bərpası deməkdir.

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldandan sonra etdiyi çıxışında bu məsələyə də toxunub: “Bütün bunlar o vaxt kolxozlarda, sovxozlarda işləyənlər üçün gəlir mənbəyi idi, insanlar burada yaxşı yaşayırdı. Heç bir ayrı-seçkilik, diskriminasiya olmamışdır. Bu sözlərimi təsdiq etmək üçün bir misal gətirə bilərəm, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin doqquz nəfərdən ibarət büro üzvü var idi. Onlardan səkkizi erməni, biri azərbaycanlı idi, o da Şuşa Şəhər Partiya Komitəsinin birinci katibi. Yaxşı, əgər ayrı-seçkilik var idisə, onda bax, gətirdiyim misal nəyi göstərir? Birinci katib erməni, icraiyyə komitəsinin sədri erməni, bütün digər vəzifəli şəxslər, burada heç bir ayrı-seçkilik yox idi”.

Dövlət başçısı cinayətkarların da cəzasız qalmayacağını vurğulayıb: “Özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə”. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!”

Prezidentin çıxışında azərbaycanlılarla ermənilərin dostluq şəraitində yaşaması da vurğulanıb: “Vaxt var idi burada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışdır. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar”.

Dövlət başçısı Qarabağdakı erməni sakinlərə həmişə çağırış edərək onları Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa çağırıb. Prezident sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra çıxışında bildirmişdi: “Erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın “rəhbərləri” Qarabağ ermənilərini girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir”.

Azərbaycan Prezidentinin Xankəndi müraciəti mərkəzi hakimiyyətin Qarabağın gələcəyinə, Ermənistanla normallaşma münasibətinə ismarışdır. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Biz cənab Prezident İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev Xankəndi şəhərində çıxışı zamanı müasir tariximizin olduqca önəmli məqamlarını xalqımıza xatırlatmaqla yanaşı, bir çox mühüm mesajlar verdi. Cənab Prezident çıxışında xatırlatdı ki, yüz il bundan əvvəl Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Cənab Prezident çıxışında deyib: “Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər.”

Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində 20 faiz torpağımız işğal altına düşmüş, sonra da həmin satqınlar guya öz vəzifələrini donduraraq kənara çəkilmişdilər.

Yenə də Heydər Əliyev dühası və onun xilaskarlıq missiyası sayəsində Azərbaycan xalqı xoşbəxt, şərəfli, ləyaqətli gələcəyə doğru ilk addımlarını atdı. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.

Bir sözlə, bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir. Bir vaxtlar Azərbaycan xalqına qarşı təhqir, təhdid, hədə üslubunda danışan, Bakıda çay içəcəyini deyən təlxəklər indi Bakıda təcridxana çay içirlər. Bir vaxtlar kinayə ilə Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə səfirlik açsın deyən təlxək “xarici işlər naziri” də başqa bir təcridxanada çay içir.

Qeyd edək ki, Prezident İlham Əliyevin çıxışı eyni zamanda onun təvazökarlığının, nəcibliyinin bir örnəyi idi. O,çıxışı zamanı dedi ki, “...İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq...” Cənab Prezidentin Liderliyi, Sərkərdəliyi və Azərbaycanın qəhrəman oğulları xalqımıza əbədi və əvəzolunmaz qürur ərmağan etdilər. Böyük qürur və şükranlıqla qeyd etməliyik ki, bu şanlı tarixin Sərkərdəsi, Ali Baş Komandanı, Lideri Prezident İlham Əliyevdir. Və biz xoşbəxt xalqıq ki, Prezident İlham Əliyevin Liderliyi altında bu şanlı tarixin şahidləriyik. Və Ermənistan və havadarları bundan belə Azərbaycana qarşı addım atarkən iki dəfə düşünməlidirlər. Heç vaxt unutmamalıdır ki, «Dəmir yumruq» yerindədir. Və nə qədər gec deyil, Ermənistan və onun havadarları regionun yeganə Qalib liderinin sözünə qulaq versin!. Prezident İlham Əliyev sonda xalqa müraciətində bir daha qürurla bildirdi ki, Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik: «Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

CƏLAL ƏLİYEV,

YAP Masallı rayon təşkilatının əməkdaşı

Seçilən
26
sesqazeti.az

1Mənbələr