AZ

Ukraynanın iqlim diplomatiyası: Bakıda COP29-da prioritetlər - MƏQALƏ

10 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının paytaxtında bir ay sonra Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) öncəsi yekun beynəlxalq tədbir Pre-COP29 öz işinə başlayır.

Qlobal iqlim dəyişikliyi şəraitində ekoloji təhlükəsizlik və davamlı inkişaf məsələləri getdikcə aktuallaşır. COP29 birgə həllər yolunda mühüm mərhələdir. Ukrayna üçün bu sammit xüsusi əhəmiyyət kəsb edir, çünki biz prezident Volodımır Zelenskinin Sülh Formulasının mühüm komponentləri olan ekoloji və enerji təhlükəsizliyi prinsiplərini fəal şəkildə müdafiə etməyə davam edirik.

Ukraynanın COP29-da prioritetləri

1. Yeni iqlim maliyyə mexanizmləri (NCQG)

Ukrayna bütün ölkələrə iddialı iqlim tədbirləri həyata keçirməyə imkan verəcək Yeni Kollektiv Kəmiyyət Maliyyələşdirmə Məqsədinin (NCQG) yaradılmasını dəstəkləyir. Bunun şərti Paris Sazişinin məqsədlərinə nail olunmasını və ətraf mühitin bütövlüyünü təmin edəcək emissiyalar haqqında şəffaf və etibarlı hesabat olmalıdır.

2. Beynəlxalq karbon bazarları və Paris Sazişinin 6-cı maddəsi

Ukrayna beynəlxalq karbon bazarlarını tənzimləyən Paris sazişinin 6-cı maddəsinin tam yerinə yetirilməsinə can atır. Bakıda keçirilən COP29 karbon bazarları sahəsində innovativ həllərin qəbulu və özəl biznesi iqlim fəaliyyətinə cəlb etmək üçün mühüm fürsətdir.

3. Enerji təhlükəsizliyinin və davamlılığının gücləndirilməsi

Dekarbonizasiyaya keçid yalnız zəmanətli enerji təhlükəsizliyi şəraitində mümkündür. Ukrayna enerji təhlükəsizliyi üzrə dialoqa çağırır ki, bu da iqlim neytrallığına doğru effektiv irəliləyiş əldə etməyə imkan verəcək.

İqlim neytrallığı 2050: Ukraynanın məqsədi

Bu həftə Ukrayna Ali Radası daimi çağırışlara və müharibə təhdidlərinə baxmayaraq, yaşıl transformasiyaya hazır olduğunu nümayiş etdirərək 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq üçün qətnamə qəbul edib. Ölkənin bərpası üçün əlverişli şəraitin yaradılması qlobal iqlim neytrallığına töhfə verəcək.

Sülh formulası və ekoloji təhlükəsizlik

İqlim dəyişikliyi münaqişələri daha da şiddətləndirir ki, bu da xüsusilə müharibə şəraitində olan bölgələrdə hiss olunur. Buna görə də ekoloji və enerji təhlükəsizliyi Prezident Zelenskinin Sülh Formulasının mühüm elementləridir. Ukrayna müharibənin ekosid, infrastrukturun məhv edilməsi, su və torpağın çirklənməsi kimi ekoloji nəticələrinə diqqəti cəlb etməyə çalışır.

Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq

Ukrayna Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir. Bu qarşılıqlı fəaliyyət dövlətimizin infrastrukturunun bərpası və regionda sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Biz Azərbaycana bu çətin anlarda Ukraynaya daimi dəstəyinə, xüsusən humanitar yardıma, İrpen şəhərinin yenidən qurulmasında iştirakına, ekoloji və enerji təhlükəsizliyi proseslərinə töhfə verməyə hazır olduğuna görə xüsusi minnətdarıq. Bu tərəfdaşlıq regionumuzda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm amildir.

Bakıda keçiriləcək COP29 ekoloji və təhlükəsiz planetə gedən yolda mühüm mərhələ olacaq. Ukrayna üçün bu, ədalətli və davamlı sülh üçün balanslaşdırılmış həll yolları üzərində razılaşmaq imkanıdır.

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev

Seçilən
24
2
apa.az

3Mənbələr