AZ

Uşaqlara voleybolu necə sevdirək?

Dünən Azərbaycan Voleybol Federasiyasının (AVF) 2024–2025-ci illər mövsümünün başlanması ilə bağlı keçirdiyi tədbirdə bu idman növünün inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və gələcək planlardan söhbət açıldı.

Mərasimdə çıxış edən AVF-nin prezidenti Şahin Bağırov federasiyanın fəaliyyəti ilə bağlı geniş məlumat verdi, həmçinin ölkə çempionatının son mövsümünün yekunlarından danışdı. Bildirildi ki, regionlarda voleybola maraq xeyli artıb. Uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən layihələrin gələcəkdə də davam etdiriləcəyi vurğulandı. Qeyd edildi ki, əsas hədəf kütləvilik və populyarlıqdır. Uşaqlara voleybolu sevdirmək üçün onun gözəl tərəfləri göstərilməlidir. Kütləviliyin təmini istiqamətində görülən işlərdən biri də bu idman növünün regionlarda inkişaf etdirməkdir:

– Rayonlarda voleybolun inkişafı ilə bağlı işlər davam edir. Məqsəd yerlərdə gənc və perspektivli oyunçuların seçilərək milli komandalara cəlb olunmasıdır. Bunun üçün konkret planlarımız var. Bakıdan kənarda yarışlar keçirməyi planlaşdırırıq. Təbii ki, bu hədəflərin həyata keçirilməsi üçün infrastrukturun genişləndirilməsi də vacibdir. Gələcəkdə də bu sahə diqqətdə saxlanılacaq.

Klubların fəaliyyətinin təkmilləşdirildiyini deyən federasiya rəhbəri çimərlik voleybolunun inkişafını da prioritet məsələ kimi qarşıya qoyduqlarını bildirdi. Azərbaycanda voleybol üzrə I Liqanın yaradılacağını bildirən Ş.Bağırov vurğuladı ki, millinin səviyyəsinin yüksəldilməsi ilə bağlı işlər də davam edir:

– Əsas hədəf yerlərdə voleybolçuların yetişdirilməsidir. Klublara xaricdən oyunçuların gətirilməsinə icazə versək də, burada, limit müəyyən etmişik. Diqqəti, əsasən yerli idmançıların sayının artırılmasına yönəldirik. Aşağı yaş qruplarından ibarət komandalardan da voleybolçuların cəlb edilməsini planlaşdırırıq. Liqada klubların və idmançıların sayının artırılması istiqamətində də tədbirlər görüləcək. Bir neçə gün əvvəl azarkeşlər klubu yaradılıb. Bu hərəkatın genişlənməsi üçün də tədbirlər görülür. Onlar çempionatlarda iştirak edəcəklər.

AVF-nin vitse-prezidenti və qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev son vaxtlar klublarda fəaliyyətlərini gücləndirməyə önəm verdiklərini vurğuladı. Qeyd etdi ki, indi avrokuboklar üçün hədəf müəyyənləşdirmək vacibdir.

Görüşdə ötən mövsümün yekunlarına və keçirilən tədbirlərə həsr olunmuş videoçarxlar nümayiş etdirildi.

Sonra qadınlar və kişilər arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən ölkə kuboku və Yüksək Liqa yarışlarının 2024/2025 mövsümü üçün püşkü atıldı.

Leyla QURBANOVA,
Cavid QAÇAYEV (foto)
XQ

Seçilən
11
xalqqazeti.az

1Mənbələr