AZ

Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinin gücləndirilməsinə dair müzakirələr aparılıb

Gənc

Bakı, 10 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev rəhbəri olduğu elmi müəssisədə İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması və gənclərin elmə cəlb edilməsinin prioritet istiqamətlərdən biri olduğunu söyləyib.

“İnformasiya Texnologiyaları İnstitutunda gəncləri elmə təşviq etmək, həvəsləndirmək üçün mühüm tədbirlər həyata keçirilir. Gənc tədqiqatçıların müxtəlif elmi problemlərin həllində rolunun artırılması üçün onlara hamilik edilir, dəstək göstərilir”, - deyə akademik qeyd edib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinin yenidən təşkili məsələsinə toxunan alim bütün gəncləri institutda yaradılmış şəraitdən istifadə edərək məqsədyönlü fəaliyyət göstərməyə, öz üzərlərində çalışmağa, yerli və beynəlxalq qrant layihələrində fəal iştirak etməyə çağırıb. Həmçinin gənclərə müasir elmi təfəkkürə və qabaqcıl biliklərə yiyələnərək prioritet istiqamətlərdə tədqiqatları genişləndirməyi tövsiyə edib.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Əlizadə çıxış edərək şuranın əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qeyd edib ki, gənc tədqiqatçıların fəaliyyətinin koordinasiya edilməsi, onların innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, institutun elmi ictimai həyatında fəal iştirakının təmin edilməsinə dəstək göstərilməsi və s. şuranın qarşısında duran əsas vəzifələrdir. D.Əlizadə gənclərin müxtəlif qrant layihələri, müsabiqələrdə və bütövlükdə ölkənin sosial-mədəni həyatında fəal iştirakının təşkilinə dair nəzərdə tutulan tədbirlər haqqında da məlumat verib.

Sonda Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinin gücləndirilməsi, mövcud problemlər və onların həlli yollarına dair müzakirələr aparılıb, şura üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Seçilən
33
azertag.az

1Mənbələr